“İstək olarsa variantlar var”. Putinin səs-küylü müsahibəsində daha nələr var…

“NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini tanısa, müharibə bitə bilər”

Tanınmış amerikalı jurnalist, daha çox “trampçı” və Ukrayna əleyhdarıl kimi tanınan Taker Karlsonun Vladimir Putindən müsahibə götürməsi kifayət qədər böyük səs-küy və qalmaqal yaradıb. Amerikalı jurnalist Putinin və Trampın maraqlarına xidmət etməkdə günahlandırılıb.

“AzPolitika.info” xəbər verir ki, Karlsonun fevralıln 7-də aldığı müsahibə ötən gecə nümayiş etdirilib. Həmin müsahibədə Putin geniş mənada götürsək, demək olar ki, yeni heç nə deməyib və əsasən indiyə qədər söylədiyi tezisləri təkrarlayıb.

Əsas mövzu əlbəttə ki, Ukraynadakı müharibə olub və Putin müsahibənin 25 dəqiqəsini Ukraynanın Kremldən görünən “tarixini” izah etməyə həsr edib.

Daha sonra müharibəyə qayıdan Putin Rusiyanın hələ bu təcavüzdə qarşısına qoyduğu məqsədlərə nail olmadığını bildirib: “Biz hələ qarşıya qoyduğumuz məqsədlərə nail olmamışıq, çünki hədəflərdən biri denasifikasiyadır. Bu, İstanbulda danışıqlar zamanı müzakirə etdiyimiz problemlərdən biridir”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, müharibə başlayanda səsləndirilən hədəflərin və bəhanələrin sayı daha çox idi. Belə görünür ki, Ukraynada bataqlığa batdığını görən Kreml əsas hədflərinin sayını xeyli azaldıb…

Karlsonun Rusiya Prezidentinin “denasifikasiya” dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda, Putin mücərrəd bir cavab verib və deyib ki, “biz həyatda geridə qalmış nasizm nəzəriyyəsini və praktikasını qoruyub saxlamağa çalışan insanlardan qurtulmalıyıq”.

Jurnalist Putinin onun idarə etmədiyi mədəniyyət və ideologiyadan necə qurtulacağını soruşub. Rusiya başçısı Ukraynada guya “nasizmin kökünün kəsilməsi” ilə bağlı razılaşmaların artıq müharibənin əvvəlində İstanbulda əldə edildiyini söyləyib: “Belə çıxır ki, bunu danışıqlar prosesi zamanı etmək olar.Müasir sivil dövlət kimi Ukrayna üçün burada alçaldıcı heç nə yoxdur”.

Bununla yanaşı, Putin Kreml təbliğatçılarının dediklərini təkrarlayaraq, müharibənin cəmi bitr neçə həftəyə bitə biləcəyini deyib. Lakin bunun üçün Qərb Ukraynaya hərbi yardımı dayandırmalıdr. Yəni, bir növ hamı kənara çəkilməli və Rusiya Ukraynanı müstəqil dövlət kimi sona qədər məhv etməlidir: “Əgər siz həqiqətən də döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız – bir neçə həftə ərzində hər şey bitəcək, bu qədər”.

Taker Karlson Putindən nədən müharibəni dayandırmaq üçün Baydenə zəng etmədiyini soruşub: “Mən ona niyə zəng etməliyəm? Nə barədə danışmalı və ya xahiş etməliyik? Nədən danışaq ki?”

Putin Karlsona bir vaxtlar Zelenski ilə baş tutan söhbətindən danışıb. Lakin bunun konkret olaraq nə vaxt baş verdiyini söyləməyib: “Dedim: “Volodya, nə edirsən? Atan faşizmə qarşı vuruşduğu halda, bu gün Ukraynada niyə neonasistləri dəstəkləyirsən?” (Qeyd edək ki, Zelenskinin atası İkinci Dünya müharibəsindən sonra – 1947-ci ildə dünyaya gəlib. Bu halda o, faşizmə qarşı necə vuruşub, Putin bunu aydınlaşdırmayıb.-red).

Rusiya Prezidenti Zelenskinin ona nə cavab verdiyini açıqlamayıb: “Bu, ayrı mövzudur və məncə, bunu açıqlamaq düzgün deyil”.

Karlson Zelenskinin indi öz ölkəsinə hansısa şəkildə kömək etmək üçün Rusiya hakimiyyəti ilə danışa bilib-bilməyəcəyini soruşduqda, Putin belə cavab verib: “Niyə də olmasın? O, bacarar”.

Lakin Rusiya Prezidentinin sözlərinə görə, Ukrayna Vaşinqtonun göstərişi ilə Rusiya ilə danışıqlardan imtina etmək qərarına gəlib və indi ABŞ bu səhvi düzəltməlidir.

Putin çıxış yolu da təklif edib: “NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini adekvat şəkildə tanıya bilər. İstək olarsa, variantlar var… Qərb Rusiyanın strateji məğlubiyyətinin mümkünsüzlüyünü dərk etməyə başlayıb, qoy bundan sonra nə edəcəklərini düşünsünlər, biz dialoqa hazırıq”.

Putinin ümumilikdə kifayət qədər böyük olan müsahibəsini bir neçə tezislə ifadə etmək olar:

-“Rusiya 2022-ci ildə (Ukraynaya qarşı) müharibəyə başlamayıb, Rusiyanın məqsədi Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir”.

-“Rusiya danışıqlardan imtina etməyib”.

-“Minsk razılaşmaları ilə bağlı situasiyada Rusiyanı aldadıblar”.

-“Rusiya könüllü və fəal şəkildə Sovet İttifaqının dağılmasına razılaşmışdı və bunun Qərb tərəfindən “əməkdaşlığa və müttəfiqliyə dəvət kimi qəbul ediləcəyinə ümid etmişdi”.

-“Ukraynanın qərbində yaşayan macarlar öz torpaqlarını tarixi vətənlərinə qaytarmaq istəyirlər”.

-“Kiyevdəki inqilab – “dövlət çevrilişi” olub”.

-“Qlobal müharibə sağlam düşüncəylə ziddiyyət təşkil edir və bu, bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”.

-“Rusiyanın nə Polşaya, nə Latviyaya, nə də başqa bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Yalnız onlar tərəfindən hücum olarsa, Moskva qoşun göndərmək barədə düşünə bilər”.

-“Rusiyanın hipersəs zərbə sistemləri hər gün təkmilləşdirilir, lakin bu, yalnız məcburi cavabdır”.

-“Rusiya və Ukrayna gec-tez razılığa gələcək”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button