İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. İsrailin Netanya şəhərində keçirilən tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusun İsrail Dövlətində akkreditə edilmiş səfirləri və diplomatları, habelə İsraildəki Azərbaycan diaspor nümayəndələri və İsrailin ictimai-siyasi nümayəndələri olmaqla, 100 nəfər şəxs iştirak edib.
Ölkəmizin İsraildəki səfirliyindən Polise.az -a bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin fotolarından ibarət sərgi ilə başlayıb. Sonra səfir Muxtar Məmmədov çıxış edərək, tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətləri, onun SSRİ dövründən başlayaraq müstəqillik illərinə kimi siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrin möhkəmlənməsi üçün həyata keçirdiyi uzaqgörən siyasəti, Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçün atdığı addımlar barədə məlumatlandırıb.
Daha sonra “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov, İsraildəki Azərbaycan diasporunun nümayəndələri Roman Qureviç və Mark Qorin, Netanya şəhər şurasının deputatı Boris Tsirulnik çıxış ediblər.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib, tədbirin yekununda Qüds Lirik Operasının solisti Kameliya Yoffe tərəfindən Tofiq Quliyev və Fikrət Əmirovun əsərləri ifa olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir Netanya şəhər bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.
Polise.az