Avropa İttifaqının Qafqaz planı

Bakı Qərblə münasibətlərdə manevr imkanlarını saxlayır
Son zamanlar Şərqi Avropa ölkələrində, xüsusilə Bolqarıstan və Slovakiyada yaşanan siyasi böhranlar Avropa İttifaqının daxili birliyinə və bunun nəticəsi olaraq vahid xarici siyasət yürütmək qabiliyyətinə ciddi təsir göstərir. Ekspertlər hesab edirlər ki, Aİ-nin xarici siyasət mexanizmi konsensus prinsipinə əsaslandığı üçün üzv ölkələrdə hökumət böhranları, siyasi qeyri-stabil mühit və daxili prioritetlərin dəyişməsi Brüsselin çevik və prinsipial qərarlar qəbul etməsini çətinləşdirir. “Reuters” agentliyinin təhlillərində də qeyd olunduğu kimi, son aylarda Aİ daxilində Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər və enerji təhlükəsizliyi məsələlərində dərin fikir ayrılıqları yaranıb və bu, blokun geosiyasi aktor kimi vahid mövqedən çıxış etməsini zəiflədir .
Şərqi Avropadakı siyasi qeyri-sabitlik Aİ-ni xarici gündəmdən daha çox daxili problemlərə yönəlməyə məcbur edir. Bolqarıstanda hökumətin istefası və uzunmüddətli etirazlar, Slovakiyada isə enerji siyasəti və Ukrayna məsələsi ətrafında yaranmış gərginliklər Aİ daxilində dəyərlər, təhlükəsizlik və milli maraqlar arasında balansı daha da mürəkkəbləşdirir. Nəticədə Brüssel xarici siyasətdə daha ehtiyatlı, kompromisli və bəzən də gecikmiş qərarlar qəbul etməyə üstünlük verir. Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə kimi strateji qərarlarda belə konsensus əldə edə bilməməsi bu zəifliyin açıq göstəricisidir.
Bu proseslər Aİ-nin Cənubi Qafqaz siyasətinə də birbaşa təsir göstərir. Region Aİ üçün strateji baxımdan əhəmiyyətli olsa da, Şərqi Avropa və Ukrayna ətrafında yaranan gərginliklər fonunda Cənubi Qafqaz məsələləri tez-tez ikinci plana keçir. Bu isə Aİ-nin regionda daha fəal diplomatik təşəbbüslər irəli sürmək, vahid mövqe formalaşdırmaq və uzunmüddətli strategiya qurmaq imkanlarını məhdudlaşdırır. Xüsusilə Azərbaycanla bağlı məsələlərdə Aİ daxilində fərqli yanaşmalar yaranır – bir tərəfdən enerji təhlükəsizliyi və praqmatik əməkdaşlıq, digər tərəfdən isə siyasi və normativ yanaşmalar daha da kəskinləşir.
Şərqi Avropadakı siyasi böhranlar Aİ-nin vahid xarici siyasət yürütmək qabiliyyətini zəiflədir və bu, Cənubi Qafqazda, o cümlədən Azərbaycanla bağlı qərarların ya gecikməsinə, ya da kompromis xarakteri daşımasına səbəb olur. Belə şəraitdə Aİ-nin region siyasətində ümumi strategiyadan daha çox, ayrı-ayrı üzv dövlətlərin ikitərəfli təşəbbüslərinin önə çıxması ehtimalı artır. Bu isə Azərbaycan üçün həm risklər, həm də ikitərəfli əməkdaşlıq baxımından yeni imkanlar yaradır .

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Musavat.com-a şərhində bildirib ki, Şərqi Avropa ölkələri Brüsseli ciddi tənqid edirlər. Onun sözlərinə görə, bunun geosiyasi səbəbləri var: “Bəzi dövlətlər geostrateji baxımdan elə bir mövqedə yerləşirlər ki, həm enerji, həm də nəqliyyat resusları mütləq bu ölkələrə çatmalıdır. Xüsusilə Rusiyanın enerji imkanlarından asılı vəziyyətdə olan ölkələr var. Bu, geosiyasi reallıqdır. Belə olan halda bu dövlətlərin rəhbərliyi Avropa mərkəzçi siyasi elitanı açıq şəkildə tənqid edir. Bu da Avropa daxilində “avroskeptizmi” daha da gücləndirən amildir. Tənqidçi ruh və sosial bərabərliyə çağırış edən qüvvələr daha da artır. Təxminən 10-20 il öncə Avropada solçu hərəkatının daha da güclənməsinin şahidi olmuşuq. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda nəinki solçular, radikal sağçı mühafizəkar dəstələr daha da çoxalır. Bu da hazırkı siyasi davranışlar sistemi ilə bağlıdır”.
İ.Hüseynov vurğulayıb ki, Aİ-nin Cənubi Qafqaza və buradan Mərkəzi Asiyaya çıxmaq niyyəti var: “Aİ-nin “Global Gateway” layihəsi həm də regionumuzu Avropanın qapıları kimi nəzərdən keçirir. Şərq və Qərb arasında bağlantıda Cənubi Qafqaz geostrateji məkan kimi seçilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında əsas geosiyasi aktor kimi çıxış edirdi. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dəfələrlə görüşlər keçirilib. Ədalət naminə demək lazımdır ki, bu görüşlərin əksəriyyəti konstruktiv məcrada keçib. Bu baxımdan Avropa daxilində bu gün gedən proseslər dolayısıyla Azərbaycanın siyasi vizyonuna təsirsiz ötüşmür. Azəbaycan Avropada gedən prosesləri diqqətlə izləyir. Avropa ilə qurulan dialoqda, təmaslarda bu və ya digər formada bizim üçün sabitlik və təhlükəsizlik məsələsi ön plana çıxır. Azərbaycan nəinki Avropa ilə, bütün geosiyasi mərkəzlərlə qurduğu təmaslarda öz milli maraqlarına söykənir. Avropanın özü də monolit deyil. Avropa Komissiyası Azərbaycanı enerji təhlükəsizliyi baxımından strateji tərəfdaş hesab edirsə, Avropa Parlamentində Azərbaycan əleyhinə qərəzli dinləmələri, çağırışları, hətta qəbul edilən sənədləri görürük. Buna görə də Avropanın çoxçeşidli siyasi bürokratiyasında, siyasi taktikaların qurulmasında Azərbaycan əlbəttə ki, manevr imkanlarını əlində saxlamalıdır”. \Nigar HƏSƏNLİ,“Yeni Müsavat”\
Polise.az



