Türkiyədən Şuşa Bəyannaməsi XƏBƏRDARLIĞI – Mesaj kim(lər)ə?

“Türkiyə hər zaman Azərbaycanın yanındadır, məhz bu, Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biridir”.
Musavat.com qeyd edir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Prezident İlham Əliyevlə görüşündə deyib. İlham Əliyev də öz növbəsində Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərin daha da genişlənməsi işinə töhfə verdiyi bildirilib.

Yaxın Şərqdə eskalasiyaların olduğu və regionumuzda kövrək sabitliyin hökm sürdüyü bir vaxtda Türkiyənin vitse-prezidentinin Şuşa Bəyannaməsini yada salması təsadüfi sayıla bilməz. Bu sənəd tərəflərdən birinə hərbi təcavüz olduğu halda müttəfiq dövlətin onun köməyinə gəlməsini ehtiva edir. İran müharibə başlayandan Azərbaycana dron, Türkiyəyə ballistik raketlər buraxıb. Bu da müharibənin sərhədləri aşması və regional gərginliyə səbəb olma riski yaradır.
Bu baxımdan, vitse-prezidentin bəyannaməni vurğulaması bir mesaj sayıla bilərmi? Azərbaycan – Türkiyə müttəfiqliyi üçün hər hansı risklər, təhdidlər varmı?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqaza təsir edir. Onun sözlərinə görə, İrana olan hücumlar regiondakı dövlətləri də aktor olaraq fəallaşdırıb:
“Söhbət Türkiyə və körfəz dövlətlərindən gedir. Həmçinin, Rusiya da bu proseslərdə aktivdir. Region dövlətlərinin bu hadisələrdə rolu göstərir ki, bölgədə gərginlikdən istifadə edənlər ola bilər. Azərbaycan və Türkiyə bu cəhətdən ayıq-sayıqdırlar. Hər iki dövlət təhlükəsizliyinin təmin olunması üçün addımlar atmaqdadır. Nəzərə alsaq ki, İrandan hər iki ölkəyə hücum olub, bu da təhlükəsizlik tədbirlərimizi gücləndirməyi zəruri edir. Hörmətli Cevdet Yılmazın Şuşa bəyannaməsini yada salması da bizə xor baxanlara bir eyhamdır. Bununla demək istəyir ki, dünyada və regionda nə baş verməyindən asılı olmayaraq, iki qardaş dövlətin müttəfiqliyi qüvvədədir, hansı birimizə təhdid olacaqsa, dərhal birgə reaksiya veriləcək. Elə son olaraq Türkiyəyə dördnücü dəfə raket buraxılmasına görə Azərbaycan Müdafiə Nazirliyi İranın bu hərəkətini pisləyib. Yəni yaxşı və yaman günlərdə birlikdəyik, ən çətin sınaqlardan keçmiş və təcrübəyə malik müttəfiqlərik. Bu münasibətlərin özü də sınaqdan keçib”.

Hərbi ekspert Ramil Məmmədli isə hesab edir ki, Şuşa bəyannaməsi tarixi sənəddir və nə qədər əhəmiyyətli olduğunu gələcək nəsillər bizdən daha çox dərk edəcəklər: “Bu saziş Azərbaycana NATO-nun ikinci dövlətinin bir dayaq olmasıdır. Biz Putinlə Paşinyan görüşündə gördük ki, hələ də Qarabağdan danışırlar. Hərçənd müharibə 5 il əvvəl qurtarıb, sülh sazişi paraflanıb, yenə də Qarabağ liderlərin gündəliyində idi. Bu müzakirə bizə nəticə çıxarmağa əsas verir ki, ruslar və ermənilər gələcəkdə bu keçmiş münaqişəni yenidən alovlandırmağa cəhd edə bilər. Bu təhlükə olacağı halda isə Şuşa bəyannaməsi işə düşəcək və müttəfiq Türkiyə siyasi-hərbi dəstəyini verəcək. Ona görə də vitse-prezidentin çıxışında bu sənədi vurğulaması olduqca mühüm əhəmiyyət kəsb edir. Sadəcə. təcrübə göstərir ki, qonşularla əlaqələri yaxşılaşdırmalı və Türkiyə ilə müttəfiqliyi daha da gücləndirməliyik”.
Xatırladaq ki, Şuşa Bəyannaməsin Qurtuluş günü – 15 iyunda imzalanıb. Eyni zamanda, Qarabağ və Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edib.
15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan edib. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Emil Salamoğlu
Musavat.com



