NARAHAT GECƏLƏR (3hissə)

Xəyanət odlu silahdan təhlükəlidir…

                                                        III hissə

 Prokuror köməkçisi icazə alıb, içəri daxil oldu. Yoldaş prokuror, telefonda rəisi istəyirlər.

-Xeyirdimi? Kimdir soruşan?

-Polis idarəsinin növbətçi hissəsindəndir.

-Deyin kabinetimə zeng etsinlər.

Telefonda novbətçi Ramazanov idi.

-Yoldaş prokuror, rəisimizi olar? Növbətçi hissədən daxil olan telefon səsində həyacanın olması aydın eşidilirdi.

-De görüm nə olub, rəis yanımdadır. Ramazanov, sənin ayağın çox ağırdır. Yenə hadisəmi var?

-Bəli yoldaş prokuror. Binəqədi qəsəbəsinin neft mədəni deyilən ərazisində neft məhlullu,mazutlu gölün kanarında QAZ 2410 markalı “Volqa” avtomobilində,baş nahiyəsinin sağ gicgahından güllə yarası ilə qətlə yetirilmiş,şəxsiyyəti məlum olan sürücü Anar Şıxəliyevin meyiti tapılıb.

Kabinetə sükut şökdü,baxışlar bir-birinə dikildi. Prokuror dərindən köks ötürdü. Əlindəki çay fincanını yerə qoyub sükutu pozdu:

-Oturmağın mənası yoxdur.Xidmətimizin başlanğıcı mübarizəni peşəkarlıqladavam etdirmək,sonu isə səmərəli nəticəni görməkdən keçir,Rəis!Gedək, hadisə yerinin müayinəsində iştirak edək.Qısa müddət ərzində üçüncü qətldir. Deyəsən zaman bizi sınağa çəkir, Rəis!  Amma ……sözünün davamını gətirmədi.

Hadisə Binəqədi qəsəbəsinin neft qoxulu, “mədən” deyilən ərazisində  baş vermişdi.Mazutlu göl gündüzün işığını sanki özünə çəkmişdi .Hava da ətraf kimi yanmış neft qoxusunu verirdi.Bir az kənarda ömrünü yaşamış köhnə nasos qurğuları küləyin təsirindən uğultulu səs çıxarırdı.“Qara Volqa” yarı örtülü asfalt yolun kənarında, mazutun qarışdığı torpaq səthində tək dayanmışdı. Mühərrikin damı soyumuşdu.Sürücü başını sükana söykəyib sanki yuxuya dalmışdı. Sağ gicgahında,kəllənin qulaqdan alın sümüyünə qədər olan nahiyəsində ehtimal  edilən tək güllə dəliyi varıydı. Qan artıq laxtalanıb dayanmış,paltarının liflərinə hopmuşdu.Açıq qalan pəncərədən içəri dolan qoxulu hava sürücünün son nəfəsinin izi ilə gəlib maşının salonunda dayanmışdı.Ətrafda qəribə bir sükut varıydı.Şəhərin səsi bura gəlib çatmırdı.Qatil bu məkanı sanki gizlətmək üçün seçmişdi.Kiçik mazut gölünün səthi də sakit,tərpənmirdi.Qara güzgü kimi-baxanı udurdu,göstərmirdi.Amma hadisəni yəqin ki,yaddaşında saxlamışdı…

 Prokuror diqqətlə sükan arxasında “uyuyan” sürücünü nəzərdən keçirtdi:  Ehtimalım belədir ki, qətlə yetirilən elə maşını idarə edəndir. Qənaətini də belə anlatdı. Rəisin “hardan belə qənaətə gəldiniz, yoldaş prokuror?” – sualına macal verməyib sözünə davam etdi: Sağ ayağı hələ də əyləcin üstündədir. Çox güman ki, yanında əyləşən adam ona çox simsar, yaxın olub. Məqsəd intiqam və qisas almaqdan da ibarət ola bilər. Nə maşın, nə də sürücü qarət edilməmiş,sürücüyə məxsus əşyalara toxunulmamışdı… Niyə məhz intiqam?! Bu başqa məsələdir, yəqin ki, istintaq bunu araşdıracaq… Rəis,bəzən xəyanət, sandıqçası patronla dolu olan odlu silahdan da təhlükəli olur,tətiyə toxunmadan da  açılır…

Qətlə yetirilmiş sürücünün qolundakı saat 11:30-u  göstərirdi. Prokuror müstəntiqə və ekspert-kriminalistə hadisə yerinin müayinəsi ilə bağlı tapşırıqlar verdi …

Rəis xidməti otağında prokurorla  cinayət-prosesual incəliklər, cinayətin motivi və fərziyələrlə bağlı çox götür-qoy etdilər. İlkin,çevik nəticələr ehtimala – prezumpsiyaya söykəndiyindən prosesual qənaətə gəlmək çox riskli idi,cinayətin izini azdıra bilərdi. Bu arada növbətçinin telefonu yenə sükutu pozdu.

-Rəis, “Qorotdel”in rəisi General yanınıza qalxdı. Növbətçi sözünü çaşqınlıqla ifadə etdiyindən rəisin soruşmaq istədikləri yarımçıq qaldı. Qapıya yaxınlaşarkən, general içəri daxil oldu.

General çox təcrübəli və məlumat bazası zəngin idi. Əhəmiyyət kəsb edən cəhət ondan ibarət idi ki, o,uzun müddət  məhkumların cəzasını çəkdiyi islah-əmək düşərgəsi Baş idarənin rəisi işləmiş, məxfi şəbəkənin  məlumat bankından çox faydalanmışdı.

Hadisə ilə bağlı mülahizələrini bölüşdülər, fərziyələr generalın diqqətinə çatdırıldı. General təmkinlə hər şeyi dinlədi.lakin öz fikri barədə bir şey söyləmədiyindən prokuroru  düşünməyə vadar etdi. Rəis isə ilkin versiyaların general tərəfindən qəbul edilməməsinin qənaətində idi.

General:                                                                                                                                                                          -Yaxşı,mane olmayım, istintaq-əməliyyat qrupunu  peşəkarlardan ibarər tərkibdə yaradın. Çalışın şəhər polisinin əməliyyatçıları da orda iştirak etsin. Hörmətli prokurorun bu işə ciddi nəzarət edəcəyinə şübhəm yoxdur. Məlumat üçün deyim ki, qəbul otağında bir nəfər sizinlə görüşmək istəyir. Belə anladım ki, mərhumun qaradaşıdır, Şəkidən gəliblər. Zənnim məni aldatmırsa o,əvvəllər ağır cinayətə görə məhkum olunub.Baş İdarəyə rəhbərlik etdiyim dövrlərdə onunla bircə dəfə görüşməyimi dumanlı şəkildə xatırlayıram.Hər ehtimala görə araşdırın,səhih məlumatdırsa şəxsi işini tələb edib nəticəsini mənə bildirin…

Çox qaranlıq bir tapşırıq idi. General  qardaşa qatil kimi baxırdı. Heç ağlabatan deyildi. Vaxtımızı buna sərf etsək, cinayət bağlı qala bilər-deyə rəis fikirlərini prokurorla bölüşdü.Amma, nədənsə tapşırığa real yanaşmadı. Yenə sükutu prokuror pozdu: Generalın fikrini qəribçiliyə salmayaq, həyatda ata və  anasını qətlə yetirənlər azmı olub? “Tak çto” vaxtı bihudə vermə, işimizi çevik aparaq. Vaxt xeyrimizə işləmir. Bayaq qeyd etdiyinə qüvvət olaraq,xəyanət bütün hallarda odlu silahdan təhlükəli olur,tətiyə toxunmadan da açıla bilər.Ona görə, adı xəyanətdir.Onun hansı milli və dini mənsubiyyətə malik  olması əsla fərq etmir,o həmişə təhlükəlidir! Çağır şikayətçini birlikdə dinləyək…

Şikayətçi kabinetə daxil oldu. Ədəb ərkanla salam verdi və sağ əlini sinəsinə qoyub təzim etdi.Sonra hönkürdü .”Başa düşüləndir,qardaşıdır,ağlamalıdır…”                                                                                                                     Prokuror:                                                                                                                                                                      -Əyləşin, buyurun, sizi dinləyirik. Sən mərhumun qardaşısan?                                                                                      -Bəli, böyük qardaşıyam.                                                                                                                                             -Rəhmətlik evliydi?                                                                                                                                                         -Bəli, iki oğlu var.                                                                                                                                                         -Rayonda yaşayırdı, yoxsa Bakıda?                                                                                                                               -Yox,rəhmətlik şəhərdə yaşayırdı, uşaqlar isə Şəkidə.                                                                                                    -Şəhərdə harda yaşayırdı?                                                                                                                                              -Yeni Yasamalda, “Naxalstroykalarda”.                                                                                                                         -Kiminlə qalırdı, ev özününküydü,yoxsa kirayədə qalırdı?                                                                                            -Xeyr,orda bir xanımla yaşayırdı. Ev xanıma məxsus idi.                                                                                                 -Xanımın adı və ünvanı barədə məlumatın varmı, evin yerini göstərə bilərsənmi?                                                       -Bəli.

Mərhumun qardaşı dolmuşdu. Nəsə yenə demək istəyirdi ki, prokuror sözünü kəsdi

-Yaxşı, çıx qəbul otağında bir az gözlə.

Prokuror:

-Rəis, yubanmaq olmaz. Təcili “uşaqları” göndərin həmin xanımı şöbəyə gətirsinlər. Hadisənin izinə demək olar ki, düşmüşük. Bu anda prokuror şikayətçinin geri çağırılmasını xahiş etdi. Görək bunun məhkumluğu olubmu, olubsa hansı cinayətə görə?!  General elə – belə demədi ki, bunu yoxlayın, məhkumluğu var.

Növbətçi şikayətçi ilə içəri daxil oldu.

Prokuror:

-Əyləş. De görüm,heç tutulub eləmisən, yəni həbsdə yatmısanmı?

-Şikayətçi  gözlənilməz sualdan udqundu. Sonra qırıq səslə-bəəəli!

-Nə üstündə,

-Adaaam öl..dürmüşəm.

-Harda?

-Şəkidə.

-Nə ilə öldürmüşdün?

-Silahla, tapançaaa ilə.

Prokuror daha dərinə getməyib sorğu-sualı dayandırdı. Bir an rəisə baxdı. Hər ikisinin baxışlarında bir sevinc varıydı. “Vallah qatil yanımızdadır. Bunu buraxmaq olmaz”. .. Prokuror belə düşünürdü.

Şikayətçi ilə bərabər idarənin əməliyyat işçiləri Yeni Yasamala tapşırığın icrasına yollandılar. Nahardan bir az vaxt ötmüş əməliyyat qrupu həmin xanımla rəisin yanına qalxdılar. Rəis şikayətçini növbətçi  hissədə saxlanılması haqda göstəriş verdi. “Mənim razılığım olmadan onu heç kimlə görüşdürməyin”.                                                       Növbətçi:                                                                                                                                                                      -Rəis, Şəkidən mərhumun atası və anası da gəliblər, qətlə yetirilən övladlarının cəsədini aparmaq istəyirlər.                -Qaldırın yanıma.                                                                                                                                                        Xanımla söhbətə prokuror başladı.                                                                                                                               Rəis şikayətçiləri qadını görməsinlər, deyə onları başqa otaqda qəbul etdi və həkim müayinəsindən sonra meyiti aparmağa icazə veriləcəyini nəzərlərinə çatdırdı. Aralarında bəzi məqamlar, mərhum oğlunun Bakıda hansı ünvanda qalması, ailəsi ilə niyə bir yerdə yaşamaması və bu barədə valideyinlərin xəbəri olub-olmaması və.s. barədə söhbətlər də aparıldı. Sual-cavablar nəticəsində rəisə çox şey məlum oldu…

Xanımla uzun söhbətdən sonra məlum oldu ki, hadisənin baş verdiyi  gecədə mərhum  Həmdullah Yeni Yasamalıda  N.Tusi döngəsində yaşayan  Zərifənin  evində qardaşı İbadullah və həmyerliləri Ömərlə bir yerdə olublar. Gecə təxminən  23:30-da evi  Həmdullahın qara rəngli “Volqa”sı ilə birlikdə tərk ediblər. Sonrasından heç bir məlumatım yoxdur.  “Adətən yanımda gecəliyirdi, həmişəki kimi…  Amma nədənsə bu gecə qalmadı. Niyəsini də soruşa bilmədim, qardaşı yanında idi” – Bunları Zərifə rəisə və prokurora  söyləyirdi.

Xanıma da başqa otaqda bir az gözləməyi məsləhət gördülər. Bu an prokuror:                                                            -Xanım, mərhumun qardaşının sənə münasibəti necə idi?                                                                                          -Hiss edirdim ki, məni qardaşı arvadı kimi qəbul etmir. Bir neçə dəfə Həmdullah ilə onun maşınında Şəkiyə də getmişik.Valideyinləri və onun ailəsi mənə həqarətlə baxırdılar. Bütün bunlara baxmayaraq məhrum yay aylarında məni Şəkiyə getməyə məcbur edirdi.  Açığı, mən də belə münasibətdən əzab çəkirdim,özümü ona  “ömür-gün” yoldaşı hesab edib tələbinə qarşı çıxa bilmirdim. Biz bir-birimizi çox sevirdik. O, çox qısqanc idı…

  Prokuror fikrə getdi. Zərifə xanıma bir sual da verdi:                                                                                                 -Hər dəfə Şəkiyə gedəndə neçə gün orada qalırdın? Bir evdə yaşayırdınız, yoxsa ayrı?                                                -Xeyr bir evdə, yəni valideyinlərinin və ailəsinin qaldığı evdə 10-15 gün  qalırdım. Biz ayrıca otaqda qalırdıq,evin birinci mərtəbəsində.

   -Bəs, sizin bu hərəkətləriniz ailəsini qıcıqlandırmırdı? Niyə siz,milli-mənəvi dəyərlərə,əxlaqa və mənəviyyata zidd addım atırdınız? Bəs sizin valideynləriniz, qardaşınız,bu eybəcərliyə necə baxırdılar? Ümumiyyətlə sizi heç qınayan olurdumu? Prokurorun sualları çoxaldıqca Zərifənin  hərərkətlərindən hiddətlənməyə başlayırdı. Bax görürsünüz, sizin qəbuledilməz davranışlarınızın nəticəsi nəyə gətirib çıxartdı? Ailə iki çocuqla sahibsiz qaldı. Valideyinlər oğul dağı ilə imtahana çəkildi. Hadisənin baş verməsində hardasa özünüzü günahkar hiss edirsinizmi? Prokuror artıq qənaətində ümidli idi. Hadisənin nədən, hansı motivdən baş verməsinə varmışdı. Zənni onu aldatmırdı.Ona görə də,Zərifənin günahı olub-olmamasını onun özündən  eşitmək istəyirdi. Zərifə isə susmuşdu, gözlərindəki yaş gilələri pudralanmış yanağında donub qalmışdı. Hönkürtü ilə  prokurora – Mənim günahım var,çoxdu…-dedi.

     Prokuror verdiyi sualların cavabını gözləmədən sonuncu sualına cavab verməyi xahiş etdi.

-Zərifə xanım, kimdən şübhələnmək olar?

-Mənim üçün çətindi  bu suala cavab vermək. Amma sonuncu gecə bizdə olarkən iki qardaş çox mübahisə etdilər və bir yerdə evdən çıxdılar. Nə deyim?!…

Axşam saat təxminən 23 radələrində növbətçi rəisin  yanına gəlib mərhumun qardaşının rəislə görüşməsini israrla tələb etdiyi barədə məlumat verdi.

Prokuror:

-Tələsmə. Əvvəlcə cəzaçəkmə müəssisəsindən verilən şəxsi işi ilə tanış olaq, sonra onu bir yerdə qəbul edərik.

-Ağıllı fikirdir. Rəis masanın üstündəki məhkumun 0815201 saylı işini açdı. İlk səhifələrdə  məhkum olunmuş Həmdullahın “Makarov”markalı tapança ilə həmyerlisini qətlə yetirməsi barədə məlumatı oxuduqda həyəcanını saxlaya bilmədi: Aman Allah, yoldaş prokuror, qatil qardaşıdır. Düz gəlmişik. Bu adam 15 il öncə eyni hərəkət və üsulla, makar tipli tapança ilə həmyerlisini qətlə yetirib. Bu, ikinci, eyni şəxs tərəfindən  eyni maddə və eyni xətt ilə törədilən xüsusilə ağır hadisədir. Bu şəxs,islah olunmayıb, Residivdir ,əvvəlki cinayətə görə məhkumluğu da üzərindən götürülməyib

Prokuror:

-Yenə tələsirsən. Dediyinlə razıyam. İndi baxaq görək Həmdullah nəyə görə qardaşını qanına qəltan edib?!

Rəis:

-Yəqin ki, Zərifəyə görə. Hər halda kənd yerində ailəsi və iki uşağı ola-ola, hamıya – ata və anasına müstəsna hörmətsizliklə davam  edən hərəkətləri,başqa xanımla,bir damın altında,heç kimin razılığı olmadan yaşaması yaxın ətrafının da səbr kasasını daşdırıb … qisasa gedən yol qısalıb…

Prokuror:

-Nə isə.Məsələ aydındır.Başqa bir versiya yoxdur,əlavə versiyanı düşünmək belə hər ikimizin ,hətta əməliyyat-istintaq qrupunun təcrübəsizliyinə dəlalət edəcək.Hazırki vəziyyət,yəni bizim son versiyadan kənara çəkilməyimiz riyaziyyatçının  vurma cədvəlini bilməməsi  kimi dəyərləndiriləcək,belə təsəvvür yaradacaq. O, alçağı gətirsinlər.

Rəis göstərişini verdi. Bir neçə dəqiqədən sonra Həmdullah növbətçi ilə içəri daxil oldu.

Rəis qayğı ilə;

-Həmdullah,əyləş.  Mənimlə görüşmək istəmisən. Nə sözün var?Buyur eşidirik.

Həmdullah başını aşağı saldı, danışa bilmirdi. Sonra prokurora baxdı :

-Rəis, olar ikimiz söhbət edək?

-Axı, prokuror bizə  mane olmur. Bəlkə sözünə davam edəsən?

Bir anın içində Həmdullah pəncərərnin açıq layından həyətə atıldı.Xoşbəxtlikdən qaçmağa macal tapmadı,əməkdaşlar onu yaxalaya bildilər.Əllərini qandallayıb rəisin otağına apardılar.Xəsarəti  yüngül idi…

Prokuror:

-Rəis,qardaşın özünə qəsd etməyə cəhdi,ağır əməlinin təsdiqidir,təbrik edirəm.Xüsusilə ağır cinayətin üstü isti izlərlə açıldı. Mən getdim. Söhbətinizi edin. Saat artıq 01:30-dur. Sabah görüşənədək..

Rəis Həmdullaha:

-Bu,nə uşaqlıqdı edirsən? Səni kobudlamadıq,xətrinə dəymədik,başqa cür də davranmadıq,bu nə işdir edirsən? Dedin görüşmək istəyirsən xahişini yerinə yetirdik. Sonra da özünü dəliliyə qoyursan, nə bilim manyaklıq edirsən. Yaramaz,əyləş!

-Rəis, qurbanın olum. Biabırçılıqdan qurtulmaq istəyirəm.

-Niyə, nə olub axı? Hansı biabırçılıqdan? Daha ikimiz yox,işçilərimin yanında hər şeyi danışmalı olacaqsan. Çünki, etibarı itirdin.

-Rəis, bir xahişim var. Əllərim qoy elə  bağlı qalsın, amma yanınızda oturub söhbət edək. Bunlar getsin də, nə olar? Bir də, rəis, “50 qram” olar, ürəyim partlayır. Qurbanın olum, rəis! Nə olar “50 qram”…

-Axmaq-axmaq danışma. Bura sənin üçün yol üstü yeməkxanadı, yoxsa özünü Şəkidə hiss edirsən?  Rəis Həmdullahın könlünü almaq üçün qonaqpərvərlik göstərib dedi:Sənə yaxşı,armudu stəkanda konfetlə çay verəcəyəm.Həmdullah daha dillənmədi, başını aşağı salıb ağlamağa başladı.

Rəis əlini birbaşa əlaqə telefonuna uzadıb düyməni basdı.

-Bəli rəis.

-Bir stəkan su,ya da deyin otağıma çay gətirsinlər.

-Oldu.

Rəis cinayət-axtarış şöbəsinin rəisi ilə danışırdı. Həmişə zarafatyana ona irad tutardı:

-Ay  zalım,  çay çox içirsən. Təzyiqin qalxar.Yazıqsan, iki uşağın var.

-Rəis,gün əqzində iki çaynukdən çox içmirəm. İşimiz gedəndə içirəm,başqa vaxt içmirəm ki…

Rəis Həmdullaha:

-Əyləş.

Əməkdaşlarına isə “kabineti tərk edin” komandasını verdi. İşçilər: Rəis axı, indicə qaçmağa cəhd etmişdi, bunu necə tək buraxaq? Bu dəfə rəisin baxışları “çıxın” işarəsini verdi.

Rəis çayı süzüb armudu stəkanı konfetlə dolu qabla  Həmdullahın qabağına qoydu.

-İç. Sonra, bir stəkan da süzüb öz qabağına qoydu. “Qoy inciməsin, ürəkli olsun. İşimizin xətrinə” düşüncəsilə əlindəki qaynar stəkanı nəlbəkiyə qoydu.

-Həmdullah, çayinı iç və danış görək, nə söyləyəcəksən?

Həmdullah isə armudu stəkandakı çayın istisinə məhəl qoymayıb hörültü ilə içməyə başladı. Rəisin içmədiyini gördükdə duruxdu….

Rəis Həmdullahın baxışlarındakı sualı duydu:

-Həmdullah,kabinetimdə hər adama mən çay vermirəm,ha?! İç. Əgər bir çaynik çayla səni ovundura və dərdini bir qədər azalda bildimsə, şükür.

 Bundan sonra Həmdullah tam sərbəst özünü hiss etdi və birdən yenə hönkür –hönkür ağlamağa başladı.

-Rəis, Allah mənim günahımdan keçsin. Eşitmişəm, siz Allah adamısız. Allah məni görən əfv edərmi? Qardaşımın qatili mənəm. Başqa yerdə axtarmayın.

Həmdullah ağlaya-ağlaya  əlini isti çaya uzadıb birin də içdi. Sonra ufuldamağa başladı. Of,of,ay Allah, öldür məni, öldür! Mən niyə belə etdim?

Rəis:Həmdullah, necə yəni, qardaş da qardaşı öldürərmi?”

“Bu dərəcədə düşünməzdim! İstədi Həmdullahı tənbeh etsin, sonra fikrindən daşındı… Cəhənnəm olsun. Öldürüb,indi də cəzasını çəkəcək” – deyə düşündü.

-Özünü bir ələ al.Necə yəni sən öldürdün.Niyə,səni buna vadar edən nəydi ?Həmdullah dərindən köks ötürüb sanki rahatlandı və başını aşağı dikib danışmağa başladı.

-Rəhmətlik bizim başımızı yerə soxmuşdu. Əxlaqsızın birini evimizə gətirirdi, nə atamdan, nə anamdan, nə də uşağından utanıb çəkinmirdi. Abır-həyamızı, kənddə olan-qalan hörmətimizi yerə vurmuşdu , aşağıladı bizi. Kənddə hamı ondan danışırdı. Əvvəlcə atam ona irad tutdu. Qəbul etmədi. Sonra mən ona dəfələrlə  “etmə-oğraşlığa getmə” – dedim, qulaq asmadı. Bu azmış kimi,bir neçə il yay vaxtlarında  yenə onunla kəndə gələrdi.

  Ötən gecə də mən rayondan gəldim ki, onunla “haqq-hesab” çürüdəm. Axşam bir yerdə olduq. Saat təxminən 11:30-da dedim ki, məni apar Binəqədiyə.

  Bir yerdə durduq.Yolda ona, “bu hərəkətlərinə son qoy, bizi urvatsız etmə”,- dedim. Cavab verdi ki, mənim işimə qarışma. Başqa yolum qalmadı. Sağ böyrümdə kəmərimə taxdığım makarı gicgahına dirədim…

-Həmdullah başını aşağı dikmişdi. Danışdıqca həyacanına da son qoyulur,toxtayırdı… Dərindən nəfəs alıb ah çəkdi.

Rəis:

-Bəs makarı neylədin?

-Maşının yanındakı mazutlu gölməçəyə atdım.

-Ah çəkmək və sonrakı peşimançılıq da,artıq fayda verməz.Qardaşınla çox sərt davranmısan.

-Yox rəis. Mən əvvəlcə xanımı öldürmək istədim. Sonra düşündüm ki, qadının nə günahı? Günah mənim əbləh qardaşımdadır. Və qərarımda qəti idim. Peşiman deyiləm. Atam-anam, ailəsi, kəndimiz də biabırçılıqdan qurtuldu…

Rəis növbətçiyə:

-Qalxın yanıma.

-Həmdullaha yaxşı baxın, siqaretini, yeməyinı verin. Kişi kimi hər şeyi etiraf edib mənə danışdı.

Rəis bunları Həmdullahı ovundurmaq üçün dedi. Hə, az qala unutmuşdum, Həmdullah. Gəl indi də söylədiklərini  kağıza köçürək. Mənə danışdıqlarını öz əlinlə yaz, vəssalam.

-Rəis, bəlkə siz yazasız.

Yox, sən yazsan daha inandırıcı olar.Sən bu qaydaları yaxşı bilirsən,zarafat deyil 15 il cəzanı da çəkmisən,təcrübəlisən. Bunun sabahı var. Birdən atan deyər ki, balamın dilindən yazıblar. O belə şey etməz və s. Anladınmı?

Həmdullah razılaşdı.

-Amma rəis, “şarikovoy” ruçka verin. Çernillə yaza bilmərəm.

-Baş üstə, Həmdullah. Sən yazdıqca mən sənə kömək edərəm, narahat olma.

Həmdullah:

-Allah razı olsun, rəis. Siz çox yaxşı adamsız. Ha indi sözünüzdən na təhər çıxaram ki,? Həmdullah bunu zarafatla dedi.

Rəis, Həmdullaha gülümsəyərək:

-Deyəsən indi özünü yaxşı hiss edirsən. Yubanma, başla görək saat artıq 3-ü vurur, mən də istirahət etmək istəyirəm. Gülə-gülə: – Bir neçə gündür ki, sənin kimi əclafların ucbatından istirahət edə bilmirəm.

-Oldu rəis, oldu. Ha indi nə dersən yazım da…                                                                                                             -Hadisəni mənə danışdığın kimi yaz. Bildin?                                                                                                             -Bildim, rəis, bildim…                                                                                                                                                  Rəis prokurorla danışmaq qərarına gəldi.                                                                                                                    -Yoldaş prokuror, bu ağır cinayətin izinə düşdük. Qatil dopdoğmaca qardaşı imiş.

Xəttin o başında prokuror susmuşdu. Rəis düşünürdü ki, prokuror yəqin hələ yuxudan tam oyanmayıb. Yaxud da mənim dediklərimi o qədər də inandırıcı sanmadı. Bu dəm, prokuror:

-Sənə dedimmi, generalın tapşırığına ciddi yanaş! Həyatda hər şey ola bilər. İndi işi aparan müstəntiqi təcili göndərəcəyəm ki, isti-isti ifadəsini alsın. Bir də, sübh tezdən bir ”pojarnı” maşını ilə hadisə yerinə getmək lazımdır. Gölməçəni qurutsun. Görək makarı ora tullayıbmı? Əgər maddi sübut tapılmasa işin məhkəmə perspektivi çətin olacaq, rəis! Çox aldanmaq olmaz. Müqəssir yalan da danışa bilər ha?!  Diqqətli olun. İndi Adil – baş müstəntiq gələcək.

-Sizinlə razıyam, yoldaş prokuror. Sağ olun. Sabah, İnşəallah işimizi davam etdirəcəyik.

Rəis də tapşırıqlarını verib evə yollandı…

                                                                                                       (Ardı var)

     Şəmsəddin Əliyev

                                                Hüquqşünas-publisist,AYB-nin üzvü

                                                                                                 1995-2026-cı il

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button