ABŞ-nin məqsədi İrana hücum etmək deyil – Politoloq

ABŞ-nin son aylarda Yaxın Şərqdə hərbi-siyasi fəallığını artırması, xüsusilə də hərbi gəmilərin Fars körfəzinə yaxınlaşdırılması regionda gərginliyi xeyli yüksəldib.
Vaşinqtonun bu addımları təkcə İran üzərində təzyiq mexanizmi kimi deyil, eyni zamanda qlobal güc balansında mövqeyini qorumaq cəhdi kimi də dəyərləndirilir. Belə bir şəraitdə əsas sual ondan ibarətdir ki, ABŞ bu qədər hərbi və siyasi hazırlıq gördükdən, donanmasını Fars körfəzinə cəmləşdirdikdən sonra istədiyi siyasi nəticəni əldə etmədən geri çəkilə bilərmi? Əgər geri çəkilərsə, bu addım ABŞ-nin beynəlxalq nüfuzuna və qlobal liderlik iddiasına ciddi zərbə vurma bilərmi?
Bu haqda Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin fikrincə, hazırda İran ətrafında baş verən hadisələr ABŞ-nin Yaxın Şərqi yenidən dizayn etmə prosesinin tərkib hissəsidir:
“Hətta İrana qarşı hərbi müdaxilə olmasa belə, ABŞ Yaxın Şərqdə tam nəzarət və yeni qaydalar tətbiq etmək niyyətini bir daha üzə verir. Yəni burada mütləq şəkildə savaşın baş verməsi vacib deyil. Əsas məsələ ABŞ-nin Yaxın Şərqdə mütləq güc sahibi olduğunu göstərməsidir. ABŞ Yaxın Şərqdə güc balansını yeni şərtlər daxilində formalaşdırır. Bu baxımdan da İran ətrafında gərginliyin böyük ölçüdə geosiyasi bir bəhanə olduğunu düşünmək olar. Digər tərəfdən, ABŞ-nin İrana hərbi müdaxiləsi məsələsi də bir qədər qəliz mövzudur. Burada Ağ Evin əsas hədəfləri bir qədər fərqli məzmun daşıyır. ABŞ İrandakı kütləvi etiraz aksiyalarından öz maraqları çərçivəsində istifadə edir”.

Politoloqun sözlərinə görə, etiraz aksiyalarının iştirakçılarının, rejimin zorakılığına məruz qalan insanların gələcək taleyi ABŞ-ni demək olar ki, heç maraqlandırmır:
“ABŞ hərbi gücdən istifadə etməklə İrana təzyiq edir. ABŞ tələb edir ki, İran nüvə proqramını tamamilə dayandırsın, zənginləşdirilmiş uranı təhvil versin, balistik raket istehsalını dayandırsın və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırsın. Eyni zamanda İranın 300 kilometrdən uzağa zərbə endirmək qabiliyyətinə malik raketlərə sahib olmaması tələb olunur. Daha bir şərt kimi, İranın öz proksi qüvvələrinə göstərdiyi dəstəyi tamamilə dayandırması istənilir. Bu tələblər yerinə yetirildiyi təqdirdə ABŞ-nin İrana zərbə endirəcəyi qətiyyən inandırıcı deyil. Əgər rəsmi Tehran bu tələblərin yerinə yetirilməsindən imtina edərsə, bu qarşıdurmanın hansısa mərhələsində həqiqətən də hərbi toqquşmalar baş verə bilər. Ancaq hələlik bu proses tam yekunlaşma mərhələsinə yaxınlaşmayıb. Ona görə də böyük ehtimalla bir müddət qarşılıqlı ittihamlar və qarşılıqlı təhdidlər davam edəcək. Bu baxımdan hesab etmək olar ki, ABŞ və İran arasında hərbi toqquşmaların olub-olmaması daha çox səhnəarxası diplomatiyadan asılıdır. Səhnəarxası diplomatiyada müsbət nəticələr əldə olunarsa, savaş təhlükəsindən də yayınmaq mümkün ola bilər”.
Polise.az



