Silah diplomatiyası və ya diplomatiya silahı

Dağlıq Qarabağ münaqişəsi iki qonşu dövləti müharibəyə cəlb etməklə onların xalqlarına öz bədbəxtliklər “hədiyyəsini” bəxş etmişdir. İyirmi il əvvəlin qışında o vaxtkı muxtar vilayətin paytaxtının mərkəzi meydanında başlanan və əvvəlki mərhələdə dinc xarakter daşıyan nümayişlərdə qatı erməni millətçilərinin- separatçıların ortaya atdığı qığılcımdan nəhəng düşmənçilik tonqalı alovlanmağa başladı. Onlar Azərbaycanın tarixi və hüquqi tərkib hissəsini qoparıb qəsb etmək, onun suverenliyini pozaraq ərazisini parçalamaq, bu xalqın qədim mədəniyyət ocağı sayılan torpaqları ələ keçirmək üçün bəla vəd edən hər cür avantüralara getməyə hazır idilər. Öz məkrli məqsədlərinə çatmaq üçün hər şeyə əl atıb, buna hüquqi cəhətdən nail ola bilməsələr də, onlar bu iki xalqı düşmən düşərgələrinə bölmək, bir-birlərinə yalnız döyüş səngərlərindən baxmağa sövq etmək vəzifəsini həyata keçirə bildilər. Münasibətlərdə vaxtilə mövcud olmuş tarixi ləkələrə baxmayaraq, – bu biabırçı damğalar da erməni millətçilərindən qalma miraslardır, – dinc qonşuluq tərzi uzun müddət ərzində mövcud olmuşdu və ona xələl gətirən elə bir əsaslı səbəb də yox idi. Lakin qatı millətçilər köhnə acı xatirələri yenidən tarix səhnəsinə gətirmək kimi ağılsız fikirdən vaz keçməyib iki ölkə və xalq arasında keçilməzliyi ilə bu gün Çin səddini andıran bir düşmənçilik divarını ucaltdılar. İmperator Şi Xuan-dı sonuncu dəfə iyirmi iki əsr əvvəl bu Böyük Səddin daşlarını insan qanı ilə suvatdırdığı kimi erməni millətçilərinin meydana atdığı fəsad minlərlə gəncin qanının tökülməsi rüsumunu tələb etdi. Yüz minlərlə azərbaycanlı qocaların, qadınların, uşaqların görünməmiş müsibətlərinə və əzablarına səbəb oldu. Kin, nifrət divarı öz tarixi prototipindən ərşə qalxan hündürlüyü və ölçüyə sığmayan qalınlığı ilə fərqləndiyindən onu yarıb keçmək də asan məsələ deyildir. Həm də onun baiskarları bu divarın uçurulub dağıdılmaması üçün əllərindən gələn hər şeyi edirlər. Hadisələr bir daha göstərdi ki, ağılsız adamların igidlik komediyası nəticə etibarilə dəhşətli faciəyə çevrilir. Onlar müharibə cığırına düşərkən siyasətin bütün digər vasitələrini inkar edib, onun son və daha arzuolunmaz vasitəsinə əl atmaqdan, bu insan təbiətinə yad olan təsir rıçağından istifadə etməkdən çəkinmədilər. Bu vaxt siyasət səhnəsində uduzacaqlarına şübhə etmirdilər, çünki iddialarının qum üzərində qərar tutduğunu anlayırdılar, onları heç bir ağıllı, hüquqi dəlil və arqumentlərlə nəinki sübut etmək, heç izah etmək də mümkün deyildi. Silahlar toqquşanda, mübahisənin həllinə top atəşləri girişəndə təkcə muzalar susmur, hətta zəkanın da digər imkanları məhdudlaşmış olur. Qatı millətçilər bir qayda olaraq ağılı, idrakı təxəyyülə, illüziyalara tabe edirlər, uydurduqları məkrli yalanlardan ilham alırlar. Ötən dövrdə hərb səhnəsində onlar müəyyən üstünlük əldə etmiş, xeyli ərazinin işğalına nail ola bilmişdilər. Bununla öyünsələr də özləri də yaxşı dərk edirlər ki, bu məğrurluq bir andaca yoxa çıxa bilər, çünki müvəqqətidir, ötüb keçəndir. Məqsəd və niyyət isə yenə də xəyali və qeyri-real olaraq qalır. Qəsbkarlıq heç vaxt əbədi xarakter daşıya bilmir, başlanğıcı olduğu kimi sonluğuna da malikdir. Ermənistanın müharibədə qazandıqları öz hüquqi təsdiqini tapmamış və tapa da bilməz, ona görə də hər an ləğv olunmaq təhlükəsi ilə üzləşə bilər. Müharibəni və təcavüzü başlayan tərəf öz sifətini saxlamaq üçün sülh danışıqlarından istifadə etməyə daha ciddi-cəhdlə girişməlidir. Çünki sülh danışıqlarının və onun uğurlu nəticəsinin əslində alternativi yoxdur. Qeyri-məqbul sayılan alternativ isə müharibə tonqalının yenidən, daha gur və məhvedici qaydada alovlanmasıdır. Ermənistan siyasətçiləri əgər real düşüncə müstəvisindən bütünlüklə uzaqlaşmamışlarsa müharibənin yeni fazasının onlara nələr vəd etdiyini dərk etməmiş deyillər. Axı qüvvələr nisbətindəki baş verən dəyişikliklər də nəzərə alınmalıdır. Son beş il ərzində baş verən mühüm fərqlər isə göz qabağındadı. Vaxtilə Napoleon qeyd edirdi ki, müharibənin taleyi puldan asılıdır, başqa sözlə hərbi qüdrət iqtisadiyyatdan və onun törəməsi olan maliyyə imkanlarından qidalanır, güclü iqtisadi baza müharibənin nəticələrini müəyyən edən başlıca faktor rolunu oynayır. Ser Uinston Çörçill İkinci Dünya müharibəsinin başlanğıcından Hitler Almaniyasının labüd məğlubiyyətə düçar olacağına inanırdı, çünki proqnozlaşdırırdı ki, ABŞ və SSRİ ilə Böyük Britaniya müttəfiqliyinin malik olduğu resurslar düşmənin imkanlarından ikiqat çox olacaqdır və bu üstünlük nəhayət etibarilə münaqişənin hansı sonluqla yekunlaşacağını müəyyən edəcəkdir. Ermənistanla müqayisədə, həm də faktiki olaraq Azərbaycanın iqtisadiyyatı dinamik qaydada inkişaf edir. Bunu bütün göstəricilər təsdiq edir. Son üç ildə ölkədə daxili ümumi məhsul istehsalı demək olar ki, iki dəfə artmışdır. Son on il ərzində neft istehsalının bir neçə dəfə artması enerji daşıyıcılarının satışından daxil olan maliyyə vəsaitinin xeyli böyüməsinə səbəb olmuşdur. Bütün bunlar həm də müəyyən dərəcədə sosial problemlərin həll olunmasına yol açmışdır. İqtisadiyyatın irəliləyişi, maliyyənin sağlam durumda olması ölkənin hərbi qüdrətinin əsaslı qaydada möhkəmləndirilməsinə şərait yaradır. Silahlı qüvvələrin müasir silah, döyüş texnikası və cihazlarla təchizatında xeyli müsbət dəyişikliklər əmələ gəlmişdir. Orduda canlı qüvvənin mənəvi hazırlığına diqqət artırılmış, vətənpərvərlik və fədakarlıq ruhu yüksəldilmişdir. Azərbaycanın iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün geniş miqyasda tədqiqatlar aparmağa da ehtiyac yoxdur. Ölkədə, xüsusən onun paytaxtında aparılan nəhəng ölçüdə tikinti-quruculuq işləri, infrastruktur şəbəkəsinin yenidən qurulması, əhalinin öz məişətini yaxşılaşdırmaq üçün sərf etdiyi xərclərin məbləğinin xeyli artması, hətta təsirindən əziyyət çəkdiyiniz inflyasiyanın dördnala çapması nə qədər paradoksal görünsə də, xalqın maddi rifahında baş verən müsbət dəyişikliklərdən xəbər verir. Bakının mərkəzini və yaşayış zonalarını bahalı mağazalar, restoranlar şəbəkəsi, saysız-hesabsız şadlıq evləri bəzəyir və onların boş qaldığını güman etmək belə mümkün deyildir. Şəhər küçələrində tez-tez baş verən və avtomobillərin sürətini az qala faytonların malik olduğu səviyyəyə endirən nəqliyyat tıxacları, istifadədə olan minik maşınlarının günbəgün çoxalmasından və benzinə sərf olunan xərclərə məhəl qoyulmamasından xəbər verir. Bəlkə də bunlar adi məsələlərdir, lakin istehsalın səviyyəsi və nəhayət güzəran haqqında daha real təsəvvür yaratmağa imkan verir. Azərbaycanın regionda ciddi nüfuz sahibinə çevrilməsini də heç kəs inkar edə bilməz. Bunu mümkün edən vacib amil iqtisadi tərəqqidirsə, digər mühüm cəhət düşünülmüş, tarazlaşdırılmış, ardıcıl aparılan xarici siyasətdir. Əlbəttə, Azərbaycan nisbətən kiçik dövlətdir, lakin dünya dövlətləri ailəsinin tam hüquqlu və bərabər üzvü kimi öz müstəqil siyasətini yeritməyə çalışır və buna əsasən nail olur. Kiçik dövlətlərin tarixən bufer rolunu oynaması, güc mərkəzləri arasında saat kəfkiri kimi hərəkət etməsi dövlətimizin mövcudluq tərzinə, yaşayış və fəaliyyət obrazına yaddır. Kiminsə himayəsinə qısılmaqla özünü güclü göstərmək istəyi bizim dövlətin xarici siyasətini səciyyələndirən amil deyildir. Hətta iri dövlətlərin bu mövqe ilə razılaşmaması və ya nədənsə narazı qalması Azərbaycana öz tutduğu yoldan sapdıra bilmir. Çünki bu siyasətdə başlıca məqsəd xalqın uzağa gedən mənafeyini nəzərə almaqdır. Ona görə də xarici siyasət faktoru müəyyən edilərkən hansısa güclü dövlətin himayəsinə qısılmaq variantı bütünlüklə rədd edilir. Əlbəttə, belə müstəqil mövqe heç də hüsn-rəğbətlə qarşılanmır, bəzən üstüörtülü hədələrlə və təzyiqlərlə rastlaşmaq lazım gəlir. Xarici siyasətdə məhəbbət kimi, narazılıq da müvəqqəti xarakter daşıyır, onları əsas götürməklə qurulan münasibət də davamlı olmur, daimi olan dövlətin, xalqın özünün mənafeyidir, onun sarsılmazlığıdır. Bunun bariz nümunəsini Azərbaycanın dünya dövlətləri ilə genişlənən iqtisadi əlaqələrində görürük. Ölkəmiz Avropanın, Asiyanın, Amerikanın çox sayda dövlətləri ilə ticarət-kommersiya əlaqələri qurmuşdur. Qarşılıqlı faydaya əsaslanan bu münasibətlər Azərbaycanın dünya iqtisadiyyatı şəbəkəsinə inteqrasiya edilməsində mühüm rol oynayır. Yaxşı cəhət orasındadır ki, xarici siyasətində olduğu kimi, dövlət iqtisadi əlaqələrində də hansısa qütbə sitayiş mövqeyindən çıxış etmir, bu fərqi nəzərə almamağa çalışır və əsas diqqəti öz iqtisadi maraqlarına uyğun gəlib-gəlməməsi amilinə yönəldir. Azərbaycanın iqtisadi əlaqələrində və əməkdaşlığında xüsusi çəki ilə götürdükdə İngiltərə, Rusiya, ABŞ, Almaniya, Çin mühüm rol oynayır. Və bu vaxt həmin dövlətlərin öz aralarındakı münasibətlərin hərarət dərəcəsinə əhəmiyyət verilmir. İngiltərə hökuməti və kompaniyaları ilə əlaqələr Azərbaycanın bu sahədəki uğurlu cəhdlərindən biri sayıla bilər. “Britiş Petroleum” şirkəti dünyanın ən iri iqtisadi və maliyyə maqnatı olmaqla yanaşı, Azərbaycanın neft sənayesinin inkişafında yaxından və səmərəli qaydada iştirak edir. BP-nin ölkəmizə gəlişi ilə dənizdə neft hasilatı yeni elmi-texniki əsaslar üzərində qurulmuş, ARDNŞ ilə onun əməkdaşlığı olduqca yaxşı nəticələr vermişdir. Bir əsr yarıma qədər tarixi olan ölkəmizin neft sənayesi yeni tərəqqi və çiçəklənmə dövrünə qədəm qoymuşdur. Əgər sovet dövründə Xəzər dənizinin iyirmi metrlik su qatının altından neft çıxarılması iftixar mənbəyi sayılırdısa, dənizdə yeni neft yataqlarının istismarında müasir texniki imkanların yaradılması- böyük sənaye kompleksini andıran platformaların qurulması iki yüz metr və daha çox dərinliklərdəki su qatının altından neftin çıxarılmasına imkan vermiş və bu karbohidrogen sərvətin istehsalının əsaslı qaydada artırılmasına şərait yaratmışdır. İngiltərə hökuməti təkcə iqtisadi əlaqələr sahəsində deyil, humanitar sahələrdə də Azərbaycanla yaxından əməkdaşlıq etmək niyyətini nümayiş etdirir. Minlərlə azərbaycanlı gənc İngiltərənin məşhur universitetlərində və kolleclərində təhsil alır. İngiltərə firmaları öz əsas fəaliyyətləri ilə yanaşı ölkəmizdə xeyli xeyriyyəçilik tədbirləri həyata keçirir. Milli incəsənətimizə qayğı göstərməyi də yaddan çıxarmır. Bu azərbaycanlılarda İngiltərə, ingilislərə münasibətdə səmimi minnətdarlıq hissləri oyatmaya bilməz. Azərbaycan həm də dünya üçün böyük təhlükə mənbəyinə çevrilən terrorizmə qarşı mübarizə sahəsində fəal iştirak edir, öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışır. Ölkənin daxilində terrorizm, ekstermizm rüşeymlərinin vaxtında ləğv edilməsi ictimai asayişin qorunub saxlanmasına böyük yardım göstərdi. Azərbaycan ordusunun nümayəndələri İraqda və Əfqanıstanda beynəlxalq sülhməramlı dəstələrin tərkibində terrorizm bəlasının genişlənməsinin qarşısını almaqda nəyə qadir olduqlarını göstərmək üçün yüksək intizam və döyüş hazırlığı nümayiş etdirmişlər. Azərbaycan xalqını daim əzən, narahat edən yeganə məsələ torpaqlarının işğalda, düşmən tapdağı altında qalmasıdır. Lakin bu narahatlıq heç də ümidsizlik hissləri doğurmur, əksinə dövlətin uğurlu xarici və daxili siyasəti müsbət yekuna nail olmaq inamını xeyli artırmışdır. Bu inamı həm də dövlətin və ordunun möhkəmliyi qüvvətləndirir. Lakin Azərbaycan silahla iddialaşmaqdan, güc nümayiş etdirmək mövqeyindən uzaqdır və sülhə nail olmaq tərəfdarıdır. Sülh müqaviləsi, əlbəttə ki, kompromislərə getmək iradəsi hesabına imzalana bilər və Azərbaycan dövləti ondan asılı olan muxtariyyət statusu verilməsində hər cür güzəştlərə getməyə hazır olduğunu dəfələrlə bəyan edib. Təəssüf ki, Ermənistan özünü qalib qiyafəsində gördüyündən danışıqların uğurla nəticələnməsinə hər cür maneəçiliklər göstərir. Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi üçün ağlasığmayan qarantiyalar verilməsi bəhanəsi ilə əslində nəticə etibarilə bu ərazini Azərbaycanın suveren yurisdiksiyasından qoparmaq məqsədini güdür. Ermənistan qəsb etdiyi ərazilərin boşaldılması müqabilində dünya praktikasında analoqu olmayan tələblər irəli sürməklə sülhə nail olmaq prosesinə hər cür əngəllər törədir. Haqq, ədalət isə Azərbaycanın tərəfindədir və nə ölkə rəhbərliyi, nə xalq onun suveren hüdudlarına xələl gətirən və əlavə biabırçılıq bəxş edən heç bir addımı atmaz, diqtə üslubunda irəli sürülən şərti qəbul etməz. Ermənistan danışıqlarda formal qaydada iştirak etsə də, müxtəlif bəhanələrlə real danışıqlardan boyun qaçırmaq yolu ilə müharibə vəziyyətinin uzanmasına, sülh işartılarının sıradan çıxmasına can atır. Bu isə əslində arzuolunmayan perspektivin yaranmasına səbəb ola bilər və onun Ermənistan üçün daha qeyri-məqbul olacağını proqnozlaşdırmaq heç də arzuolunanı gerçəklik kimi qələmə vermək cəhdi sayılmamalıdır. Ermənistan qısa müddət üçün və lokal xarakter daşıyan müharibəyə davam gətirə bilər. Azərbaycan isə daha geniş miqyaslı və uzun müddətli müharibənin ağırlığına dözmək iqtidarındadır. Müharibəyə Ermənistanın tərəfində hansısa ikinci bir dövlətin qatışması əlavə çətinliklər yaratmaqla yanaşı, digər tərəfdən də əlavə qüvvələrin cəlb olunmasına və müharibə teatrının bütün regionu əhatə edərək böyüməsinə gətirib çıxara bilər və bu perspektiv həmin təşəbbüsdə ilkin bulunan dövlətə heç bir fayda verməz. Azərbaycan hətta bu cür ehtimalın baş verəcəyi nəzərə alındıqda belə silahlı münaqişənin yenidən start götürməsini məqsədəuyğun saymır və ona görə də danışıqlarda konstruktivlik nümayiş etdirir. İndi top yenidən Ermənistandadır və hadisələrin sonrakı inkişafı onun düzgün mövqe tutub-tutmayacağından asılı olacaqdır. Ermənistan sülhə meyl etməsə, əldə etdiklərini qoruyub saxlamaq fikrinə düşsə regionu yenidən fəlakətə sürükləyəcək və ondan ən böyük zərəri özü çəkməli olacaqdır. İkinci Puniya müharibəsi ərəfəsində Karfagenə gəlmiş Roma senatının nümayəndə heyətinə başçılıq edən Fabi Maksim yerli senatda çıxışını bitirdikdən sonra, toqasının ətəyini büküb, onda çökək əmələ gətirərək demişdi: “Mən sizə burada sülh və müharibə gətirmişəm, hansını istəyirsiniz, seçin”. Karfagen senatı müharibəni seçdi və iki onilliyə qədər çəkən silahlı münaqişənin sonunda ağır şərtlərlə sülh bağlamaq məcburiyyətində qaldı. Hannibalın hərb dühası da ona kömək edə bilmədi. Yarım əsr keçməmiş üçüncü müharibədə romalılar Karfageni darmadağın edib viran qoydular, şəhər-dövlət bütünlüklə yer üzündən silindi. İndi Ermənistan tərəfi öz seçimini etməlidir. İndiyə qədər bel bağladığı silah diplomatiyası ona artıq fayda verə bilməz. Çünki üç mühüm sahədə – siyasi, iqtisadi və müəyyən dərəcədə də hərbi sahədə Azərbaycan ondan yaxşı vəziyyətdədir. Vaxtilə bizim ölkəni gücdən salan başıpozuqluq və anarxiya meyllərləri bütünlüklə aradan qaldırılmışdır. Hakimiyyət simfoniyasından söhbət getməsə də, cəmiyyət monolitlik yoluna qədəm qoymuşdur. İqtidar-myxalifət münasibətləri bir-birini inkar etmək mövqeyindən uzaqlaşmağa cəhd edir, demokratik və sivil mübarizə çalarları qəbul edir. Ermənistanda isə son prezident seçkilərindən sonra siyasi vəziyyət xeyli gərginləşmiş, itaətsizlik halları, əks mövqedən çıxış edən nümayiş iştirakçılarının öldürülməsi baş vermişdir. Əslində bu ölkədə siyasi mübarizə böhran səviyyəsinə çatan qarşıdurma ilə əvəz olunmuşdur. Xalqın iki yerə parçalanması qorxusu özünü nişan verməyə başlamışdır. İqtisadi inkişaf və onun himayəsində boy atan hərbi qüdrət sahəsində Azərbaycanın potensialı xeyli böyümüşdür. Buna baxmayaraq o, öz əleyhdarının, daha dəqiq deyilsə, düşməninin siyasi və iqtisadi sahədəki zəifliklərindən istifadə etməkdən çox uzaqdır. Coğrafi qonşuluq, yaxınlıq hətta müharibənin yaratdığı düşmənçiliklə də ləğv edilə, silinə bilməz. Hər iki tərəf bu həqiqəti dərk etmək, ondan nəticə çıxarmaq istəyində və iradəsində olmalıdır. Çünki hər bir müharibə sülhlə yekunlaşır və bəşər tarixi göstərir ki, şüurlu insan üçün sülh şəraitində yaşamağın özgə bir alternativi yoxdur. Bu gün hər iki xalq dillema qarşısındadır : sülh və ya müharibəni seçmək. Azərbaycan xalqının və rəhbərliyinin hazırki mərhələdə seçiminə heç bir şübhə yoxdur. Ermənistan rəhbərliyi bu bəladan xilas yoluna iti düşüncə tərzi ilə baxmalıdır və gec də olsa diplomatiya silahından istifadəyə və onun qələbəsinə nail olmağa üstünlük verməlidir.

Telman ORUCOV

Hamısını Göstər

Related Articles

Back to top button