Ruben Vardanyanın həbs müddətinin uzadılmasına dair verilən şikayət təmin edilməyib
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Polise.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barəsində cinayət işinin istintaqı davam edir.
Bildirilib ki, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb. Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyan barəsində həbs müddətinin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.
Polise.az