Sankt-Peterburq toplantısı əvəzinə… Kərkicahan Zirvəsi

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmədi və hər birimizin ürəyindən xəbər verdi. Rəsmi açıqlamada dövlət başçımızın Sankt-Peterburqa getməməsi iş qrafikinin sıxlığı ilə izah edildi. Sözsüz ki, bu, diplomatiya dilidir və arifə bir işarə yetər.
Söhbət heç də MDB sammitini boykot etməkdən getmir. Azərbaycan müstəqil siyasət yürütməklə yanaşı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarına daim üstünlük verib, bəzi dövlətlər kimi “bir addım irəli, iki addım geri” mövqeyindən çıxış etmir, mövqeyi sabit olan ciddi dövlətlərdəndir. Eyni zamanda MDB çərçivəsində də əməkdaşlığın davam etdirilməsini məqbul sayıb, çünki bu formatda təmsil olunan əksər dövlətlərlə normal münasibətlər mövcuddur. Türk Dövlətlər Təşkilatında təmsil olunan qardaş ölkələrlə niyə daha bir əməkdaşlıq formatında olmayaq ki? Belorus prezidenti hər zaman Azərbaycana, dövlət başçımıza yüksək dəyər verən, onu dar günün dostu və Qafqazın Lideri adlandıran şəxsdir. Rusiya ilə də münasibətlərimizdə daim normal qonşuluq əlaqələrini davam etdirməyə çalışmışıq, hətta 2022-ci ilin fevralında iki dövlət başçısı arasında mühüm sənəd imzalanıb. Hətta Ermənistanla münasibətləri “0”-dan başlayaraq inkişaf etdirməyə başladığımız zaman MDB-dən birtərəfli qaydada imtina düzgün anlaşılmazdı. Onsuz da Azərbaycan dövlətinin və Liderinin nüfuzu hətta təmsil olunmadığı təşkilatlarda belə – məsələn, KTMT-də – onun üzvü olan, sonradan fəaliyyətini “donduran” Ermənistandan belə qat-qat üstün olub, bu barədə dəfələrlə deyilib, yazılıb. Bütün bunlar Prezidentin MDB-nin 2025-ci il toplantısına qatılmamasının daha ciddi səbəbinin olduğuna əminlik yaradır.

MDB-nin Sank-Peterburq qeyri-ixtiyari 2024-cü il dekabrın 25-də “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında qəddarlıqla vurulmasını yada salır. İdarəetməni itirmiş hava gəmisi qəhrəman pilotlarımızın fədakarlığı nəticəsində Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilmişdi, amma baş verən dəhşətli qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-si həlak olmuşdu. Hamımız sarsılmışdıq. O saatlarda xalq və dövlət olaraq bizim köməyimizə yetişən, qətiyyətli mövqeyi və dik duruşu ilə yenə də nümunə olan O oldu! Həmin saatlarda Prezident Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyə gedən dövlət başçısı elə havadaca, xəbəri alan kimi təyyarənin geriyə – Bakıya qayıtmasına göstəriş vermiş, Heydər Əliyev Beynəlxalq Hava Limanındaca müşavirə keçirmiş, həlak olanların ailə üzvlərinə başsağlığı diləməklə yanaşı, hadisənin araşdırılması üçün müvafiq tapşırıqlar vermişdi. Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmışdı. Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzaladı.

Dekabrın 28-də isə Rusiya Prezidenti Vladimir Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirmişdi. Prezident İlham Əliyev rusiyalı həmkarına “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını demişdi. Dövlət başçımız təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulamışdı.
Sonrakı müddətdə dövlət başçımız bir neçə dəfə prinsipial mövqeyini ifadə edib: cinayəti törədənlərin cəzalandırılması və tam təzminatın ödənilməsi tələbini dəfələrlə səsləndirib. Baxmayaraq ki, cari ilin 9 oktyabrında prezident Putin Düşənbə görüşü zamanı Azərbaycan Prezidentinə növbəti dəfə söz vermişdi: “Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”. Amma hadisənin ildönümüdür, amma vədə əməl olunmayıb.

Belə olduğu təqdirdə Azərbaycan Prezidentinin Sank-Peterburqa səfər etməsi düzgün anlaşılmazdı. Prezidentin qərarı həm də ictimai rəyə hörmətin növbəti bariz nümunəsidir, həm də 25 dekabr 2024-cü ildə baş vermiş dəhşətli faciənin qurbanlarına, canlı şahidlərinə. Həm də xalq-hakimiyyət birliyinin daha bir nümunəsidir bu qərar…Üstəlik, hələ də Rusiya öz öhdəliklərini icra etməyib, Azərbaycanın beynəlxalq hüquqa istinad edən haqlı tələbləri həyata keçirilməyib. Əslində Rusiya bununla təkcə Azərbaycana deyil, elə MDB-nin toplantısına həvəssiz qatılan digər bir sıra dövlətlərin başçılarına, xüsusən də təyyarədə vətəndaşları həlak olan Qazaxıstana (6 nəfər) qarşı da pislikdir. Düzdür, digər ölkələrin rəhbərləri Rusiyanın dirənişi fonunda toplantıya qatıldılar.
Azərbaycan Prezidenti isə həmin gün Sank-Peterburqdakı ənənəvi MDB toplantısına qatılmaqdansa, dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən Kərkicahan zirvəsində olmağı üstün saydı. Təbii ki, heç də ona görə yox, Sank-Peterburq dəniz səviyyəsindən cəmi 14-15 metr hündürlükdədir… Kərkicahan daxil, Vətən torpaqlarının dövlət başçımız üçün dəyəri bir başqadır. Bu qəsəbənin sakinləri 34 ildən sonra öz evlərinə döndülər! Böyük Qayıdışın daha bir ünvanında həyat qaynamağa başladı. Kərkicahan 1991-ci ilin 28 dekabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. O zaman hələ rus – sovet qoşunları Qarabağda, Azərbaycanda mövcud idilər. İki ay sonra 366-cı modoatıcı alay Xocalı soyqırımında da iştirak etmişdi…

Təsəvvür edin, bu gün yenidən abadlaşan qədim türk yurdu Kərkicahan MDB-nin qurulmasından (8 dekabr 1991) 20 gün sonra işğala məruz qalmışdı. Bu gün Ermənistan rəhbərliyi 1991-ci ilin 21 dekabrında əldə olunmuş Almatı razılaşmasına istinad edərkən “unudur” ki, rəsmi İrəvan o zaman ərazi bütövlüyü ilə bağlı anlaşma əldə olunanadək və ondan sonra Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törətmişdi…MDB-dəki anlaşmadan cəmi 7 gün sonra isə Kərkicahanı işğal etmişdi erməni canilər. Kərkicahanın işğalı Xankəndidəki separatçılarda özgüvəni artırmış, sonrakı aylarda Şuşa və Laçının işğalına zəmin yaratmışdı.

Azərbaycan Prezidentinin məhz bu günlərdə yenidən qurulan Kərkicahana səfər etməsi, sakinlərlə görüşməsinin böyük rəmzi mənası var. 44 günlük Vətən müharibəsindən sonra – 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçən, 19–20 sentyabr 2023-cü ildə isə Qarabağda bir sutkadan da az davam edən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusunun tamamilə azad etdiyi Kərkicahan qəsəbəsində mənzilləri təmir olunan yerli sakinlərlə keçirilən görüş MDB-nin milyon qeyri-rəsmi toplantısından da qiymətlidir. Kərkicahanlıları Kərkicahanda salamlamaq, onların “xoş gəlmisiniz, cənab Prezident”-sözlərini eşitmək, dualarına, xoş sözlərinə qulaq asmaq illər boyu torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunmasından ötrü usanmadan çalışan, hər cür fədakarlığa imza atan, bütün təzyiq və təhdidləri dəf edən bir Liderin, Ali Baş Komandanın halal haqqı, həm də mükafatıdır. Prezidentin söylədiyi bu sözlərin qiyməti min MDB-li toplantıdan artıqdır. Sitat: “Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.

34 il öncə Kərkicahanı ağlaya-ağlaya tərk edən sakinlərin bu sevincinə şahid olmaqdan gözəl nə var ki? Dövlət başçısı xatırlatdı ki, “İkinci Qarabağ müharibəsi zamanı işğala tam son qoymasaq da, heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və o vaxt hələ işğal altında olan bütün digər qəsəbə və şəhərlər azad olunacaq. İki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq”. Və əlavə etdi: “Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər”.

Bu sözlər həm də Kərkicahan daxil, Vətən torpaqlarımızın işğalında açıq və dolayı iştirakı olanlara ünvanlı ismarıc idi. Bundan sonra yollarını azsalar, Dəmir Yumruq yerindədir xəbərdarlığıdır. Həmçinin doğma yurdlarımızın sahiblərinin Dövlətə və Qalib Liderə güvənməsinə yönəlik vacib çağırışdır. Prezident azad Xankəndimizin Kərkicahan qəsəbəsindən Ağdama da səfər etdi, burada da açılış, təməlqoyma mərasimlərində iştirak etdi. Ağdamda artıq sənaye parkları var gücü ilə işləməkdədir, Qarabağın, Şərqi Zəngəzurun qurulmasında elə azad və abad Ağdamda ərsəyə gətirilən materiallardan istifadə olunacaq, həmçinin gələcəkdə böyük ixrac potensialına malik müəssislələrimizdən söhbət gedir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan ənənəsinə sadiq qalaraq budəfəki doğum gününü də qarabağlılarla, azad olunmuş ərazilərə toy-bayram içərisində qayıdan insanlarımızla birgə qarşıladı. Vaxtilə doğum günləri məcburi köçkünlərlə, Qərbin Azərbaycandan qaçqın düşən insanlarla birgə keçirilirdi, son illərdə artıq Böyük Qayıdışın ünvanlarında qeyd olunur bu, mübarək gün! Sank-Peterburqdakı dövlət başçılarının toplantısında iştirakdansa, Kərkicahan Zirvəsindəki sadə vətəndaşları ilə görüşü, onların sevincini bölüşməyi, Qarabağın 13 yaşlı körpəsinə xeyir-dua verməyi, ağbirçək anadan xeyir-dua eşitməyi üstün sayan cənab Prezidenti ürəkdən təbrik edirik, sağlam, uzun ömür arzulayırıq və ürəyindəki bütün arzu-niyyətlərə, hədəflərə çatmasını diləyirik!
Bundan sonrakı fəaliyyətində də Ona inanır və güvənirik!



