Azərbaycanlıların Zəngəzura axını – İrəvan xəbərdardır

“Armenianreport” portalında dərc olunan geniş təhlildə İran müharibəsinin Cənubi Qafqaz üçün ciddi nəticələr doğura biləcəyi vurğulanır. Nəşr yazır ki, son həftələrdə müşahidə olunan raket və pilotsuz uçuş aparatları mübadiləsi, eləcə də regiondakı Amerika obyektlərinin hədəfə alınması onilliklərdir formalaşmış “birtərəfli üstünlük” modelini sarsıdır.
Məqalədə qeyd olunur ki, uzun illər bir çox ölkələr təhlükəsizliklərini ABŞ-la strateji ittifaqın böhran anında avtomatik hərbi müdafiə təmin edəcəyi fərziyyəsi üzərində qurublar. Lakin son hadisələr göstərir ki, ABŞ-ın regiondakı mövcudluğu mütləq toxunulmazlıq anlamına gəlmir. Hətta Amerika hərbi bazalarının belə hücuma məruz qalması Vaşinqtonun zəifləməsi deyil, amma onun imkanlarının və siyasi iradəsinin sərhədlərinin mövcudluğunu nümayiş etdirir. Portal vurğulayır ki, İsrail Vaşinqton üçün xüsusi statusa malikdir, Ermənistan isə belə bir mövqedə deyil və heç vaxt olmayacaq. Bu reallığın emosiyasız qəbul edilməsinin vacibliyi xüsusi qeyd olunur.

Məqalədə coğrafi faktor ön plana çəkilir: İran Cənubi Qafqazın birbaşa qonşusudur və regiondakı nəqliyyat dəhlizlərinə, enerji marşrutlarına və ümumi güc balansına təsir imkanına malikdir. Bu amilin nəzərə alınmaması üzərində qurulan strategiya riskli hesab olunur.
Portal yazır ki, hazırkı qarşıdurma artıq “kölgə müharibəsi” çərçivəsindən çıxmaq üzrədir. Münaqişənin regionallaşması hərbi əməliyyatlar coğrafiyasının genişlənməsi, üçüncü ölkələrin infrastrukturunun cəlb olunması və enerji-təchizat zəncirlərinin risk altına düşməsi deməkdir. Müharibə uzunmüddətli fazaya keçərsə, Cənubi Qafqaz qaçılmaz şəkildə qeyri-sabitlik zonasına çevrilə bilər.
Ermənistan kontekstində isə qeyd olunur ki, ölkə məhdud resurslara malik, mürəkkəb geosiyasi mühitdə yerləşən və dənizə çıxışı olmayan dövlətdir. Son illərdə İrəvanın Qərbə doğru açıq meyli alternativ təhlükəsizlik zəmanətləri axtarışı ilə izah edilir. Lakin müəlliflər vurğulayırlar ki, geosiyasət emosional seçimləri bağışlamır. Təhlilə görə, ABŞ-a həddindən artıq güvənmək region ölkələri ilə münasibətlərdə balansın pozulmasına, xüsusilə İranla əlaqələrin zəifləməsinə gətirib çıxara bilər. Halbuki İran Ermənistan üçün xarici dünya ilə əsas quru bağlantılarından biridir və nəqliyyat, enerji və ticarət baxımından mühüm rol oynayır. Artan qeyri-sabitlik şəraitində bu əlaqələrin itirilməsi iqtisadi və təhlükəsizlik baxımından ciddi nəticələr doğura bilər.
Bu fonda “Caucasian Review” mərkəzi də mümkün ssenariləri təhlil edib. Nəşrin “Telegram” kanalında dərc olunan məqalədə bütün mümkün ssenarilərdə Ermənistan üçün risklərin yüksək olduğu vurğulanır. Əsas təhlükələrdən biri qaçqın axınıdır. İrandan həm Ermənistana, həm də Azərbaycana miqrasiya dalğasının yarana biləcəyi qeyd edilir. Eyni zamanda, Sünik (Zəngəzur) bölgəsində demoqrafik və təhlükəsizlik balansının dəyişə biləcəyi ehtimalı irəli sürülür. Belə bir vəziyyətdə regional güclərin hərbi-siyasi addımlar ata biləcəyi barədə fərziyyələr səsləndirilir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, İran azərbaycanlılarının Ermənistana və xüsusən Zəngəzura axını gözlənilmir. Onun sözlərinə görə, əgər qaçqın axını olacaqsa, güneylilər Azərbaycana və Türkiyəyə üz tutacaq. Hüquqşünasın fikrincə, İran vətəndaşları ölkəni tərk etmək niyyətində görünmür: “Çünki vəziyyət o həddə çatmayıb. Həmçinin ABŞ və İsrail İranda hərbi obyektləri hədəf alır. Yəni mülki məntəqələrə atəş açılmır və bu da dinc insanların həyatına təhlükə yaratmır. Əgər mülki əhali hədəf alınarsa, bu, ABŞ və İsrailin əleyhinə çevrilə bilər. Ona görə də hərbi qarnizonlar, SEPAH məntəqələri vurulur. Odur ki, İran vətəndaşlarının ölkədən qaçışı üçün zəmin yaranmayıb”.
Ç.Qənizadə hesab edir ki, Ermənistana qaçqın axını istisna deyil, amma daha çox farslar bu ölkəni seçə bilər: “Üstəlik, Ermənistanın qaçqın qəbul etmək üçün böyük potensialı, resursu yoxdur. İstənilən halda regionda gərginlik ən pik həddədir və bunun nəticələri bütün dövlətlərə təsir edir. Bu gedişat region üçün müsbət nəsə vəd etmir. Əksinə, bölgə ölkələri münaqişənin təsirlərini müxtəlif formalarda hiss edəcəklər. Bundan heç bir dövlət sığortalanmayıb. Yəni İran körfəz ölkələrinə də hücum edir, Cənubi Qafqaza da təsirləri göz qabağındadır. Biz ümid və dua edirik ki, İranda Suriya hadisələri təkrarlanmasın, qaçqın axını olmasın. Çünki biz də müharibədən çıxan ölkəyik və qaçqın axını ciddi sosial ağırlıq gətirəcək”.
Emil Salamoğlu
Musavat.com



