Fransada fermerlər Parisin “blokadasını” davam etdirirlər
Fransada aqrar sektorun nümayəndələri kütləvi etiraz aksiyasını davam etdirir və ölkənin iri şəhərləri yaxınlığında nəqliyyatın hərəkətini bloklayırlar.
Polise.az Fransa mediasına istinadla xəbər verir ki, ardıcıl ikinci gündür etirazçılar Parisin giriş və çıxış yollarını traktorlarla kəsiblər. Paytaxt rayonunun bəzi magistralları artıq nəqliyyatın hərəkəti üçün bağlanıb. Gün ərzində onların sayının artacağı gözlənilir.
Fermerlər etiraz aksiyalarını həftə boyu davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Paytaxt bölgəsindən kənarda da etiraz aksiyası səngimək bilmir. Traktor sürücüləri Tuluza hava limanına gedən yolu bağlayıblar. Aksiyalar Bordo, Marsel və digər şəhərlərdə də keçirilir.
Fransız fermerlər vergilərin artırılmasına və kənd təsərrüfatı texnikası üçün yanacağın yüksək qiymətlərinə qarşı çıxır, həmçinin Fransa və Aİ-də ekoloji standartlarla bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.
Ötən həftə Fransanın Baş naziri Qabriel Attal kənd təsərrüfatı işçilərinin əmək şəraitinin asanlaşdırılmasına yönəlmiş on tədbirin tətbiq olunduğunu açıqlayıb. Lakin bu addımlardan narazı qalan fermerlər aksiyaları davam etdirməkdə qərarlıdırlar.
Polise.az