NARAHAT GECƏLƏR

NARAHAT GECƏLƏR
( Respublika Daxili İşlər Orqanlarının əməkdaşlarına, Polis Akademiyasında təhsil alan
Kursant və elm öyrədən pedaqoji heyətə ithaf edirəm )
Dedektiv macəralı Povest
“Yalnız yaşamaq
yox,yaşatmaq şərtdir.Amma necə yaşa-
maq,necə yaşatmaq insanlara görə
dəyişir.” Albert Eynşteyn-alman alimi
Bakıya bahar gəlir…
… Bahar yaradılışın hikmətini,tövbəni,yenilənməni və insanın daxili dirçəlişini təcəlli edən bir fəsil kimi zühur edir.Torpaq qışın ağırlığını üzərindən atıb,yenidən canlanır.Yuxuya dalmış susqun təbiət,insanın daxilində uzun müddət haldan-hala düşüb gizlənmiş duyğular oyanır. Kin-kidurət kənara qoyulur,unudulur.İç dünya imanla saflaşır.Ümidlər solmuş budaqlar tək boy atır…
Daşın da yaddaşında daşlaşmış bir həyat cücərir.Bu yaradılış səs-küylə deyil,İlahi təmkinlə baş verir.Torpaq qışın sərtliyindən donmuş səbrini əridir,bətnində qoruyub saxladığı yaşıl həyatını bəyan edir…İlahi nizam isə tələsmir,səbrlə işini görür.Çiçəklər bir gecədə açmır,toxum dərhal cücərib boy atmır.Hər dirçəliş öz vaxtını gözləyir.Dünya yaranandan fəsillərin bir-birini səbrlə əvəz etməsi ibadətə çevrilib…
Təbiəti seyr etdikcə İlahi qüdrətin möcüzəsini görməmək,anladıqca yaradılışın mənasını dərk etməmək mümkün olmur…
Uca Yaradan əzəməti ilə xatırladır ki,səbr edən heç vaxt,heç nəyi itirmir.O,geçikmiş halal nemətilə qarşılaşır.Bu fəsildə günəşin işığı daha şəfqətli olur,təbiət ona qarşı kobud davrananları keçmiş əməllərinə görə bağışlayır,Allah rizası ilə yaşamaq həvəsi verir.Bu anlamla bəlkə Rəbbimizə ”Günahlarımıza görə bizi bağışla,əfv et”yox,“Cinayətimizə görə bizi cəzalandır!”-deyək?!Adil Allahdan bunu diləmək lazımdır! Cəzada təmizlənmə var…
Torpaq yaz yağışını şövqlə qarşılayır,cana gəlirdi.Göydən yağan hər damla rəhmətlə yerə enirdi.Yağışdan sonra torpağın qoxusu adamı uşaqlıq illərinə,saflığa,dürüstlüyə və başlanğıca aparırdı.Yağmur ətrafa pak olmağı öyrədirdi.İnsan ruhu dua üçün Allahın dərgahına əl açmışdı.Qəlblərdə yuva salmış qalaq-qalaq soyuq xatirələrin də buzu yavaş-yavaş əriməyə başlayırdı…
Bakıya bahar gəlirdi.Şəhər bu mövsümü asta-asta,lakin ümidlə qəbul edirdi.Xəzər isə tələsmir,baharı gecikdirirdi.Sahilə çırpılan dalğalar baharın sevincinə qoşulmurdu.Dəniz sakit görünsə də aldadıcı idi.O çox baharlar görmüşdü,ətrafa da sanki xəbərdarlıq edirdi:”Bahar həmişə rahatlıq gətirmir,bəzən çox şeyi üzə çıxarır…” Həmin gecələrdən biri narahatlıqla yadda qalacaqdı.Şəhər yatırdı,amma dəniz oyaq idi.Axşam düşən kimi ilk qaralan yer də həmişəki kimi elə Xəzər olurdu.Xəzər dərinliyinin qaranlıqlarında çox sirrləri “təmamilə məxfi “məlumat tək qoruyurdu…Qarşıdan gələn gecələrin birində Xəzər sirr olaraq saxladığını sahilə atacaqdı…
Bahar gəlişi ilə anladır ki,qaranlığın ömrü əbədi deyil.Hər qaranlıq gecənin bir aydın səhəri,hər çətin sınağın da,bir xeyirli sonluğu olur.Bu,İlahi ƏDALƏTİN İlahi təcəssümüdür! Görünməz qüvvə bəyan edir ki,heç nə əbədi olaraq torpaqda qalmır.Basdırılan toxum,yerə düşən hər bir dən ya cücərir,ya da gələcək üçün gizli bir yerdə qorunur.Necə deyərlər,-məğlubiyyət sandığımız anlar bəzən gələcək yüksəlişin başlanğıcına çevrilir.Olmaz bildiyimizə “Ol”!- deyilir və fövrən də olur!
Qış nə qədər sərt və nə qədər uzun gecələri ilə yadda qalsa da,fəsillərin anası-Bahar onda bir “mənəm-mənəmlik”qoymur.O,təkcə təbiətin deyil,insan qəlbinin də yenidən vəcdə gəlməsini mütləq edir…Bu mənzərə insana həyatın nə qədər sərt və dolanbaclı olduğunu,hər çətinlikdə bir fürsətin gizləndiyini bir daha xatırladır…
Bahar artıq Bakıya gəlmişdi…
Dəlisov külək qışın son və sərt günlərini şəhərdən təmizləyirdi.Səma sakit və aydın idi.Təbiətin belə xoş ovqatında ümidsizliyə alışan ruhlar da körpə budaq tək yağışa,işığa əl açıb tumurcuqlanırdı…
Polis rəisinin pəncərədən seyr edikləri və təbiətin yaşıl libasa bürünməsi İlahi qüdrətin müdrikanə bir müjdəsi idi.Bahar nazlı gəlin kimi keçmişlə gələcək arasında mehribanlıq körpüsü inşa edir,ətrafa təbiətin rəngarən əzəmətini nümayiş etdirirdi.Kövrək təbiət özündən razı,ərköyün “qız vaxtı”nı yaşayır,bəzənirdi.Ətrafa yaşıllıq hökmranlıq edirdi.Bahar gəlibsə,deməli həyat da canlanır… Bu düşüncələrlə Rəis masanın arxasına keçib rayon ərazisində rüb ərzində baş vermiş cinayətlərin statistikasını nəzərdən kecirirməyə başladı. Qapi döyüldü:
Adəti üzrə başını qaldırmadan cavab verdi:- Gəlin. Sonra qapıya tərəf baxdı. Növbətçi farağat komandasında məruzə edirdi … Rəis isə onun raportunu yarımçıq qoydu.
-Bir az yavaş danış yoldaş mayor!Məndən başqa otağımda bir kimsə yoxdur.
-Oldu rəis!
Rəis ləhcəsi şirin əməkdaşını dindirməkdən zövq alırdı. Mayor isə özünü itirmişdi, rayonda baş verən xüsusilə ağır cinayət barədə məlumat vermək,ağzını açıb nə isə demək istəyirdi ki, növbətçi hissədən telefon zəngi gəldi.
-Rəis, prokuror sizi axtarır.
-Xeyirdimi?
-Prokuror baş verən qətllərlə maraqlanır.
– Yenə?Hansı qətllər?
Növbətçi inspektoru, polis mayoru Ramazanov özünü saxlaya bilmədi:
-Rəis, elə o barədə məruzə emək istəyirdim…
-Buyurun məlumatınınızı verin.Amma təkrar telefon zəngi növbətçinin raportunu yarımçıq qoydu.Rəis növbətçiyə əli ilə, “gedə bilərsən”,- işarəsini verdi.Telefon xəttində rayon prokuroru idi…
Sərin yaz havası küçələrdə dolaşır,quşların cəh-cəhi gündüzün aydınlığına ayrı bir gözəllik qatırdı.Rəis baş verən ağır hadisəni həyacan siqnalı kimi qəbul etsə də,hər gün alışdığı xidmətin spesfik cəhətlərindən idi…Yenə düşüncələr onu ağuşuna almışdı…Qeyri aşkar şəraitdə baş verən hər bir hadisədə polisin daxili inamı,vicdanı,iç dünyası və peşəkarlığı sınağa çəkilir.Polis xidmətinin özəlliyi,içdiyi anda sədaqət və prinsipallığı bəzən cinayətlərin necə və hansı şəraitdə törədilməsi və açılması barədə ictimaiyyətə hər hansı bir açıqlamanın verilməsini məqsədəuyğun hesab etmir.Cəmiyyətə bəlli olmayan müxtəlif növ cinayətlərin baş verməsi,məxfi söhbətlər və məxfi şəbəkə vasitəsilə cinayətləri törədənlərin yeri və şəxsiyyətləri ətrafında məlumatların əldə edilməsi,bu sahədə müvafiq tapşırıqların verilməsi üçün zaman lazım gəlir.Hər bir əməliyyat-axtarış və prosesual hərəkətlər bir-biri ilə sıx bağlı olduğundan fasilə vermək,konstitusion hüquqlardan faydalanıb,istirahətə vaxt ayırmaq,nahar etmək imkan xaricində olur.Bu baxımdan cəmiyyət polisin çox şaxəli fəaliyyətindən xəbərsiz olur.Ölkə vətəndaşlarının rahat,təhlükəsiz gecələri,polisin narahat gecələri hesabına başa gəlir.Sabitliyin və ictimai qaydanın təmini də,məhz polisin gərgin,lakin şərəfli xidmətinin canlı təzahürüdür.Kaş hamı bunun fərqində olaydı,kaş…Rəis bu düşüncələrlə prokurorla birlikdə hadisə yerinə yollandı…
…Hadisə Bakı-Şamaxı yolunun 20-ci km-də, magistral yoldan 200 m.aralıda baş vermişdi.Ərazidə şəxsiyyətləri məlum olmayan,odlu silahla qətlə yetirilmiş iki naməlum qadın meyiti aşkar edilmişdi. Hadisə yerinin müayinəsi zamanı qadınların üzərindəki qızıl zinət əşyalarının qarət edilməməsi diqqət çəkən ilk məqam idi.Boyunbağıya toxunulmamış,üzüklər barmaqlardan çıxarılmamışdı,sırğalar da yerində qalmışdı.Bu fakt bir fərziyyəni sıradan çıxarırdı:Cinayət qarət məqsədi daşımır!
Polis rəisi cəsədləri diqqətlə izləyərək düşüncələrə qapıldı…Əgər məqsəd maddi maraq doğursaydı,bu cür “diqqətli laqeydlik” əsla olmazdı.Motiv daha dərin və özəl idi.Qatil ya qurbanları tanıyıb,ya da cinayət əvvəlcədən planlaşdırılıb və amansızlıqla icra olunmuşdu.Ayrı məqsədlər ehtimallara söykənirdi.Təcavüz istisna olunmurdu.Adi ,vizual baxışda zorakılıq izləri olsa da,tələskənlik hiss olunmurdu.Hadisə sanki kiminsə nəzarətində olmuşdu.Bu versiya da cinayətin təsadüfi deyil,məqsədli olduğuna inam yaradırdı.Ayaqüstü prokurorla ilkin fərziyyələri təhlil etdilər.
Qisas,gizli münasibətlər və ört-basdır edilən bir sirr…Qizillar yerində qaldıqca,suallar daha da ağırlaşırdı.Cinayətkar(lar)ı qızıl zinət əşyaları niyə maraqlandırmamışdı?
Prokuror:
-Versiyalar diqqətlə araşdırılmalıdır.Hadisə yerinin kriminalistika və cinayət prosesual hüququnun incəliklərinə uyğun müayinəsi aparıldıqdan sonra,dərhal qətlə yetirilənlərin şəkilləri televiziyada yayılsın,onların şəxsiyyətləri ilə bağlı müəyyən məlumatlar əldə edib, zəruru istintaq hərəkətləri davam etdirilsin.Prokurorluqla polisin birgə əməliyyat-axtarış və istintaq qrupu yaradılsın!
Rəis işçilərinin əməliyyat bacarığına və peşəkarlığına güvənərək prokuroru xatircəm etdi:
-Narahat olmayın !
Rayon prokuroru həm nəzəri, həm də təcrübəli dövlət ittihamçısı kimi yerində idi. Nəfsi tox,humanist,ziyalı və erudisiyalı hüquqşünasdı. Ədalətsizlik etməz və həddini aşana yolunu göstərərdi.O,Azərbaycan Cumhuriyyətinin görkəmli iictimai xadimi , İstiqlal mübarizəsinin poeziyada simvola çevrilmiş şairi,ədəbiyyat və siyasət sahəsində milli ruhun carçısı,repressiya dövrünün qurbanı,milli azadlıq ideyalarını lirikada təcəssüm edən,“Dövlət Himni”nin müəllifi ,Milli İstiqlal şairi Əhməd Cavadın oğlu-Yılmaz Axundzadə idi (Ruhları şad olsun) …
Hadisə yerinin texniki baxışı dərinləşdikcə,əvvəlki fərziyyələr istintaq üçün əhəmiyyət kəsb edən detalların ağırlığı altında yenidən formalaşırdı.Qadınlar ov tüfəngindən yaxın məsafədən açılan atəşlə qətlə yetirilmişdi.Bu isə,təsadüfi qarşıdurmanı arxada qoyur,ünsiyyətin əvvəlcədən mövcud olduğu ehtimalını gücləndirirdi.Hadisə yerində tapılan xırda məişət izləri-yarımçıq qalmış kolbasa və çörək tələsik deyil,əksinə ,bir müddət əvvəl birlikdə vaxt keçirmək qənaətini təsdiqləyirdi.İlkin müayinə zamanı əvvəl sakitlik,sonra gərginliyin yaranması ehtimalı da əminlik yaradırdı.Törədilən xüsusilə ağır cinayət maddi səbəblərlə deyil, nəzarətdən çıxan emosiyanın cilovlana bilməməsi ilə bağlı olub.(?)
Hadisə yerinin baxışı zərgər incəliyi ilə davam edirdi.
Belə qənaət hasil olurdu ki,qatil çöldə açılan süfrədən sonra müəyyən səbəblərdən davranışına hakim ola bilməmiş,həmin an vasitəyə çevrilən silahdan istifadə etmişdi.Təqsirin hansı formasına görə cinayət məsuliyyətinə cəlb olunması istintaqa aid məsələdir.Törədilən hadisə bəlkə də planlı yox,nəzarətsiz və cilovlanmayan qəzəbin son nəticəsi idi.Qızıl zinət əşyalarının götürülməməsi hələ”qarət faktı olmayıb”,- demək deyildi.Cinayətin şəxsi xarakter daşıdığına,qurbanların təsadüfi seçilmədiyinə işarə idi.Bu,qeyri insani nəfsin və heyvani şəhvətin,iradə zəfliyinin faciəyə çevrilməsinin ağır bir hekayəsi idi…
Magistral yoldan kənarda,təbiətin səssiz-səmirsiz durduğu çöldə baş verən ağır hadisəni törədənlərin axtarışı narahat gecələrdə davam edirdi…
Narahat,lakin şərəfli xidmətin davam etdiyi günlərin birində quldurluq hadisəsini törətmiş şəxsin yerinin müəyyən edilməsi və yaxalanması üçün əziyyət çəkən əməliyyatçılar qulduru yaxalayarkən ona fiziki güc tətbiq etməkdən vaz keçə bilməmişdilər. Rəis baş vermiş xüsusilə ağır cinayətlə bağlı prokurora məlumat verməklə onun həbsi üçün sanksiya istəmişdi.Prokuror isə,əməkdaşları qulduru gətirərkən maksimum ehtiyyatlı olması barədə xəbərdarlıq etmişdi.
Cinayəti törədəni prokurorluğa cinayət axtarışı şöbəsinin rəisi və iki əməliyyatçı aparmışdı.
Prokuror köməkçisi prokurora polisdən gələnlərin qəbul otağında olması barədə məlumat verir.
-Gəlsinlər.
Prokuror “qulduru” başdan ayağa süzür. Əynindəki pencəyin qolu cırılmış, sifətində qançırlar və laxtalanmış qan izləri varıydı. Üst dodağı partlamışdı…Prokuror xəyala dalmışdı…”Cinayətlərin törədilməsində maddi ehtiyacla yanaşı mənəvi yoxsulluq da insanı ictimai münasibətlərə zidd davranmasına vadar edir.Belə situasiyalarda sübyekt masa üzərindəki diyircəkli daşa bənzər.Toxunmasalar yerə düşməz.Onu yerə salan səbəb var…Mənəvi çatışmazlıq daha qorxuludur.Cinayətkarlıq sosial səbəblərin təsirindən cəmiyyətdə ərsəyə gəlir.Allahın yaratdığ sosial,yer üzünün əşrəfi sayılan ali varlıq sosial səbəblərdən uçuruma yuvarlanır…Lakin ədalətli cəzanın tətbiqi ilə sosial ədalət bərpa olunur”…Prokuror xəyali düşüncələrdən ayrılıb ayaq üstə,əli bağlı dürmuş qulduru bir də humanist baxışları ilə süzdü:
-Bunları (əli ilə polis əməkdaşlarını göstərdi) tanıyırsanmı?
-Başını aşağı dikən “quldur”-tanıyıram,-deyə cavab verir.
-Bunlarmı səni bu hala salıb, düzünü de? Sən prokurorun hüzurundasan. Heç nədən çəkinmə və qorxma.
Əli qandallı“quldur”prokurorun ona belə sualla müraciət etməsini əsla gözləmirdi.Axı, cinayət törədənlərlə polis necə davranmalıydı? Fiziki güc tətbiq etməyin özü də“profilaktika”nın bir növü kimi qəbul edilirdi.Ona görə də“cinayətkar” sifətindəki xəsarətlərdən şikayətçi deyildi.“Əməlimə görə çəkdiklərimdir”,-deyə düşünürdü. Düşünürdü ki, prokuror-“quldurluq etmisənmi?”,- sualını verəcək. Amma, prokuror qayğı ilə yanaşdı: “Bunlarmı səni bu hala salıb?”- sualına cavab istədi. “Cinayətkar” isə xırıltılı səslə:
-Qaçanda yıxılmışam.
-Harda qaçanda, niyə qaçırdın, kim səni qovurdu?
-Polisdən uzaqlaşmaq, yaxalanmamaq istəyirdim.
Prokuror:
-Yalan danışırsan!
Sonra əlini telefona uzadıb rəisə zəng etdi.Köməkçisinə isə “Cinayətkarın” qəbul otağında gözləməsinə işarə verdi.
-Bir daha salam Rəis.Sanksiyaya göndərdiyin adamdan xəbərin yəqin yoxdur.Bu qədər özünə güvənmək olmaz! Qanunlara hörmət və ehtiramla yanaşmaq lazımdır!
Rəis əvvəlcə heç nə anlamadı.
-Yılmaz Cavadoviç! Qanun, qanundur. Hər birimiz üçün uca və alidir! Qarşısında həmişə farağat durur,təzim edirik.
-Bir dəqiqə imkan verin fikrimi tamamlayım. Cinayətkarı yaxalamısınız çox sağ olun,çox yaxşı,vəzifəniz və borcunuzdur,təqdir olunmalıdır və onun həbsi sanksiyalaşmalıdır.Döymüsüz,yenə göz yummaq olar.Amma siz,onu sanksiya üçün prokurorun yanına gətirirsiz. Heç olmasa onun üst-başını,sir-sifətini bir sahmana salın. Ayıbdır axı,öz cinayətinizi də prokurorun hüzurunda nümayiş etdirirsiz?! Ona görə,quldur faktı rədd etsə də, mən inanıram ki, o,döyülüb və faktla bağlı cinayət təqibinə başlamağa tapşırıq verirəm!
Rəis, kabinetində qərar tuta bilmədi. “Prokuror haqlıdır. Bu qədər olmaz?! Aramızda xoş münasibət olsa da, heç vaxt ondan sui-istifadə etməmişəm və buna imkan da verməyəcəm,”-düşüncələrilə otaqdan cıxıb prokurorun yanına tələsdi. Qəbul otağında əyləşən qulduru görəndə hər şey ona aydın oldu.Cinayət axtarış şöbəsinin rəisini kənara çəkib:“Qatilin üst-başını təmizləmiyi də mən sizə deməliydim ,ağlınız kəsmirdi? Bu qədər harınlamısınız?”-deyib prokurorun kabinetinə keçdi. İlk öncə heç biri danışmadı. Sonra sükutu prokuror pozdu:
-Gördün qulduru?
-Gördüm.
-Necə təsir bağışladı? Buna nə ad vermək olar? Bu, vəzifədən sui-istifadə, həddini aşma və başqa bir cinayətin adıdır. Bunu bağışlamaq olmaz, rəis! Razısızmı?
-Sizinlə tam razıyam. Mən buna haqq da qazandırmıram.Amma,…
-Heç bir əmması yoxdur,Rəis.Bu ,işçilərinin cinayətidir!
-Sizinlə razıyam,Yılmaz Cavadoviç! Amma,icazə versəniz özüm bunları tənbeh edərəm. Əks təqdirdə, hörmətli prokuror,… əməliyyatçıların…
Prokuror rəisin nə demək istədiyini anladı.
-Düz deyirsiz…
Sonra söz,sözü çəkdi. İki hüquqşünas bəzi nəzəri məna kəsb edən məsələləri bölüşüb mübadilə etdilər:”Cinayətkarlar-cinayətlər və cinayətkarlıqla mübarizə aparanlar arasında bir boşluq və deyərdim ki,bir yaxınlıq da var,onu tapmaq lazımdır. Niyə cinayət törədilir və niyə onlara qarşı” həddi aşmadan” ötüşmək olmur? Qəsdən,bil-bilə, ağlı kəsə-kəsə,nə etdiyini dərk edib cinayət törədirsə və nəticəsini də öncədən görüb arzu edirsə nə ermək?!..Bəzən profilaktik tədbirlər də səmərə vermir…”
Rəis də peşəkar və nəzəri baxımdan hazırlıqlı idi.
Şübhəm yoxdur ki,Yılmaz Cavadoviç,siz böyük rus və dünya ədəbiyyatına ən çox töhfələr verən və ən çox oxunan yazıçılarından biri Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxumusuz.Əsərin qəhrəmanı,cani və qatil Roskolnikov haqqında məlumatınız da var.Böyük yazıçı dəhşətli və xüsusilə ağır cinayətə səbəb olan çatışmazlıqlara,caninin mənəvi aləmində yaranan kataklizmlərə sanki güzgü tutur,insan mənəviyyatındakı aşınmaları dünyaya çatdırır…Belə insanları ailədə,kollektivdə və cəmiyyətdə tərbiyə edə bilmiriksə,azadlıqdan məhrumetmə yerlərində onların islah olunması çox çətindir,əksinə,onlar bir az da residivləşirlər…
Zənnimcə,Kriminoloğiya elminə-Cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılmasına,cinayətkarın şəxsiyyəti ilə bağlı bəzi kriteriyalara önəm verməyə ,onu öyrənməyə ehtiyac var.Digər tərəfdən Viktimologiya(cinayətlərin qurbanları haqqında elm) elminə istinad etsək,cinayətlərin qurbanlarını-zərəçəkənlərin də,ətrafında çox görüləsi işlər var…Lakin bu barədə Elmi Tədqiqat İnstitutları məşğul olmalıdır….Cəmiyyət varsa,cinayətlərin olması da mütləqdir.Hər bir cəmiyyətin özünə xas cinayətkarları və cinayətləri olur…
Nə qədər ki, cəmiyyətdə açılmayan cinayətlərə görə danlaq,cəza və ciddi tələbkarlıq var,əməliyyatçılar da axtardıqlarıni tapa bilməyəndə “obyektlərinə” qarşı çox acıqlı olacaqlar və axtarış səmərə verən kimi,yəni “ov“ əllərinə düşən kimi onu bir az “sığallayırlar”. Tarixən belələrinin davranışları həmişə izlənilib,nəzarətdə olub. Bir anlıq Fransızların romantik şairi,romançı Viktor Hüqonun “Səfillər”ini də xatırlayın…
Prokurorun sifətində təbəssümü görən rəis, özü də gülməyə başladı. “Sanki bir çətin kazus da belə həll olunurdu.” Bu, prokurorun humanistliyinin canlı təzahürü idi….
Axşam saat 21:00 da ANS-in xəbərlər proqramında şəxsiyyətləri məlum olmayan meyitlərin şəkilləri efirdə yayıldı.Televizorun işığı gecənin qaranlığını yarıb otağa doldu.Ekranda ard-arda verilən şəkillər-donuq baxışlar,meyidə xas üz cizgiləri,vaxtsız sönmüş həyatın səssiz şahidləri-meyit fotoları və aparıcının ölçülü səsi otaqda ağır bir mühit yaratmışdı. Heç bir saat keçməmiş qətlə yetirilən xanımların kimliyi barədə polis idarəsinə informasiyalar daxil olmağa başladı.Növbətçi hissəyə daxil olan zənglər ”Bu mənim bacımdır”…-deyə titrək qadın səsi xətti yarıb sanki növbətçi hissədə qərar tuturdu.Artıq naməlumluq pərdəsi kənara çəkilmişdi.Ekranda təqdim edilən şəkillər yarımçıq xatirələrə çevrilirdi.Kiminsə çin olmayan arzusu,kiminsə geri dönməyən yolu,kiminsə evdə gözlənilən,amma qapısı bir daha açılmayan övladı…Televiziya kanalı bir gecənin içində yaddaşları zəbt etmişdi…
Polis idarəsində işıqlar sönməmişdi.Rəis ekran qarşısında durub şəkillərə baxırdı.Ölümlə nəticələnən hekayəni kino lenti kimi gözünün önünə gətirdi.Qurbanların şəxsiyyətləri bəlli olsa da ,amma əsl həqiqət hələ bilinmirdi,qaranlıqda idi.O qaranlıqlar isə “Narahat gecələr”in yeni başlandığını pıçıldayırdı…
Rəis xidməti kabinetində tək idi.Divar saatındakı sarı rəngli əqrəblərin yorğun taqqıltısı eşidilirdi.Televizorda bir az əvvəl nümayiş etdirilən zərif üzlər hələ də gözlərinin önündən çəkilmir,bir sual beynini tərk etmirdi:”Bu qadınları niyə və kim öldürüb?”
Rəis belə ağır xidmətə artıq öyrəşmişdi.Törədilən cinayətdə zorakılıqlardan çox laqeydlik,nifrətdən çox soyuqluq müşahidə olunurdu.Cinayətin sübyekti insan həyatını lazımsız bir detal və ya maneə sanıb,onu lazımsış əşya kimi kənara atmışdı.Niyə?
Rəisi narahat edən başqa şey də var idi: Qadınların qısa müddət ərzində yoxluğu ilə niyə heç kim maraqlanmamışdı? Televiziyadan sonra isə rayon,şəhər,bəlkə ölkə bu barədə danışır.Bu qədər biganəlik və laqeydlik nədəndir? Astadan:Gecikmiş həqiqət,-deyə pıçıldadı.Ən ağır olan da budur! Pəncərəyə yaxınlaşıb gecəni seyr etdi,“bu gecə narahat və uzun çəkəcək,çox uzun!”- sözünü də astadan pıçıldadı.Baharın gəlişinə sevinmək istədi,amma bu fəsli atalarımız qan qaynadan bir ay adlandırıblar,-deyə onu bir az qınadı.”Neçə dəfə elə məhz bu ayda işlər qarışmışdı,çiçəklərin açdığı bu günlərdə kiminsə taleyi qapadılmışdı…Bu təsadüfə oxşamır,zərurətdir,bəlkə də…
Ağır əməlin qurbanlarına çevrilmiş qadınların evində hamı ekranda göstərilən üzü qucaqlamaq,son məzilə yola salmaq üçün sanki növbəyə durmuşdular.
-Bu odur,Samirədir… mənim bacım…
Ata isə sanki günahkar idi,səsini çıxartmırdı.Göz yaşları da ünvanına gecikmişdi…
Evin içinə sükut çökmüşdü.O sükutda cavabsız suallardan başqa heç nə yoxuydu.Ekranı qapamaq istəsələr də,alınmırdı.Ekran onların dərdinə sanki şahidlik edrdi.
O gecə o evlərdə heç kim yata bilmədi.Qapı bağlı idi,amma ağrı içərini elə zəbt etmişdi ki,bir kimsənin onu bayıra atmağa gücü yetmədi…
İstintaq materiallarından məlum oldu ki,Ağır cinayətin qurbanları-Samirə ilə Xatirə(adlar şərtidir) rəfiqə olmuşlar. Samirə Günəşli qəsəbəsində, Xatirə isə İçəri şəhərdə yaşayıb. Samirə bir otaqlı mənzilini təmir etdirdiyinə görə, müvəqqəti olaraq rəfiqəsi ilə bir yerdə-İçəri şəhərdə yaşamış, özünə məxsus geyim paltarlarını da çamadanına yığıb onlarda qoymuşdu.Ustalar Şamaxı şəhərinin sakinləri olmuşlar. Ustalar hadisə baş verən günü Samirə və Xatirə ilə birlikdə Şamaxıda bir neçə gün istirahət etmək qərarına gəlmişlər…
Fotoların televiziyada yayılmasından sonra Samirənin bacısı polis idarəsinə gəlib istintaqa zəruri məlumatları vermişdi. Hər şey həyata keçirilən istintaq və əməliyyat-axtarışı üzrə tapşırıqların çevik,zərgər incəliklərilə araşdırılmasından sonra bəlli olacaqdı. Cinayət işinin İstintaqı xüsusi nəzarətə götürülmüşdü…
Hadisə yerinin müayinəsi “qisas alma”, “qarət etmə” versiyalarını rədd edirdi. Amma fakt faktlığında qalırdı. Qətl odlu silahdan istifadə etməklə baş vermişdi. Digər versiya isə-qadınlara təcavüz etmə bir az ağlabatan olmasa da,bu sual məhkəmə tibbi ekspertizasının predmetində özünə yer tapacaqdı. Təcavüz olmuşsa belə,yenə sual yaranırdı: Təcavüzdən sonra niyə məhz qətlə yetirmək lazımıydı? Cavabını da ehtimal etmək olardı: Qadınların şikayət vermək istəyini qapamaq! Bir növ məqsəd şahid bazasını aradan götürməkdən ibarət ola bilərdi. Hələlik qənaət beləydi…
Hadisə ilə bağlı birgə əməliyyat-istintaq qrupu yaradılmışdı. Qrupun rəhbəri rəisin əməliyyat üzrə gənc müavini təyin edilmişdi.İstintaqın gedişi DİN-nin və Baş prokurorluğun nəzarətinə götürülmüşdü. Hadisədən heç bir gün keçməmiş baş prokurorun istintaqa nəzarət üzrə müavininin yanında əməliyyat müşavirəsi keçirildi.
Cinayət işinin açılması üçün 1 həftə vaxt verildi. İşin istintaqı barədə hər gün baş prokurorluğa və DİN-ə məlumat verilməsi tapşırıldı.
Baş prokurorun müavini: Rəis sözünüz varsa buyurun.
-Sözüm yoxdur. Vaxtı öldürmək də cinayətdir, yoldaş prokuror. İcazə verin sizi tərk edib, işimizə başlayaq.
Bəli, vaxt azdır,çox təəssüf ki,onu saat əqrəbləri kimi geri qaytarmaq olmur…Kaş bunu unutmayaydıq!
Bəzən vaxt çatışmır,vaxt yoxdur,-deyə
Vaxtın azlığından gileylənirik.
Bir manat itirsək,gəzirik,niyə?
Bir günü itirsək heyifslənmirik?
(Ardı var…)

Şəmsəddin Əliyev
Polise.az



