Murovun donan gecəsi: xatirələr ərimir – döyüşçü zabitin yazısı

Meşədə gizlənmişdik.
Gecə asta-asta torpağın üstünə çökürdü.
Səma qaranlıq idi, amma içimizdəki qaranlıq ondan daha dərin idi. Yağış dayanmırdı, hava isə çox soyuq idi… yox, “soyuq” söz deyil.
Soyuq insanın sümüyünə girir, iliyinə işləyir, fikrini dondurur, qərarını əlindən alırdı.
Yeri qazıb sığınacaqlar düzəltdik. Ağac budaqları ilə üzərini örtdük.
Üç-dörd nəfərlik dar, nəfəs qoxuyan, torpaq iyli bir yuva.
Yaralılarımız üçün də düzəltdik. Sanki ölümün içində həyat üçün balaca yer qazırdıq.
Yer su idi. Qoruyucu jiletlərimizi çıxarıb altımıza sərdik. Dörd XTQ mənsubu və mən bir-birimizə qısılıb uzandıq.
Gecənin yarısı… Soyuq artıq sındırırdı.
Paltarlarımız sulu, əllərimiz key, dodaqlarımız lal.
Nə edəcəyimizi bilmirdik. Qərar verdik.
Uzandığımız yeri bir az da qazdıq.
Balaca bir çala. Balaca bir ümid.
Ocaq qalamaq intihar ola bilərdi.
Sağımızda, qarşımızda düşmən mövqeləri.
Solumuzda uzaqda öz artilleriyamız.
Bir alov iki tərəf üçün də hədəf ola bilərdi.
Amma donmaq üzrə olan insan üçün risk anlayışı dəyişir.
Soyuq səni elə həddə çatdırır ki, ölümün formasını seçmək istəyirsən.
Ocağı qaladıq. Tüstü içəri doldu.
Gözlərimiz yandı. Yaranan közü altımıza yığıb üzərini yenidən torpaqladıq (altdan isti gəlsin deyə).
Biz… biz xoşbəxt idik.
Bəli, müharibədə xoşbəxtlik…
Bir ovuc közə görə. Bir az istiliyə görə.
Günlər sonra ilk dəfə sevinmişdik…
Müharibədə sevinc… Müharibədə sevinc olmur axı…
Üzərimizə yağmayan mərmi qalmadı.
15–20 metrliyə düşən partlayışlar torpağı silkələyirdi.
Yer titrəyirdi.
Qaçdıq. Səpələndik.
Amma yaralıları qoyub getmək olmazdı.
Heç bir halda!
Yağış yağırdı. Palçıq ayaqlarımıza yapışırdı.
Raketlər susmurdu.
Raketləri bizimkilər atırmış.
Biz ocağı qalamaqla səhv etmişdik. Onlar isə ayıq idilər.
Bu, müharibə idi. Burada səhvlər ölümlə ölçülür.
Rabitəyə çıxa bildik: vurduğunuz bizik…
Səma yavaş-yavaş susdu. Partlayışlar kəsildi.
Heç birimiz xəsarət almamışdıq.
Bu, möcüzə idi.
Yenidən gecə meşənin üstünə çökmüşdü.
Yağış altında titrəyirdik. Köz yox idi. İstilik yox idi.
Sadəcə nəfəs almaq vardı. Və sabahı gözləmək…
O gecə anladım:
Soyuq insana düşməni belə unutdurur.
Sən artıq kimə qarşı döyüşdüyünü yox, sadəcə yaşamaq üçün nə qədər dözə biləcəyini düşünürsən.
Bu gün — 14 fevralda — Murovda düşmənlə və soyuqla mübarizə apararaq donan, itkin düşən qəhrəmanlarımızı anırıq.
Onlar bəlkə də son anda üşümürdülər artıq.
Ən dəhşətlisi də budur ki, insan donarkən bir an gəlir, istilik hiss etdiyini sanır.
Amma o istilik ölümün sakitliyidir.
Müharibədə qəhrəmanlıq bəzən səssiz olur.
Və bəzən ən böyük qələbə sadəcə səhərə sağ çıxmaq olur.
O gecə yaşananları düşünəndə sanki bədənimə üşütmə gəlir.
O səhərə çıxa bilməyənlərin ruhu qarşısında baş əyirəm.
Murovun qarı ərisə də, o gecənin soyuqluğunda yaşananlar yaddaşımızdan heç vaxt əriməyəcək.

Tariximizə hörmətlə,
Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı
İqbal Səfərov



