Macarıstan Ukraynaya yardımla bağlı vetonu ləğv edə bilər
Ukraynaya yardımla bağlı hər il səsvermə keçiriləcəyi təqdirdə Macarıstan Avropa İttifaqının sorğusunu təsdiqləyə bilər.
Polise.az xəbər verir ki, “Politico” qəzeti bu barədə diplomatlara və Avropa İttifaqı Şurasına sədrlik edən Belçikaya göndərilən sənədə istinadla məlumat yayıb.
Planda Kiyevə qrant və kreditlər şəklində illik 12,5 milyard avro vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, dörd il ərzində Ukraynaya ayrılacaq məbləğ 50 milyard avro təşkil edəcək.
Ekspertlərin sözlərinə görə, Kiyevə yardım haqqında qərara yenidən baxılması Budapeştə öz şərtlərini irəli sürməyə imkan verəcək. “Politico” nəşrinin məlumatına əsasən, Avropa İttifaqı liderləri fevralın 1-də keçiriləcək sammitdən öncə Ukraynaya yardımla bağlı vetosuna yenidən baxması üçün Macarıstana təzyiq göstərməyə çalışırlar.
Qeyd edək ki, Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu sammitində Baş nazir Viktor Orban 2024-2027-ci illər üçün ittifaq büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişlərə veto qoyub.
Polise.az