Arazın o tayından Aruza etiraz edənlərin arzusu nədir? – Tənqidi naməyə cavab

Güney Azərbaycanın tanınmış yazar və tədqiqatçıları (183 imza) Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan komissiyasının sədri Sayman Aruzla bağlı bəyanat yayıblar. Bəyanatda S.Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyətin ədəbi birliyin inkişafına xidmət etmədiyi, əksinə, həmin qurumu şəxsi təsir dairəsinə yönəldən məhdudlaşdırıcı bir struktura çevirdiyi vurğulanır.
Bəyanatda həmçinin bildirilir ki, mövcud vəziyyətlə bağlı Güney Azərbaycan ədəbiyyatçıları genişmiqyaslı imza kampaniyasına start verib (Axar.az).
“Azərbaycan ədəbiyyatı heç vaxt yalnız coğrafi xəritələrin çəkdiyi xətlərə sığmayıb; onun dayağı xalqın tarixi yaddaşı, dilimizin bütövlüyü və ortaq mədəni irsin yaratdığı mənəvi vahidlikdir. Son dövrlərdə Sayman Aruzun fəaliyyəti ilə bağlı irəli sürülən narahatlıqlar – ədəbi mühitdə ayrı-seçkiliyin artması, Güney ədəbiyyatının şəxsi nüfuz dairəsinə yönləndirilməsi və yaradıcı mühitdə yaranan məsafələşmə ciddi problem kimi dəyərləndirilir. Biz, bu kampaniyanın iştirakçıları, aşağıdakı mövqeyi bəyan edirik:
– Sayman Aruz Güney Azərbaycan ədəbiyyatının təmsilçisi kimi qəbul edilə bilməz;
– Cənub-Şimal ədəbi birliyi mədəni bütövdür və bölünməz;
– Təmsilçilik iddiası şəxsi ambisiyalarla deyil, Güney ədəbiyyatının tarixi məsuliyyəti və estetik çəkisi ilə müəyyən olunmalıdır;
– Heç bir fərd ədəbiyyatı inzibati sərhədlər və şəxsi qapalı çərçivələr üzrə bölmək səlahiyyətinə malik deyil.
– Cənubun zəngin ədəbi irsi şəxsi maraqlara uyğun dəyişdirilə, təhrif edilə və ya monopoliyaya çevrilə bilməz”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan komissiyasının sədri Sayman Aruz “Yeni Müsavat”a danışaraq, məsələyə öz mövqeyini bildirib:
“Qeyd etmək istəyirəm ki, bu, Azərbaycanın ədəbiyyatına və ümumən milli-mədəni müstəqilliyinə qarşı yönəlmiş ilk belə kampaniya deyil. Bu cür təxribatlar uzun illərdir ki, eyni mərkəzdən idarə olunan, eyni ideoloji xəttə xidmət edən məqsədli fəaliyyətin tərkib hissəsidir. Hər kəsə də çox yaxşı məlumdur ki, bu proseslərin arxasında hansı qüvvələr, hansı niyyətlər, hansı ziyanlı düşüncə dayanır.
Söhbət gedən imza kampaniyasının heç bir hüquqi əsası yoxdur. Bu kampaniyanı təşkil edənlər guya 183 nəfərin imzasının toplandığını iddia edirlər, lakin bu rəqəmi təsdiqləyən heç bir fakt, heç bir sübut ortaya qoymayıblar. Kimdir bu insanlar? Ümumiyyətlə, bu adlar realdımı, yoxdurmu? Bəlkə, həmin şəxslərin bu kampaniyadan xəbəri belə yoxdur? Mən özüm Cənubi Azərbaycandanam, üç qurultayda Cənubi Azərbaycanla bağlı məruzələr etmişəm, bölgənin mühitini gənclərindən tutmuş ağsaqqallarına qədər çox yaxşı tanıyıram. Onlar da məni yaxşı tanıyırlar. Amma iddia edilən siyahıdakı adamların heç biri ədəbiyyatda tanınan, mövqe sahibi olan simalar deyil. Orada adları keçən 5-10 nəfər üçüncü dərəcəli ədəbiyyat adamları ilə əlaqə saxladım, soruşdum, özləri də etiraf etdilər ki, bu kampaniyadan xəbərləri yoxdur. Deməli, ortada saxtalaşdırılmış, şou xarakterli, ucuz və sifarişli bir kampaniya var.
Bu, təkcə mənim şəxsiyyətimə qarşı yönəlmiş bir kampaniya deyil, bu, Azərbaycan dövlətinə, Azərbaycan ədəbiyyatına və bütövlük ideyasına qarşı aparılan sistemli hücumun növbəti mərhələsidir. Vaxtaşırı İran mərkəzli, panfarsist düşüncəli, molla rejiminin təsiri altında fəaliyyət göstərən qruplar müxtəlif dini təşkilatlar, şəbəkələr və radikal birliklər vasitəsilə Azərbaycana qarşı informasiya və təxribat hücumları təşkil ediblər. Bu gün həmin qrupların bir qismi artıq ifşa edildiyi üçün ədəbiyyatçı maskası taxıb “mədəni fəaliyyət” görüntüsü altında ölkəmizə qarşı hücum etməyə çalışırlar. Mən onların içərisindən iki nəfəri çox yaxşı tanıyıram. Bu adamlar dəfələrlə dini liderə tərifnamələr yazıb qarşılığında qızıl sikkə almış şəxslərdir. İndi isə “ədəbiyyat adamı” libasına bürünüb ədalət dərsi keçməyə çalışırlar.
Cəmiyyət başa düşməlidir ki, bu kampaniya əslində Azərbaycan ədəbiyyatı daxilindəki ədəbi birliyi hədəfə alıb. Əgər doğrudan da bu şəxslərin məqsədi Cənubi Azərbaycanın ədəbiyyatını inkişaf etdirmək, təbliğ etmək idisə, niyə İranda belə bir kampaniya yaradıb molla rejiminə müraciət etmirlər? Niyə ana dilimizin hüquqları ilə bağlı səs qaldırmırlar? Niyə Urmiya gölünün faciəsi ilə bağlı imza kampaniyası təşkil etmirlər? Niyə bu gün həbsxanalarda aclıq aksiyası keçirən, haqsızlığa məruz qalan qələm adamları üçün bir dəfə də olsun söz deməyiblər? Niyə həmin dustaq yazıçılar üçün bircə imza toplamayıblar?
Demək ki, bütün bunların bircə adı var: təxribat. Məqsəd Azərbaycan Respublikasını, Azərbaycan Yazıçılar Birliyini və şəxsən məni hədəfə almaq, burada Cənubi Azərbaycanı təmsil edən, Azərbaycan dövlətinin siyasətinə uyğun şəkildə fəaliyyət göstərən yeganə fərdi susdurmaqdır. Bu kampaniya nə ədəbiyyat, nə inkişaf, nə də mədəniyyət uğrunda mübarizə deyil, bu, ucuz, sifarişli, çirkin təxribatdan başqa bir şey deyil”.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) də mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Xəyal Rza bildirdi ki, məsələ tezliklə katibliyin iclasında müzakirə olunacaq:
“Müzakirədən sonra, yəqin ki, bir qərar veriləcək. Verilən qərar barəsində açıqlama olacaq”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”



