Bakıda taksi sürücüsünün avtomobilində 10 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri növbəti tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elçin Cəfərov saxlanılıb.

Onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan çox narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

Rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana aşkarlanıb.

E.Cəfərov və C.Abbasquliyev onlardan aşkarlanan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button