Bu gün İlaxır – Torpaq çərşənbəsidir!

“Qafqazinfo”nun xəbərinə görə, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır.
Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.
İlaxır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
İlaxır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan – demək, o yaşda da gəlin gedəcəksən.
Axır çərşənbə gecəsi ürəkdə niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
Polise.az