Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib

Azərbaycan keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra 173 nəfərin meyitini taparaq Ermənistana təhvil verib.

Bu barədə  Polise.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır.

Bildirilib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib.

Məlumata əsasən, Birinci Qarabağ müharibəsində 3 890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və bu ilin yanvar ayının 1-nə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülən həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.

“Eyni zamanda Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.
Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”, – məlumatda bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button