Kazan görüşünün PƏRDƏARXASI SİRLƏRİ

Prezident İlham Əliyev Ermənistanın baş naziri ilə ikitərəfli sülh gündəliyini, sərhədlərin delimitasiyası və demarkasiyasını müzakirə etdi; XİN rəhbərlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin tez zamanda yekunlaşdırılması barədə təlimat verildi

Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Qeyd edək ki, Ermənistanın baş naziri BRİCS Sammitinin “Outreach”/”BRİCS+” formatının ilk plenar iclası zamanı çıxışında bildirib  ki, “Bakı ilə sülh müqaviləsi layihəsi azı 80-90% razılaşdırılıb”. Paşinyan Ermənistanın Azərbaycana Naxçıvanla əlaqəni sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə təmin etmək təklifini verdiyini söyləyib. Paşinyan qeyd edib ki, İrəvan öz ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin keçməsində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır.

N.Paşinyanın görüşlə bağlı paylaşımı və Kazandakı açıqlamaları Ermənistanda geniş rezonans doğurub. Amma Azərbaycanda Ermənistanın baş nazirinin sülhməramlı bəyanatları ciddi əks-səda doğurmayıb, çünki erməni rəhbərliyi sözü ilə imzası, əməli tərs mütənasib olan tərəf olaraq tanınır. Üstəlik, Ermənistanın müstəqil iradə sahibi olmadığı faktdır. Vaxtaşırı rəsmi İrəvan gərginliyi səngitmək, silah-sursatla təminatını davam etdirmək üçün Azərbaycan rəhbərliyi ilə təmasa can atır, daha sonra isə himayədarlarından dəstək alaraq revanşist davranışlara meydan verir, şərti sərhədlərdə təxribatların miqyası genişlənir.

Məlum olduğu kimi, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib. “İclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır”, – Qriqoryan yerli mətbuatın sualına cavabında deyib.

Xatırladaq ki, üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupun yaradılması ilə bağlı qərar qəbul ediblər. Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır. Hazırda prosesə əngəl yaradan yeganə tərəf Ermənistandır. Məhz Ermənistan üzündən Zəngəzur dəhlizinin açılması ləngiyir. Digər tərəfdən, Qərb Rusiyanın bu prosesdəki iştirakına qarşı çıxır və situasiya İrəvan üçün əlavə bir maneə yaradır. MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də Moskvada keçirilən iclasına qatılan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin də iştirak edəcəyi danışıqlardan faktiki qaçdı. İrəvandan fərqli olaraq, rəsmi Bakı danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, amma rəsmi İrəvan bundan imtina etdi.

Oktyabrın 9-da isə İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmalı idi. Amma S.Qafarova görüşdən imtina etdi. Ermənistan tərəfi bunu “görüşdən son anda imtina” kimi dəyərləndirsə də, Azərbaycanın parlament sədrinin erməni həmkarı ilə görüşdən imtinasına səbəb erməni rəsmilərinin və şəxsən Simonyanın həqiqətə uyğun olmayan açıqlamalarına adekvat reaksiya idi.

3+3 formatında İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü isə formal təmaslar kimi qiymətləndirmək olar.

 Bəs Ermənistanın danışıqlarda “taym-aut” götürmək cəhdlərinin  səbəbi nədir?

Sahib Məmmədov sədr, onlar müavin seçildi - Daha bir komitədə İctimai Şura yaradıldı + FOTO

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırarkən liderlərin görüş faktını müsbət dəyərləndirdi: “BRİCS platforması ən azı əhəmiyyətli rol onda oynadı ki, çoxdandır belə bir görüş olmurdu. Ən azı dialoq baxımından bu görüş əhəmiyyətlidir, ümid edək ki, proseslərə müsbət təsir edəcək”. S.Məmmədov Paşinyanın çıxışında sülh müqaviləsinin 80-90 faizi razılaşdırılması barədə dediklərinə reaksiyasında xatırlatma etdi: “Prezidentin köməkçisi Əmirbəyov  nə dedi? Dedi ki, biz müqaviləni Paşinyanla yox, Ermənistanla bağlamaq istəyirik. Sabah Paşinyan hakimiyyətdə olmayanda, başqası ölkənin rəhbərliyinə gələndə Konstitusiya Məhkəməsinə sorğu göndərəcək. O zaman cavab veriləcək ki, bu müqavilə konstitusiyaya ziddir. Ona görə də müqavilənin 99 faizi də razılaşdırıla bilər, 1 prinsipial məsələ qalırsa, artıq bu, sülh müqaviləsi deyil. Ermənistan Konstitusiyasında ərazi iddiası var. Paşinyan İrəvana qayıdan kimi referendum elan edəsi deyil təbii ki”.

S.Məmmədov dedi ki, o da faktdır ki, Ermənistan 9-cu bəndin tələblərini icra etməkdən hər vəchlə yayınmaqda davam edir: “Kommunikasiyaların açılması ilə bağlı müzakirələr davam etdiyi dövrdə görülməli olan işlərin heç biri həyata keçirilməyib. Tutaq ki, hələ nəqliyyat dəhlizindən istifadə ilə bağlı bəyanatda göstərilən şərtlərin müzakirəsi gedir, amma bu məsələ əvvəl-axır həllini tapacaqsa və bununla bağlı Ermənistan dövlətinin iradəsi mövcuddursa, o zaman nəqliyyat yollarının bərpası istiqamətində işlər niyə getmir?” S.Məmmədov qeyd etdi ki, Azərbaycan öz tərəfindən həm dəmiryol, həm avtomobil yolunun tikintisini davam etdirir: “Vaxtilə Ermənistan ərazisindən keçən hissədə mövcud olmuş dəmir yolu xətti də Azərbaycan dəmir yollarına məxsus idi. İndi ya Ermənistan özü bu yolları çəkib onun sahibi olmalıdır, ya həmin yolların çəkilişini 3-cü tərəfə həvalə etməlidir. Bu istiqamətdə Ermənistan heç bir iş görməyib. Bu da onun kommunikasiyaları tezliklə açmaq niyyətinin olmamasından xəbər verir”.

Hüquqşünas bildirdi ki, istənilən halda Kazanda keçirilən yüksək səviyyəli görüş müsbət haldır: “Görüşlərin davam etdirilməsi baxımından da əhəmiyyətlidir. Ola bilsin, sülh müqaviləsi olmasa belə, hansısa çərçivə sənədinin imzalanması ilə nəticələnə bilər”.

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının qarşısını alacaq | Kaspi.az

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov da Kazanda liderlər səviyyəsində görüşün keçirilməsini müsbət qiymətləndirdi:  “Müşahidələr göstərir ki, Azərbaycan və Ermənistan arasında bütün formatlarda danışıqlarda aktivlik müşahidə olunmur. İrəvanın sülh danışıqlar üzrə sülh müqaviləsinin mətnində əlavə və korrektələrin 70 gün sonra Bakıya təqdim olunması göstərir ki, Ermənistan sülhdə maraqlı deyil və danışıqlar prosesini yubatmaqla məşğuldur. Bununla yanaşı, silahlanma, götürdüyü öhdəliklərdən boyun qaçırma və revanşizmin gücləndirilməsi özünü daha aydın şəkildə göstərir. Digər tərəfdən, elə bir təəssürat formalaşdırılır ki, guya sülhə qarşı çıxan tərəf Azərbaycandır və bu neqativ  yaymaqla məşğuldurlar”. Bununla belə, İ.Hüseynov hesab edir ki, BRİCS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi və söhbətlərin aparılması sülh prosesinə müsbət təsir edəcək: “Nikol Paşinyanın Bakı ilə sülh müqaviləsində ərazi iddialarının olmaması, gücdən istifadə etməmək və diplomatik münasibətlərin qurulması ilə bağlı mətnlərlərin razılaşdırılması haqqında fikirləri də sülh haqqında optimist rəy formalaşdırmağa imkan verir. Ümumilikdə, Kazanda  Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılması tədbirə müsbət dəyər qatır və sülh prosesini daha da inkişaf etdirir. Əsas məsələ BRİCS-dən  sonra Paşinyanın sülh yolunda atacağı əməli, praktiki addımlar olmalıdır”. E.PAŞASOY,Musavat

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button