Pediatr: Respirator virus infeksiyalarının profilaktikası üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək önəmlidir
Respirator virus infeksiyalarının profilaktikası üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək önəmlidir.
Polise.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva kəskin respirator virus infeksiyaları (KRVİ) barədə danışaraq deyib.
O bildirib ki, KRVİ əsasən uşaqlarda müşahidə olunur: “İlk 3 ayında olan uşaqlar anadan aldıqları passiv immunitetin nəticəsində nadir hallarda xəstələnirlər. Çünki adətən təcrid şəraitində olurlar və onlarda anadan keçən immunoqlobulinlərin hesabına passiv immunitet saxlanılır. Anadangəlmə immunitet zəif olduqda, bu uşaqlar da xəstələnə bilərlər”. Həkim bildirib ki, təkrar xəstələnmə halları uşağın inkişafına təsir edə bilər. Bu, uşaq orqanizminin immun sisteminin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
KRVİ xəstəliyinin əlamətləri hərarətin yüksəlməsi, əzginlik, halsızlıq, əzələ və oynaq ağrıları, başgicəllənmə, iştahasızlıq, yuxu pozuntusu, ürəkbulanma, qusma, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və burun qanaxması, huşun qısamüddətli itməsi, meningial əlamətlər, ənsə əzələlərinin gərginliyi və s.
Pediatr Günel Əliyeva bu xəstəliklərə yoluxmamaq üçün profilaktika məqsədilə xəstələnən şəxslərlə təması mümkün qədər məhdudlaşdırmağı tövsiyə edib. “Tərkibində vitamin və minerallarla zəngin qidalardan olduqca çox istifadə etmək önəmlidir. Otağın havası tez-tez dəyişdirilməlidir. Əllər antibakterial sabunla tez-tez yuyulmalıdır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün asqırma və öskürmə zamanı burun və ağız boşluğu birdəfəlik istifadə olunan dəsmalla qapanmalıdır. Çox insanlar olan yerdən mümkün qədər uzaq olmaq lazımdır. Çirkli əllərlə göz, burun və ağız boşluğuna toxunmaq olmaz”, – deyib.
Polise.az