Od çərşənbəsi – od kultunun yaşayan izləri

Tədqiqatçıların Novruz çərşənbələrinin ikincisi hesab etdikləri Od çərşənbəsi xalqımızın qədim dövrlərdən gələn günəşə və oda tapınma inancını özündə yaşadır. Bu gün həyətlərdə tonqal qalamaq, evlərdə şam yandırmaqla oda və işığa olan müqəddəs münasibətimizi ifadə edirik. İnancımıza görə, tonqalın üzərindən atlanmaqla bütün azar-bezarın odda yanıb kül olacağına, xəstəliklərdən xilas olacağımıza ümid edirik. Odla bağlı icra olunan bu ayinlər od kultunun qədimdən günümüzədək yaşadığının bariz göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. Onun sözlərinə görə, od kultunun izləri təkcə bayramlarda deyil, xalq təfəkkürünün müxtəlif qatlarında, xüsusən də atalar sözlərində özünü büruzə verir: “Od imandandır”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od küldə gizlənər”, “Odla zarafat eləyən ağlar qalar”, “Od yanan yerdən tüstü çıxar”, “Odla oynayan odsuz qalar”, “Od eləyəni fələk eləyə bilməz”.

Bu deyimlərdə od həm həqiqi, həm də metaforik-fəlsəfi anlamda çıxış edir. Məsələn, “Od eləyəni fələk eləyə bilməz” məsəlində odun gücü fələyin qüdrəti ilə müqayisə olunur. “Odla oynayan odsuz qalar” deyimi isə oda qarşı etinasızlığın sonunun ocaqsız qalmaqla nəticələnəcəyi xəbərdarlığını edir. Burada iki mühüm məna paraleli var: od həm fiziki fəsad törədə bilən bir qüvvə, həm də mifik missiyasına görə hörmət olunmalı müqəddəs bir ruhdur.

Alim bildirib ki, odla bağlı həm real, həm də mifik görüşlər “Oğlanqala” rəvayətində də öz əksini tapıb: “Rəvayətə görə, Arpaçayın sahilində yaşayan iki düşmən tayfadan birinin oğlu və digərinin qızı bir-birinə aşiq olur. Onlar hər gecə görüşmək üçün razılaşırlar. Oğlan Qaratəpədə tonqal qalamalı, qız isə o tayda ocaq yandırmalı idi. Şərt kəsirlər ki, kim əhdinə vəfasız çıxsa, özünü oda atıb yandırsın.

Bir gün qız ocağı yandırmır və oğlan onun vəfasız çıxdığını (toyu olduğunu) zənn edib özünü oda atır. Lakin oğlan vəfalı olduğu üçün od onu yandırmır. O, ağ daşa çevrilərək əbədiyyət qazanır. Həmin yer o vaxtdan Oğlanqala adlanır və insanlar hər il Novruzda bu müqəddəs daşın yanında od qalayıb qurban kəsirlər”.

Müsahibimiz əlavə edib ki, bu rəvayətdə tonqal həm yol göstərən bir işarə, həm də saflaşdırıcı bir qüvvədir: “Əhdinə vəfalı oğlanın odda yanmaması və müqəddəs bir ünvana çevrilməsi od kultunun yaradıcılıq və əbədiyaşarlıq simvolikasını təsdiq edir. Beləliklə, xalq yaradıcılığının hər bir nümunəsi Od çərşənbəsinin mahiyyətində dayanan o qədim inamı bu gün də canlı saxlayır”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button