Türkiyədə Sarıqamış hərəkatının 109-cu ildönümü müxtəlif tədbirlərlə yad ediləcək
Türkiyə xalqı Sarıqamış şəhidlərinin anım mərasiminə müxtəlif formalarda hazırlaşır.
Polise.az xəbər verir ki, Türkiyə Gənclər və İdman Nazirliyinin ənənəvi olaraq təşkil etdiyi və hər il minlərlə gəncin iştirakı ilə keçirilən “Sarıqamış şəhidlərini anma proqramı” çərçivəsində mərasimlər yanvarın 5-də başlayacaq. Hərəkatın 109-cu ildönümündə Türkiyənin hər yerindən minlərlə gənc Sarıqamışa gedərək üç gün keçirilən müxtəlif tədbirlərlə şəhidləri yad edəcək.
Anım mərasimləri çərçivəsində Türkiyənin məşhur “Şərq ekspres” (Doğu ekspres) sərnişin qatarı Ankara-Qars marşrutu ilə hərəkət edərək ölkənin müxtəlif vilayətlərindən keçəcək. Mərasimlər çərçivəsində anım yürüşü və hava şəraiti uyğun olacağı təqdirdə “Solo Türk” qrupuna daxil olan təyyarələrin Sarıqamış üzərində nümunəvi uçuşları keçiriləcək.
Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində – 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri səbəbindən on minlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.
Polise.az