“Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” – Ədəbiyyat İnstitutunda elmi sessiya

Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə  Polise.az -a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə, o cümlədən AMEA-da görkəmli ictimai-siyasi xadimlə bağlı silsilə tədbirlərin təşkil edildiyini bildirib. O, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və onun yaradıcıları ilə bağlı bir sıra sərəncamların imzalandığını diqqətə çatdırıb.

Məhəmməd Əmin Rəsulzadənin AXC-nin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik onun Azərbaycan dövlətinə, azərbaycançılıq idealına sədaqətlə xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Bildirib ki, son illərdə Məhəmməd Əmin Rəsulzadənin irsini daha dərindən öyrənmək, onun indiyədək bizə məlum olmayan fəaliyyətini araşdırmaq, əsərlərini üzə çıxarmaq istiqamətində böyük işlər görülüb.

AMEA prezidenti mərhum professor Şirməmməd Hüseynovun Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğindəki xidmətlərini xüsusi qeyd edib. “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının I cildinin Məhəmməd Əmin Rəsulzadəyə həsr olunduğunu xatırladan İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına təqdim edildiyini söyləyib.

İ.Həbibbəyli ölkə başçısı tərəfindən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı imzalanan Sərəncamın mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmış ədibin irsinin yenidən araşdırılmasına işıq salacağını deyib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Məhəmməd Əmin Rəsulzadənin əsərlərini Türkiyədə ilk dəfə çap edənlərdən biri olan, İzmirdə Ege Universitetinin kafedra müdiri Yavuz Akpınar “Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri” mövzusunda məruzəsini təqdim edib. O, Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin tarixində önəmli rol oynamış Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli tarixi şəxsiyyəti anmaq, onun əsərlərini nəşr etmək Azərbaycan-Türkiyə əlaqələrinin daha da dərinləşməsinə gətirib çıxaracaq.

Tədbirdə filologiya elmləri doktoru Abid Tahirli “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda məruzə edib. Məruzədə vurğulayıb ki, publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində parlaq iz qoymuş M.Ə.Rəsulzadənin zəngin və çoxşaxəli irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərləri yazılıb: “Hazırda da bu istiqamətdə mühüm araşdırmalar aparılır, müxtəlif layihələr həyata keçirilir. Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında publisistik məqalələri mühüm yer tutur. Bir sıra müəlliflər bu əsərlərin bəziləri haqqında ara-sıra qısaca bəhs etsələr də, həmin nümunələr müstəqil mövzu kimi ardıcıl və sistemli tədqiqata cəlb edilməmişdir. Müəllifin mühacirət illərində bu qəbildən qələmə aldığı yazıların məzmunu, daşıdığı qayə onların aktuallığını şərtləndirir və bir çox cəhətdən maraq doğurur”.

Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd “Məhəmməd Əmin Rəsulzadənin mühacirətəqədərki publisistikası” mövzusunda məruzəsində qeyd edib ki, çoxşaxəli və çoxsahəli yaradıcılığa malik olan M.Ə.Rəsulzadə qələmini ədəbi tənqid və ədəbiyyatşünaslıq sahələrində də sınayıb. Onun qələmində ədəbi tənqid və ədəbiyyatşünaslıq bədii yaradıcılığında olduğu kimi, Azərbaycanın istiqlaliyyəti probleminə yönəldilib. Bütün bunlarla yanaşı, ədibin digər əsərləri də var ki, onlar bu gün də ədəbiyyatşünaslarımız tərəfindən yüksək qiymətləndirilir. Məsələn, “Azərbaycan şairi Nizami”, “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərləri Azərbaycan ədəbiyyatının, ədəbi mühitinin ümumi mənzərəsini çox gözəl, obyektiv və ətraflı canlandırmaqla yanaşı, klassiklərin ədəbi mövqeyini müəyyənləşdirir. Müəllif bu əsərlərində Azərbaycan ədəbiyyatının klassiklərindən olan dahi N.Gəncəvi, M.F.Axundzadə, M.Cəlil, M.Ə.Sabir və başqalarının yaradıcılığı, onların Azərbaycan ədəbiyyatındakı rolu haqqında geniş məlumat verib. C.Məmmədquluzadə yaradıcılığına yüksək qiymət verən ədib onun “Ölülər” pyesini “Azərbaycan satirik ədəbiyyatının şah əsəri” adlandırırdı.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın “Nizami Gəncəvi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında” mövzusunda məruzəsi də dinlənilib.

Elmi sessiyada, həmçinin Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli çıxış edərək M.Ə.Rəsulzadənin həm siyasi, həm də elmi və publisistik irsinin daha dərindən təbliğinə ehtiyac olduğunu bildirib. O, ədibin siyasi məqalələrində olduğu kimi, filoloji araşdırmalarında da mühüm tarixi dərslərin yer aldığını söyləyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button