Bir qocanın sirri: yer altındakı Xamenei…

İranın azərbaycanlı “Fidel Kastro”su öldürülə bilərmi; Xomeyni niyə məhz Xameneini siyasi varisi seçmişdi?

Otto Bismarkın məşhur deyimidir ki, inqilabı dahilər düşünür, fanatiklər həyata keçirir, fırıldaqçılar isə ondan faydalanırlar. Tarix inqilablarla zəngindir – Fransadakı burjua inqilabı, sənaye inqilabları, Rusiyada, Kubada sosialist inqilabları… Yəni inqilab varsa, orada mütləq sosialistlərin iştirakı var.

Lakin tarixdə yeganə və indiyə qədər təkrarı olmayan İslam inqilabı İranda baş verib. Bu inqilabda da tudəçilərin (iranlı solçular – E.S.) müstəsna əməyi var. Hətta demək olar ki, inqilabı onlar etdi, bəhrəsini şəriətçilər gördü. Hər halda, tarixdə adı İran İslam İnqilabı kimi qalıb və bu günə qədər də islamçılar ölkəni idarə edirlər. İndi isə onların qurduğu İran İslam Respublikası süqut təhlükəsi ilə üzləşib – quruluşunun 47-ci ilində…

Ayətullah Seyid Əli Hüseyn Xameneinin həyatına qısa baxış

Nə Madurodur, nə Səddam…

Bu inqilabçılardan isə sağ qalan yeganə şəxs ayətullah Seyid Əli Xameneidir. Hazırda dünya və Azərbaycan mediası ahıl inqilabçının bunkerdən-bunkerə köçürüldüyünü, ABŞ tərəfindən vurula biləcəyini yazır. İsrail nəşrləri ən təhlükəsiz bunkerlərdən birinin yerləşdiyi və Xameneinin ailəsi ilə birlikdə köçdüyü Lavizan (Tehranın şimal-şərqi) adlı xüsusi bir əraziyə işarə edib. Bu bunkerlər şəbəkəsi SEPAH tərəfindən inşa edilib və təxminən 90-100 metr dərinlikdə yerləşir. Xameneinin gizləndiyi bunker Fordo nüvə stansiyasından daha təhlükəsiz hesab olunur və bombaların birbaşa zərbələrinə davam gətirmək üçün nəzərdə tutulub. Nə qədər səhih xəbərdir, bunu demək çətindir, amma qoca inqilabçının bunkerdə olduğu haqda iddialar sürətlə tirajlanır. ABŞ lideri Tramp isə hərbi gəmilərin İrana yaxınlaşdığını bildirib. Ancaq nəzərə almaq lazımdır ki, İranın ali rəhbəri nə Madurodur, nə Qəddafi, nə də Səddam…

Onun İranda yüzminlərlə sevəni, aşiqi, şiə fədailəri var. Yəni yuxarıda adı keçən liderlər ideologiyasız fiqurlar idi, Xamenei isə İslam inqilabçısıdır. Bəs necə oldu ki, inqilabın lideri Xomeyni Xameneini siyasi varisi elan etdi? Axı onu Şəriətmədari, Təlaqani kimi nüfuzlu İslam alimlərindən fərqləndirən nə idi? Nə üçün bir azərbaycanlı Şəriətmədari yox, azərbaycanlı Xamenei siyasi vəliəhd oldu?

Sağ qolu iflic olan inqilabçı

Seyid Əli 1939-cu il, aprelin 19-da Məşhəddə doğulub. Əslən Ərdəbilin Xamnə kəndindəndir. Xamenei mərceyi-təqliddir, yəni 12 imam əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin siyahısındadır. Siyahıda nüfuzlu İraq ayətullahı Sistani, həmçinin Şəriətmədarinin özü, Fazil Lənkərani, əl-Fəyaz və başqaları var.

Xamenei 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı ali rəhbəridir. 1981-1989-cu illərdə İran prezidenti olub. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr şah Məhəmməd Rza Pəhləvidən sonra ən çox vəzifədə olan İran lideridir.

Xamenei şahın dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilib. İnqilabdan sonra 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrilib. O, 1980-ci illərdə İran-İraq  müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri  ilə sıx əlaqələr qurmuşdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk ali rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi olub. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə – Hüseynəli Müntəziri ilə fikir ayrılığı varıydı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq da yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındakı Xameneini növbəti ali rəhbər seçir. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xomeyni ölümündən əvvəl onu varisi seçmişdi. Onu da qeyd edək ki, Xamenei 14 aprel 1979-cu ildən bəri “Astan Quds Razavi”nin xidmətçilərinin rəhbəridir.

Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək" - Oxu.az

Atom bombasına qarşı fətva

Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyəti olan şəxsdir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Xamenei həmçinin fərmanlar imzalama və  iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələndirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verib. Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il iranlı tələbə etirazları, 2009-cu ildə prezident seçkiləri etirazları, 2011-2012-ci il etirazları, 2017-2018-ci il etirazları və 2018-2019-cu il etirazları kimi bir sıra böyük nümayişlər olub. Ancaq hamısını qəddarlıqla yatıran rejim öz ömrünü uzada bilib. Bu dəfə necə olacaq – bax, sual budur.

…Xameneinin öz dediyinə görə, uşaqlığı yoxsul keçib: “Atam məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”. Xamenei doğulduğu ev haqda isə belə deyib: “Ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu”.

Əli Xameneyinin qısa bioqrafiyası-Onun azərbaycanlı və müctəhid olması barədə iddialar əsassızdır

İki yol: ya atasının gözləri, ya da…

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.

Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən, Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir”.

Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, “mirvari suyu”ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmağı seçdi. Bəzi ustadlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın elə 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!

Xamenei İrandakı etirazçıları “vandallar” adlandırdı | Modern.az

Altı dəfə həbs və sürgün

Xomeyni şahın qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Xamenei 16 il Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, Məhərrəm ayında Xomeyninin müraciətini, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olunur. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollanır və orada Amerika və şah rejimini ifşa etməklə məşğul olur. Bu səbəbdən Məhərrəm ayının 9-u tutularaq bir gecəlik həbsxanada saxlanılır. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxılır. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirilir və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanılır.

Sonra Zahidan tutulur. Ardınca Tehranda bir il gizli yaşamasına baxmayaraq yenə həbs olunur. Xamenei növbəti dəfə SAVAK tərəfindən tutularaq ağır işgəncələr görür. Nəhayət, 6-cı dəfə tutulanda İranşəhrə sürgün edilir.

İslam inqilabı ərəfəsində Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Mütəhhəri, Behişti, Rəfsəncani kimi nüfuzlu şəxslərin iştirakı ilə İslam İnqilabı Şurası təşkil olunur. Xamenei də Xomeyninin göstərişi ilə bu şuraya üzv seçilir.

Qələbədən sonra sui-qəsd

Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra Xomeyni onun barəsində belə buyurub: “Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, İslam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz”.

İslam inqilabının banisi Xomeyninin 1989-cu ildə vəfatından sonra “Xübrəqan” məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei İslam inqilabının rəhbəri seçilir. Görəsən, Xomeyninin təbirincə desək, Xamenei bu dəfə “müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə” Trampa qalib gələ biləcəkmi…\Emil SALAMOĞLU,“Yeni Müsavat”ın redaktoru\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button