Tənzilə Narbayeva: Qarabağın işğaldan azad edilməsi Özbəkistanda da sevinclə qarşılanıb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polise.az -a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsinin Özbəkistanda da sevinclə qarşılandığını bildirən Tənzilə Narbayeva Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərdə hazırda quruculuq və yenidənqurma işlərini böyük uğurla həyata keçirdiyini söyləyib. O, Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərinə getdiyini xatırladaraq, həmin ərazilərdə görülən işlər və Şuşanın gözəlliyi haqqında müsbət təəssüratlarını bölüşüb.
Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqına möhtəşəm uğurlar qazandıran lider olmaqla yanaşı, həmçinin dünya miqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biri olduğunu vurğulayıb.
Milli Məclisin sədri görüşdə Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib. O deyib ki, deputatlar da bu istiqamətdə görülən işlərə özünəməxsus töhfələr verməlidirlər.
Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib. S.Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edilib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyirlər. O cümlədən ikili standartlara, beynəlxalq platformalarda ölkələrimiz haqqında qərəzli münasibətə qarşı bundan sonra da birgə mübarizənin vacibliyi vurğulanıb.
Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Polise.az