Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib
ABŞ-ın Dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanın özəl sektorun iştirakı ilə bərpa olunması məsələsini müzakirə ediblər.
Polise.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında deyilir.
“Onlar Ukraynaya azadlıq və suverenlik uğrunda mübarizədə gələcək qlobal yardımın göstərilməsinin vacibliyini, həmçinin Ukraynanın iqtisadi dayanıqlığını və bərpasını, o cümlədən özəl sektor investisiyaları vasitəsilə dəstəkləmək səylərini müzakirə ediblər”, – diplomat bildirib.
Miller əlavə edib ki, Blinken, Sallivan və Zelenski arasında məsləhətləşmələrin mövzuları arasında Ukraynanın iqtisadi dirçəlişini gücləndirməyə və onun Avro-Atlantik inteqrasiya yolunu davam etdirməyə yönəlmiş antikorrupsiya islahatlarının həyata keçirilməsi səyləri də olub.
Zelenski ilə görüşündən əvvəl Blinken vurğulayıb ki, ABŞ Konqresdə gələcək dəstək üçün maliyyənin razılaşdırılmasında yaranmış çətinliklərə baxmayaraq, Ukraynaya yardım göstərməyə davam edəcək.
Polise.az