“Ağ ölüm” yayanlar ömürlük həbs ala bilər
Ekspertlər hesab edir ki, Azərbaycanda narkotacirlər ömürlük həbsə məhkum olunmalıdırlar; deputat: “Xüsusilə uşaqlara, məktəblilərə və yeniyetmələrə narkotik satanlarla bağlı cəzalar sərtləşməlidir
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı və satışına görə cəzaları ömürlük həbs müddətinə qədər sərtləşdirən qanunu imzalayıb. Bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
“Narkotik vasitələrin istehsalına, habelə vəzifəli şəxslər tərəfindən narkotik vasitələrin hazırlanmasına, emalına və istehsalına görə cinayət məsuliyyəti qanunla sərtləşdirilib. İndi bu cinayətlərə görə təqsirkar şəxslərə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər”, – məlumatda bildirilib.
Qeyd edilib ki, qanunda cinayətkar qrupun tərkibində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə qarşı əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan sərt sanksiyalar saxlanılıb. Qanunda həmçinin narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyəti də sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onları əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi bu müddət əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək təşkil edir.
Azərbaycanın Cinayət Məcəlləsində “ağ ölüm”ü yayanlara hansı cəzalar nəzərdə tutulur? Bizdə də bu sahədə qanunverici qaydada daha sərt tədbirlərə gedilə bilərmi? Faydası olacaqmı?
Deputat Musa Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, narkotik vasitələrlə mübarizə dünyada ən çətin mübarizə tədbirlərindən biridir: “Bütün ölkələrin bu sahədə ciddi tədbirlər görməsinə baxmayaraq, hələ də narkoticarət dünya çapında genişlənməkdə, ”ağ ölüm” xüsusilə gəncləri öz ağuşuna almaqdadır. Azərbaycanda da bu sahədə kifayət qədər mübarizə tədbirləri həyata keçirilir, lakin ən yüksək nəticələrdən danışmaq hələ tezdir. Müəyyən nəticələr var və hökumət, müvafiq qurumlar bu nəticələr barədə ictimaiyyətə məlumat verir. Tutulan, məhv edilən narkotik vasitələr və cinayətə cəlb edilən narkotacirlər barədə məlumatlar alırıq. Amma hesab edirəm ki, narkoticarətin aşkar edilən halları ümumilikdə 10%-dən çox deyil. Ümumiyyətlə, dünyada belə bir qayda var ki, rəsmi uçotda olan narkomanların sayını vurmaqla həmin ölkədə narkotik istifadəçilərinin ümumi sayını müəyyənləşdirmək mümkündür. Yəni görəcəyimiz işlər çoxdur. Xüsusilə son illərdə İranın bu sahədə aktivləşməsi və Əfqanıstanın bu sahədə istehsal olunan narkotik vasitələrin Avropaya gedən yollarının birinin də İran və Azərbaycan üzərindən təşkil olunması sirr deyil. Bu da ölkəmizdə narkoticarətin və narkotik vasitələrin yayılmasının ən mühüm amillərindən biridir. Baxmayaraq ki, son illərdə mübarizə tədbirləri genişlənib, amma narkoticarətin üsulları dəyişib və narkotik vasitələrin tərkibi, növləri də yenilənib. Əvvəllər daha çox bitki tərkibli narkotik vasitələrdən istifadə olunur və bunların tranziti ölkəmiz üzərindən həyata keçirilirdisə, indi daha çox kimyəvi tərkibli və az kütləyə malik, amma psixotrop təsiri yüksək olan narkotik dərmanlar tranzit edilir. Bu dərmanlar bir çox hallarda gənclərə, xüsusilə məktəblilərə və tələbələrə təqdim edilir ki, bu da ən təhlükəli hallardan biridir”.
Şəmsəddin Əliyev
Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev də mövzu ilə bağlı mövqeyini açıqladı: “Narkomanlıq, narkomaniya ümumi qəbul olunmuş normalardan imtina etməkdir: ”Yəni vətəndaşın və cəmiyyətin hər hansı bir üzvünün cəmiyyətdəki deviant davranışıdır. Doğrudan da, bu davranış ümumi normalarla tamamilə ziddiyyət təşkil edir. Təbii ki, burada asılılıq mövcuddur. Narkomanların çox hallarda adət-ənənələrə, ictimai mənəvi dəyərlərə zidd davranışları müşahidə olunur.
Məlumat üçün qeyd edim ki, 2024-cü ilin son məlumatları hələlik yoxdur, amma 2004-cü ilin altı ayı ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 300 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında aşkar edilərək məhv edilib. Təxminən 3 tona yaxın qeyri-qanuni dövriyyədən narkotik vasitələr çıxarılıb. Yəni bu, Azərbaycan üçün o qədər də kiçik rəqəm deyil. Amma ötən illərlə müqayisədə müəyyən qədər azalma müşahidə edilir. Həm narkotik vasitələrin qanunsuz dövriyyəsinin geniş yayılması, həm də bu istiqamətdə aparılan mübarizə ilə əlaqədar müəyyən nəticələr əldə olunub.
Ümumilikdə, bu problem təkcə Azərbaycan üçün deyil, dünya miqyasında da kifayət qədər ciddi narahatlıq doğurur. Mövcud məlumatlara görə, 2011-ci ildən bu günə qədər narkotik istifadəçilərinin sayı təxminən 30% artıb. Dünyada təxminən 300 milyona yaxın insan narkotik vasitələrdən istifadə edən şəxslər kimi qeydə alınıb. Bu da təbii olaraq çox ciddi narahatlıq doğurmalıdır. Narkotik vasitələrin, onlara asılılıq yaradan və onlardan istifadə edənlərin təxminən 70%-i 35 yaşdan aşağı olan insanlardır. Azərbaycanda, Avropa ölkələri və dünya ilə müqayisədə narahatlıq doğurmasa da, bizim üçün ciddi bir problem var. Burada azyaşlılar iştirak edir. 35,097 nəfər narkomanın sırasında qadınların sayı təxminən 600 nəfərə yaxındır. Mənim qənaətim belədir ki, cəzaları sərtləşdirməyin vaxtı çatıb. Cinayət Məcəlləsinin 234-cü maddəsindən başlayaraq, bu istiqamətdə bir fəsil maddələr mövcuddur. Ən ağır cəza olaraq 15 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Amma mən düşünürəm ki, bu yetərli deyil. Qazaxıstanın bu məsələyə sərt yanaşmasının tərəfdarıyam. Xüsusilə də, narkotik şəbəkələrinin təşkilatçılarına qarşı daha sərt, hətta ömürlük cəzanın tətbiq olunmasına razıyam. Fikrimcə, bu sahədə sərt cəzalar tətbiq olunarsa, müəyyən nəticələr əldə etmək mümkündür. Son vaxtlar qonşu ölkələrdən narkokuryerlərin sayının artması müşahidə olunur. Eyni zamanda, cəmiyyətdə “patı”, “şüşə” kimi narkotik preparatların dövriyyəsi ilə bağlı narahatlıq artır. Təəssüf ki, belə vasitələrdən istifadə edənlərin sayı da artmaqdadır. Buna görə, fikrimcə, biz də Cinayət Məcəlləsində ömürlük həbsi nəzərdə tutan cəzaları tətbiq etməliyik.
Musa Quliyev
Deputat əlavə edib ki, bir çox ölkələrdə, o cümlədən Rusiyada və Qazaxıstanda, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha sərt cəza tədbirləri tətbiq edilib və bu cəzalar artırılmaqdadır: “Azərbaycanda da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə müəyyən cəza tədbirləri mövcuddur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə satış məqsədilə daşınması, saxlanılması və satılması hallarında 3 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu cür suallar tez-tez səslənir ki, cəzaları artırmaqla uğurlu nəticələr əldə etmək mümkündür. Bəli, mən də hesab edirəm ki, xüsusilə uşaqlara, məktəblilərə və yeniyetmələrə narkotik satışı və onlara narkotik vasitələrin təşkil olunması hallarında cəzalar daha da sərtləşdirilməlidir. Lakin yalnız cəza ilə bu problemin kökünə çatmaq mümkün deyil. Kompleks tədbirlər genişləndirilməlidir və bu tədbirlərin mərkəzində maarifləndirmə dayanmalıdır. Maarifləndirmə ailələrdən başlamalı, məktəblərdə və universitetlərdə davam etməlidir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi də mühüm rol oynayır. Şübhəsiz ki, tibbi sağlamlaşdırıcı tədbirlərin miqyasını genişləndirmək, xidmətlərinin keyfiyyətini yüksəltmək də vacibdir. Narkomanların müalicəsi və bu işin profilaktikası ilə məşğul olan kadrlar çatışmır, narkomanların müalicəsi ilə əlaqəli dövlət müəssisələrinin sayı azdır. Bu müalicə daimi və kompleks şəkildə aparılmalı, ictimaiyyətlə və dövlətin apardığı siyasət, hökumətin tədbirləri birgə həyata keçirilməlidir”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Zaman göstərdi ki, Cinayət Məcəlləsinə narkotiklərlə bağlı edilən dəyişikliklər – onların istehsalı, satışı və sairə müsbət təsir göstərmədi. Narkotikdən istifadə edən və onun satışı ilə məşğul olanların sayı hər gün artır. Daxili işlər orqanlarımızın ciddi mübarizəsinə baxmayaraq, hər gün mətbuatda yeni dəstələrin və narkotik satıcılarının həbs olunduğunu görürük. Lakin yenə də bu, artan xətlə davam edir. Mənə belə gəlir ki, qanunların sərtləşdirilməsi ilə bu problemi həll etmək çətin olacaq. Düzdür, Qazaxıstandakı vəziyyətlə bağlı qismən razıyam və hesab edirəm ki, qanunların sərtləşdirilməsi, xüsusilə vəzifəli şəxslərin, narkotik vasitələrin yayılmasında əli olan vəzifəli şəxslərin cəzasının 20 ilə qədər artırılması, ömürlük azadlıqdan məhrum edilməsi və əmlaklarının müsadirəsi müəyyən qədər təsir göstərə bilər. Amma bu cinayətin kökünü tamamilə kəsə bilməyəcək.
Unutmayaq ki, hələ Avropa Şurasının üzvüyük, onların da Azərbaycana qarşı münasibəti ədalətli deyil. Avropa Şurasının üzv olarkən, 2000-ci ildə cinayət qanunvericiliyində dəyişikliklər edərkən müəyyən öhdəliklər götürmüşdük, o cümlədən əmlak müsadirəsi məsələsini beynəlxalq hüquqa uyğunlaşdırdıq. Çünki cinayətin predmeti olmayan və onun gəlirlərindən əldə olunan əmlakdan başqa digər əmlakların müsadirəsi qanunsuz hesab olunur və mümkün deyil. Qazaxıstanda əmlakın müsadirəsi dedikdə başa düşmədim. Cinayət yolu ilə əldə olunan əmlakın müsadirəsindən söhbət gedir, yoxsa bütün əmlakın? Hesab edirəm ki, bizdə cəzalar kifayət qədər sərtdir. 10-15 il cəza alan şəxslər var ki, cəzaçəkmə müəssisəsindən çıxandan sonra yenidən bu cinayəti törədirlər. Çünki asan yolla daha çox gəlir əldə etmək imkanı olduğundan, bəzi insanlar bu yolu seçirlər. Azərbaycan qanunvericiliyi kifayət qədər ciddidir. Maarifləndirməyə daha çox üstünlük verməliyik. Televiziya kanallarında şouların yerinə, narkotiklərin qurbanı olan insanların həyat hekayələri, hüquq-mühafizə orqanlarının və hüquqşünasların maarifləndirici çıxışları və tədbirləri olmalıdır.
Əgər qanunda boşluqlar varsa, Azərbaycanın tanınmış hüquqşünaslarının, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Baş Prokurorluğun, universitetlərin müəllim heyətinin və vəkillərin iştirakı ilə bir komissiya yaradılmalıdır. Onların tövsiyəsi əsasında qanunvericilikdə müvafiq maddələrin dəyişdirilməsi və ya cəzaların artırılması ilə bağlı addımlar atılması yaxşı olardı.
Polise.az