Antonio Quterreş: 2023-cü il yaddaşlarda böyük iztirablar, zorakılıq və iqlim xaosu ilə qalacaq

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı günü 2024-cü ildən nələri gözlədiyini dilə gətirib və qlobal miqyasda etimadı bərpa etmək üçün birliyə çağırıb.
Polise.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Baş katib deyib: “2023-cü il yaddaşlarda böyük iztirablar, zorakılıq və iqlim xaosu ilə qalacaq. Bəşəriyyət ağrılar içindədir. Planetimiz təhlükədədir. 2023-cü il rekord səviyyədə ən isti il oldu”.
“İnsanlar artan yoxsulluq və aclıqdan əziyyət çəkir”, -deyən Quterreş müharibələrin sayının və zorakılıq hallarının artdığını və gələcəyə inamın azaldığını əlavə edib. O vurğulayıb: “Ancaq öz inadını yeritmək və silahlardan istifadə etmək bizi heç bir yerə aparmır. Biz birlikdə olduğumuz zaman bəşəriyyət daha güclüdür. 2024-cü il etimadın və ümidin bərpası ili olmalıdır. Biz iqlim fəaliyyətində ortaq həllər üçün fikir ayrılıqlarının öhdəsindən gəlməliyik. İqtisadi fürsətlərdən istifadə etmək və daha ədalətli olmaq, hamı üçün təminat verən qlobal maliyyə sistemini yaratmaq əsas vəzifələrdir”.
BMT-nin rəhbəri bildirib ki, dünya ictimaiyyəti ölkələr və icmalar arasında münasibətləri zəhərləyən ayrı-seçkilik və nifrətə qarşı çıxmalıdır, habelə süni intellekt kimi yeni texnologiyalar xeyirxahlıq üçün istifadə edilməlidir. “Birləşmiş Millətlər Təşkilatı sülh, davamlı inkişaf və insan haqları naminə dünyanı bir araya gətirməyə davam edəcək. Gəlin, 2024-cü ili birlikdə əldə edə biləcəyimiz inam və ümid ili edək. Sizə xoşbəxt və dinc bir Yeni il arzulayıram”, – deyə o əlavə edib.
Polise.az



