“İdrak” müəlliməsini güllələmiş şagirdin kimliyi bu səbəbdən hələ açıqlanmır…

Şəmsəddin Əliyev: “Uşağın kimliyinin açıqlanmaması ona və ailəsinə dəyə biləcək fiziki və mənəvi zərərin qarşısını almağa xidmət edir”
“İdrak” liseyində müəlliməni güllələyən şagirdin kimliyi barədə hələlik heç bir rəsmi məlumatın açıqlanmaması müxtəlif şayiələrin yayılmasına səbəb olub. Spekulyasiyalar artmaqdadır. Biri iddia edir ki, uşağın atası vəzifəli və tanınmış bir şəxsdir, yüksək vəzifəli dövlət məmurudur. Digəri isə yazır ki, uşağın atası tanınmış elm adamıdır. Məhz informasiya çatışmazlığı belə fərziyyələrin yaranmasına zəmin yaradır. Hər kəs öz ehtimalını irəli sürərək müxtəlif versiyalar səsləndirir.
Lakin mümkündür ki, uşaq haqqında dəqiq məlumatların (ad, soyad, valideynlər və foto) dərc edilməməsi onun təhlükəsizliyi ilə bağlıdır. Məsələn, zərərçəkənin yaxınları qisas məqsədilə uşağa zərər vermək istəyə bilərlər. Həmçinin ölkədə ictimai sabitliyi pozmağa yönəlmiş addımların qarşısını almaq üçün belə məhdudiyyət tətbiq oluna bilərmi?
Bu qapalı yanaşma təhlükəsizliklə nə dərəcədə bağlıdır? Hüquqi baxımdan uşaqların kimlik məlumatlarının gizli saxlanılması onların fiziki və psixoloji təhlükəsizliyi üçün əsaslı hesab olunur. Belə hallarda qanunvericilik, xüsusilə uşaq hüquqları və cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi ilə bağlı normalar şəxsi məlumatların açıqlanmamasını tələb edə bilər.
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, burada cəmiyyət üçün uşaq hüquqları ilə bağlı mühüm bir məqam çoxlarının diqqətindən yayınır. O qeyd edib ki, Konstitusiyanın giriş hissəsində xalqın keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyəti və əsas dəyərlər təsbit olunub. Bu dəyərlər sırasında hüquq və azadlıqlar xüsusi yer tutur.
Onun sözlərinə görə, 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Uşaq Hüquqları Haqqında Qanunu mövcuddur. Bundan əlavə, Azərbaycan 1992-ci ildə Uşaq Hüquqları haqqında Konvensiyaya qoşulub və BMT-də 1997-ci ildə bu konvensiyaya nəzarət edən komitə yaradılıb.
“Uşaq” dedikdə həddi-büluğa çatmamış şəxslər nəzərdə tutulur. Həddi-büluğa çatana qədər uşaqlar üzərində əsas məsuliyyət ailənin üzərinə düşür və dövlət onları xüsusi himayədə saxlayır. Atalıq və analıq qanunla qorunur, valideynlərin borcu isə uşaqları milli-mənəvi dəyərlərə malik vətəndaş kimi tərbiyə etməkdir.
Hüquqşünas bildirib ki, söhbət ağır cinayətdən getsə də, qanunvericiliyə əsasən uşaqlar haqqında müəyyən məlumatların yayılması qadağandır. Sosial şəbəkələrin mövcudluğu bu məhdudiyyətlərin praktik tətbiqini çətinləşdirsə də, cinayət-prosessual yanaşmaya görə istintaq müəyyən məlumatları açıqlamırsa, media da bu çərçivədən kənara çıxmamalıdır. Bu, həm ailəyə, həm də uşağa hazırda və gələcəkdə dəyə biləcək fiziki və mənəvi zərərin qarşısını almağa xidmət edir.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən 14 yaşı tamam olmuş şəxslər ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edilə bilərlər. Digər hallarda isə cinayət məsuliyyəti 16 yaşdan başlayır. Əgər uşağın 15 yaşı tamam olubsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqşünas qeyd edib ki, uşağın azadlıqda qalması həm onun özü, həm də ailəsi üçün təhlükə yarada bilər. Buna görə də məhkəmə qərarı ilə cəmiyyətdən təcrid olunması həm istintaqın normal aparılmasına, həm də təhlükəsizliyin təminatına xidmət edir.
Eyni zamanda, hadisədə istifadə olunan silahın kimə məxsus olması da araşdırılmalıdır. Silahın diqqətsiz saxlanılması sübuta yetirilərsə, onun sahibi də məsuliyyət daşıya bilər.
Hüquqşünas əlavə edib ki, əgər valideyn vəzifəli şəxsdirsə, bu, məsələni daha da ciddiləşdirir: ictimai maraqlara xidmət etməli olan şəxs öz övladının tərbiyəsində məsuliyyət daşıyır. Valideynlərin kimliyinin gizli saxlanılması da müəyyən təhlükəsizlik və hüquqi səbəblərlə bağlı ola bilər.
Akif NƏSİRLİ



