“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
Polise.az xəbər verir ki, “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən tədbirdə hər iki qurumun əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin demokratiyanın əsas meyarı olduğunu və hər bir vətəndaşın bu prosesə məsuliyyətlə yanaşmalı olduğunu, seçki proseslərində kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Məzahir Pənahov MSK tərəfindən müvafiq dövlət qurumları ilə birgə seçki qanunvericiliyinin və təcrübəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barəsində geniş məlumat verib.
Ombudsman Səbinə Əliyeva MSK ilə birgə paytaxt və regionları əhatə edərək həyata keçiriləcək maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə həyata keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının, üzərimizə düşən vəzifələrin daha aydın izah olunması məqsədini daşıdığını vurğulayıb.
Ombudsman, həmçinin qeyd edib ki, hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması dövlət hakimiyyəti orqanlarına demokratik və azad seçkilər yolu ilə öz münasibətini bildirməsidir və bu proses xalqımızın və demokratik hüquqi dövlət olan dövlətimizin həyatında da mühüm əhəmiyyət kəsb edir. S.Əliyeva, habelə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının məhz demokratik və ədalətli seçkilər vasitəsilə formalaşdırıldığını da diqqətə çatdırıb. Bildirilib ki, ombudsman təsisatı seçki hüquqları da daxil olmaqla, vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlər görür, ölkəmizdə seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənir, eləcə də Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edir.
Ombudsman seçki hüququnun daha səmərəli təmini məqsədilə hər bir kəsin, o cümlədən əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün şəraitin yaradılması, gözdən əlilliyi olan seçicilərin Brayl əlifbası ilə yazılmış trafaretlər-seçki bülletenləri vasitəsilə səs vermələrinə yaradılmış imkanların genişləndirilməsinin xüsusi önəm daşıdığını, eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə bütün videoçarxların alt yazılı hazırlanması təcrübəsinin davam etdirilməsini, maarifləndirmə məqsədilə mövzu ilə bağlı daha çox videoçarxların çəkilməsini seçki hüququnun təmini baxımından zəruri olduğunu diqqətə çatdırıb.
Sonra MSK-nın katibi Mikayıl Rəhimov “Növbədənkənar prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər” mövzusunda seçkiləri ərəfəsində MSK tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. A. Səfixanlı, həmçinin müşahidəçilik institutunun seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin konkret ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verdiyini vurğulayıb, Ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.
Polise.az