Bu zəfər xalqın tarixini bəzədi – Telman Orucovun yazısı

Azərbaycan 2020-ci ilin son ongünlüklərini qazanılmış qələbəyə görə bayram əhval-ruhiyyəsində qeyd edir.
 
10 noyabrda Ermənistanın siyasi və hərbi rəhbərliyi əsasən qeyd-şərtsiz məğlubiyyətə imza atmış, ordusunun bütünlüklə məhv edilməsinin qarşısını almaq üçün bu alçaldıcı addımı atmağa məcbur olmuşdu. Ermənistan dövlətinə başçılıq edən avantüristlər üç onillik ərzində daim Azərbaycan ordusunun döyüş qabiliyyətinə inanmır, ona istehza qaydasında şübhə ilə baxırdılar. Onlar əks tərəfin siyasi, iqtisadi və hərbi cəhətdən xeyli möhkəmlənməsini də nəzərə almır, eyforiya dumanının zəhərli nəşəsi ilə nəfəs almaqda davam edirdilər.

Azərbaycanın siyasi rəhbərliyi isə torpaqlarının düşmən tapdağından azad olunması məqsədinə sadiq qaldığını bəyan edir və bunureallaşdırmaq üçün hər cür hazırlıq tədbirlərini həyata keçirirdi. İqtisadi qüdrəti hesabına böyük maliyyə imkanlarına yiyələnən bir dövlətə çevrilməsi Azərbaycana ordu quruculuğu ilə də müasir tələblərə cavab verən qaydada məşğul olmağa şərait yaratdı. Ordu ən yaxşı hərbi texniki, silah-sursatla təmin edildi, silahlı qüvvələrdə intizam və hərbi hazırlıq səviyyəsi xeyli yüksəldi, vətənpərvərlik ruhu, fədakarlığa hazır olmaq əsgər andının mənəvi tərkib hissəsinə çevrildi. Ordunun döyüş səviyyəsinə birbaşa təsir göstərən mənfi cəhətlər aradan qaldırıldı. Əslində, son onillikdə yeni texnika və silahla təchiz edilmiş və ruhən tam yeni ordu formalaşdırıldı. Xalq əsgər və zabitlərin epizodik qəhrəmanlıq nümunələri ilə fəxr etməyə başladı.

Ermənistan torpaqlarımızı işğal edəndə ölkədə xaos, anarxiya meylləri öz dağıdıcı təsirlərini göstərməkdə davam edirdi. Qabiliyyətsiz siyasi rəhbərliklər bir-birinin ardınca dəyişdirilirdi. Çünki onlar nizami ordunun yaradılmasına və onun təkcə silahla deyil, hətta qida ilə təmin edilməsinə laqeyd yanaşırdılar. Ölkə rəhbərliyi xalqın tələbi ilə möhkəmləndirildikdən sonra keçmişin Avgi tövləsini təmizləməyə xeyli vaxt sərf edildiyindən, ordu quruculuğu da müvafiq olaraq ləng gedirdi. Ona görə də torpaqların azad olunması şüarları tez-tez səslənsə də, gerçəklik bu çağırışa cavab verə bilmirdi.

XX əsrin başlanğıcından Azərbaycan iqtisadi-sosial geriliyi ilə bütünlüklə vidalaşdığı kimi, ordu quruculuğuna və onun təchizatına diqqət əsaslı surətdə dəyişildi. Son 20 ildə ölkənin iqtisadi qüdrəti xeyli böyüdü, orduq uruculuğu sahəsində əldə edilən nəticələr isə danışıqlar fayda vermədiyi təqdirdə, Ermənistan rəhbərliyi isə həmin prosesi uzatmaqla mövcud status-kvonu, başqa sözlə, işğal vəziyyətini saxlamağa və uzatmağa cəhd etdikcə, Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla həll olunması müstəvisinə keçirilməsi zərurəti meydana gəldi. Erməni silahlı qüvvələri özlərinin cəzasız qalacaqlarına əmin olduqlarından ardıcıl olaraq tərk-silah şərtlərini pozur, əsgərlərimizi tək-tək də olsa qətlə yetirirdilər. Ermənistan hərbçilərinə cavab kimi müharibə qaçılmaz olduqda, Azərbaycan Ordusu bir neçə istiqamətdə hücuma keçib, erməni silahlı birləşmələrinə ağır zərbələr vurdu. 44 gün davam edən müharibə nəticəsində işğal olunmuş ərazilərin hamısı erməni qoşunlarından azad olundu. 10 noyabrda imzalanan üçtərəfli – Azərbaycanın, Ermənistanın və Rusiyanın birgə bəyanatına görə, Ermənistan ordusu Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz tərk etdi və həmin rayonlar 3 onilliyə yaxın müddətdən sonra Azərbaycanın ərazi yurisdiksiyasına qatıldı.

Ölkədə qələbənin qazanılması xalqın böyük sevincinə səbəb oldu. Bakıda izdihamlı yürüşlər günlərlə davam etdi. Azərbaycan bayrağı xalqın arzu etdiyi və yenidən yiyələndiyi ən böyük mənəvi hündürlükdə dalğalanmağa başladı. Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadələri, məhəbbət sədaları dillərdən düşmürdü. Ölkə Prezidenti möhkəm iradəsi, həsəd aparılacaq cəsarəti, diplomatik məharəti ilə Qələbə yoluna daş döşəməklə kifayətlənməmiş, onun baş verməsi üçün bütün səylərini səfərbər etmişdi. İlk dəfə idi ki, Prezidentə ümumxalq məhəbbəti belə bir Everest zirvəsinə yüksəlmişdi.

Bir italyan diplomatının “Qələbənin çox sayda atası olduğu halda, məğlubiyyət daim yetim olur” dediyi sözlərə bir qədər düzəliş versək, 10 noyabr Qələbəsinin müəllifləri xalq, ordu və Prezidentdir. Strateji qələbənin yeganə müəllifi olan Ali Baş Komandan həm də taktiki gedişlərə daim müdaxilə etmiş və nəticə etibarilə zəfərə əsas imzanı atan olmuşdur. Ordu əsl fədakarlıq nümunələri göstərmişdi. Şuşanın alınması böyük igidlik rəmzi kimi ölkənin hərb tarixinə qızıl hərflərlə yazılacaqdır.

Ermənilər 1992-ci ildə Xocalıda soyqırım törətdilər, qızları, gəlinləri, qocaları əsir götürdülər. Azərbaycan əsgərinə isə erməni vəhşilikləri bütünlüklə yaddır. Ona görə də Hadrutda, Şuşada erməni qızlarına və qadınlarına təcavüz edilməsi faktlarına rast gəlinmir. Götürülən əsirlər də yalnız hərbçilərdir, onların arasında bir nəfər də olsun qız, qadın, ümumiyyətlə, heç bir mülki şəxs yoxdur.

1922-ci ildə Mustafa Kamalın komandanlığı altında türklər müharibədə qalib gəldikdə, iki yunan generalı, Aralıq dənizindəki təslim olmalarını bəyan etmək üçün türk sərkərdəsinin qərargahına gəldi. Yolda onlara türklər lənətlər yağdırırdılar. Mustafa Kamal isə onların əlini sıxdı, oturmalarını xahiş etdi və məğlubiyyətlərinin acısını yumşaltmaq üçün onlara təskinedici sözlər dedi. Şübhə yoxdur ki, erməni generalları əsir düşsəydi, bizim Ali Baş Komandan da onlarla çox sevdiyi Atatürk kimi rəftar edərdi. Biabırçı təslim aktı ilə iki deyil, bütün erməni generalları məğlubiyyətə düçar oldu. Məhv edilən ordunun generalı iki qılıncı əlindən alınmış sərgərdan samurayı – ronini xatırladır. Erməni generallarında yapon zabitlərinə məxsus cəsarət hissi də yoxdur ki, özlərini seppuku edə biləydilər.

Üçtərəfli birgə bəyanatın imzalanması bir qədər geciksəydi, o generallar öz qoşunları ilə birlikdə ya əsir düşər, ya da məhv edilərdilər. Birgə bəyanat onlar üçün layiq olduqları ağır cəzadan bir xilas rolunu oynadı.

10 noyabr Qələbəsinin tam və qəti olmasının sübutu üçün ölkənin daxili ərazisinin xəritəsindəki əsaslı dəyişiklikləri seyr etmək kifayətdir. Azərbaycan Ordusu təkcə işğal olunmuş yeddi rayonu deyil, həm də xalqın geniş mədəni məbədi sayılan Şuşanı, həmçinin, Hadrut rayonunu, Dağlıq Qarabağın xeyli sayda kəndlərini azad etmişdir. Bunların baş verməsi hər bir azərbaycanlı üçün iftixar mənbəyidir, çünki əsgərlərimizin və zabitlərimizin öz həyatlarını qurban verməsi hesabına əldə edilmişdir. Həmin torpaqlar igid oğlanlarımızın müqəddəs sayıla biləcək qanları ilə suvarılmışdır. Ona görə də hər sözümüzdə ehtiyatlı olmalı, reallığı nəzərə almadan xəyalı işə salıb, şirin səslənən bəyanatlarla çıxış etməməliyik, özündən razılıq, hədyanlıq kimi düşmənimizə xas olan xüsusiyyətləri özümüzə rəva bilməməliyik. Qələbəmizin yüksək dəyərini daim nəzərə almaqla, həlak olanların ruhuna hörmət hissini unutmamalı, yaralananların könlünə toxunmamağı da nəzərdən qaçırmamalıyıq.

Azərbaycan Ordusu həm də, hətta yadların da təsdiq etdiyi kimi, döyüşdə XXI əsr müharibəsinin mühüm elementlərini sərgiləndirmişdir, bunu biz niyə inkar etməliyik. Vuruşmağı kimdənsə öyrənməyə bizim artıq ehtiyacımız yoxdur, qoy başqaları bizdən öyrənsinlər.

Respublika rəhbərliyi müharibə dövründə qeyri-adi diplomatiya əzmkarlığı göstərdi. Həm də biz xalqımızın həqiqi dostlarını daha yaxşı tanıya bildik. Türkiyədən və İsraildən alınmış uçuş silahları döyüşdə yüksək keyfiyyətə malik olduqlarını bir daha sübut etdi. Türkiyə Azərbaycana böyük mənəvi kömək, əsl qardaşlıq münasibəti göstərdi. Rusiyanın nisbi də olsa neytrallığı uğurlarımıza maneçilik göstərmək cəhdlərinin baş tutmasına imkan vermədi.

Müharibə düşmənin xarakterindəki pis cəhətləri bir daha üzə çıxardı. Yapon hərb xadiminin dediyi kimi, müharibədə istifadə olunan yalan hökmən məğlubiyyətə aparır. Ermənilər isə 44 günlük müharibədə yalandan bol-bol istifadə edirdilər. Onlar əraziləri məcburiyyət qaydasında təhvil verib, geri çəkildiklərini danır, döyüşdəki uğursuzluqlarını ört-basdır etməyə can atdıqda, ağ yalanlardan da çəkinmirdilər. Yüksək rütbəli zabit Türkiyənin “F-16” təyyarəsinin Ermənistanın “CU-15” təyyarəsinin vurub yerə saldığını gözləri ilə gördüyünü deyirdi. Az sonra onun yalanı ifşa olundu. Türkiyə hərbi təyyarələri birgə təlimdən sonra Naxçıvandakı aerodromda qalırdı, bir dəfə də olsun havaya qalxmamışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan ordularının ağır məğlubiyyətini gizlətmək üçün ölkə əhalisinə bəyan etdi ki, onlar böyük qələbə çalacaqlar, ona görə Laçın dəhlizinə doğru geri çəkilirlər ki, Azərbaycan qoşunlarını tələyə salıb, məhv etsinlər. Azərbaycan Ordusu isə irəliyə doğru yürüşünü davam etdirərək, Laçın dəhlizinə sahib oldu. Paşinyanın ağ yalanı bütünlüklə üzə çıxdı.

Ermənilər döyüşdə kimlərinsə bağışladığı köhnə silahdan istfadə etdikləri kimi, öz xislətlərinin fərqləndirici cəhəti olan yalan cəbbəxanasından da artıqlaması ilə yararlanmağa cəhd edirdilər. Onların taktiki priyomları da yalanları kimi naftalin iyi verdiyindən, hər iksindən əslində, heç bir fayda götürə bilmirdilər.

Döyüşlərdə uduzan erməni hərbçiləri gücsüzlüklərinin əvəzini, cəbhədən xeyli aralı olan şəhərlərdəki və kəndlərdəki dinc əhalini raket atəşinə tutmaqla çıxır, yaşayış evlərini dağıdır, uşaqların, qocaların və qadınlarln ölümünə bais olurdular. Bu müharibə cinayətlərini isə guya hərbi obyektləri nişan almaları ilə izah edirdilər, əslində isə əhalidə vahimə yaratmaq məqsədini güdürdülər. Şəhərləri və kəndləri xarabazara çevirmək isə onların köhnə peşəsi idi. Axı işğal etdikləri şəhərləri xarabalıqlar muzeyinə, bayquşlar məskəninə çevirmişdilər. Son müharibədə isə digər şəhərləri də onların gününə salmaq istəyirdilər. Az da olsa buna nail oldular, lakin ağır zərbə aldıqlarından, canlarını qurtarmaq üçün qaçmağa üz tutdular.

Vaxtilə Ermənistanın siyasi və hərbi xadimləri məğrurluq xəstəliyinə tutulduqlarından vaxtaşırı Şuşada qalibiyyət təntənəsinin nümayişi kimi rəqs tamaşaları təşkil edirdilər. Son yallı rəqsini əlaltıları ilə birlikdə Paşinyan ifa etdi. Fransa kralı IV Henri katoliklərlə, özünün liderlik etdiyi huqenotların münaqişəsini yatırtmaq və paytaxta girmək imkanını qazanmaqdan ötrü öz məzhəbini dəyişdi və bu vaxt demişdi: “Paris messaya dəyər”. Messa katoliklərin bazar günü keçirilən mühüm dini mərasimidir. IV Henri sülhə nail olmaq üçün belə nəcib addım atdı. Ermənistan liderləri isə tam əks istiqamətdə hərəkət edib, iki xalq arasında qatı düşmənçiliyə yol açdılar və axırda ağır məğlubiyyət timsalında matəmlə üzləşdilər. Ona görə də onlara demək istəyirsən ki: “Matəminiz rəqsinizə dəyər”.

Erməni marginalları qonşu dövlətin suveren ərazisini ziyafət süfrəsi hesab edib, dəvət olunmadan oradakı dadlı təamları, nemətləri udmağa girişdilər. Lakin dar mədə bu qidanı həzm edə bilmədiyindən ağır cərrahiyyə əməliyyatı aparmaq zərurəti yarandı. Əməliyyat möhkəm zərbə xarakteri daşıdığından təcavüzkar işğal etdiyi əraziləri tərk etməyə məcbur oldu. Məqsəd təkcə mədəni deyil, sərsəm ideyaların məskəni olan beyinləri müalicə etmək idi. Xəstəlik müalicə olunmasa, hökmən məhvə aparır. Azərbaycan Ordusu həmin nəcib əməliyyatı olduqca ustalıqla həyata keçirdi, öz vəzifəsini şərəflə yerinə yetirdi. Xəstə çox zəifləmişdir, güclə nəfəs alır. Müalicənin ikinci məqsədinin nə qədər faydalı olduğunu isə zaman göstərəcəkdir. Ermənistan ordusunun özünə gəldikdə, o, elə ölümcül yara almışdır ki, əslində, onun bu adı daşıması da artıq şübhəli görünür, daha çox kəfənə bürünmüş cəsədi xatırladır. Kəfən isə yalnız dəfndən xəbər verir.

Qələbə düşmənə qarşı münasibəti də dəyişir, onlara artıq bədbəxt bir insan kimi yanaşılır. Abraham Linkolnun prezidentliyinin dörd ili ərzində gedən müharibə 9 aprel 1865-ci ildə Cənub Konfederatının məğlubiyyəti ilə nəticələndi. ABŞ-ın ərazi bütövlüyü qanlı döyüşlər hesabına qorunub saxlanıldı, prezidentin də başlıca niyyəti məhz Birliyi bərpa etmək idi. Linkoln müharibədən sonra cənublulara düşmən kimi deyil, vahid dövlətin vətəndaşları kimi baxır, onların kütləvi qaydada əfv edilməsini istəyirdi. Azərbaycan rəhbərliyi də öz dövlətinin vətəndaşı kimi respublika ərazisində yaşayan ermənilərin insan haqlarına hörmətlə yanaşılacağını vəd etmişdir. Prezident İlham Əliyev də dünənki düşmənlərə Qay Yuli Sezarın öz əleyhdarlarına qarşı clementia – mərhəmət hissi ilə yanaşmaq qaydasında olan kimi hərəkət etməyi vacib sayır və bu, həm də Azərbaycan Respublikasının vətəndaşlığının cazibə qüvvəsini artırır.

Müharibənin nəticəsinin ən başlıca şərti erməni qatı millətçilərinin ondan lazım olan ibrət dərsini götürmələridir. Qoy onlar bir daha öz bədbəxt xalqını ağır və üzücü sınaqlara məruz qoymasınlar. Onların iyrənc niyyətləri bir daha baş tutmamalıdır, yaxşı olar ki, onlar belə zərərli əməlləri ilə xalqı yenidən ağır bəlalara məruz qoymasınlar.

Ordumuzun qələbəsini biz uzun müddət gözlədik və sevincli anları yaşamağımızla öyünürük. Lakin biz ayıq düşüncə tərzimizi, sayıqlığımızı bir an da olsun itirməməliyik. Çünki bizə düşmən kəsilənlərin məkrinə yaxşı bələdik. Onların hördükləri hörümçək torundan gələcəkdə özümüzü qorumalıyıq, xalqın qanı hesabına keçdiyimiz ağır imtahanlar heç vaxt yaddan çıxmamalıdır, qazanılan zəfər əbədi xarakter daşımalıdır.

Hamısını Göstər

Related Articles

Back to top button