Trampın İranı güc tətbiqilə hədələməsi – beynəlxalq hüquqla cinayət sayılan əməllərə qiymət veriləcək?

Şəmsəddin Əliyev: “Belə hallarda beynəlxalq hüquq çərçivəsində xüsusi məsuliyyət rejimi tətbiq olunur”

Məlum olduğu kimi, Donald Trump İranla bağlı bir sıra sərt bəyanatlar səsləndirib. Məsələn, o deyib ki, “bu gecə bütöv bir sivilizasiyanı məhv edəcəyik”, “İranı yerlə bir edəcəyik”, “İranı daş dövrünə qaytaracam” və s. Beynəlxalq hüquqda “güc tətbiqi ilə hədələmə” cinayət maddəsi mövcuddur. Eyni zamanda, Trampın biədəb ifadələrlə iranlıları aşağılamaq və İran xalqını təhqir etmək faktları da var.

Beynəlxalq hüquq baxımından, Trampın İranla bağlı bu cür bəyanatlarına gələcəkdə hüquqi qiymət verilə bilərmi? Hansı şərtlər altında belə bəyanatlar məsuliyyət yarada bilər?

Beynəlxalq hüquq baxımından Donald Trump kimi dövlət başçılarının sərt bəyanatları xüsusi şərtlərə görə qiymətləndirilə bilər. Sadəcə sözlərlə edilən hədələr adətən cinayət məsuliyyəti yaratmır, amma əgər bu bəyanatlar real hərbi əməliyyat imkanları ilə birləşirsə, “güc tətbiqi ilə hədələmə” çərçivəsində beynəlxalq tribunal və ya Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırıla bilər. Təhqir və aşağılayıcı ifadələr isə birbaşa hüquqi məsuliyyət doğurmur, amma insan hüquqları və diskriminasiyaya qarşı beynəlxalq kontekstində siyasi və diplomatik tənqid obyektinə çevrilə bilər. Ümumilikdə, belə bəyanatlar daha çox siyasi, diplomatik və tarixi qiymətləndirmə üçün əsas yaradır, hüquqi məsuliyyət yalnız bəyanatların əməli addımlar və real təhdid potensialı ilə birləşdiyi halda yaranır.

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər” qəzetinə bildirib ki, beynəlxalq hüquq hamılıqla tanınan normalara əsasən dövlətlərarası münasibətləri tənzimləmək üçün qarşılıqlı razılaşma əsasında yaradılan hüquq normalarının məcmusudur. Onun sözlərinə görə, beynəlxalq hüququn ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu normalar dövlətlər tərəfindən ümumi şəkildə qəbul olunur və hər bir dövlət üzərinə götürdüyü öhdəlikləri vicdanla, onlara xələl gətirmədən yerinə yetirməlidir.

Ekspert qeyd edir ki, beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq münasibətləri tənzimləyən və dövlətlərin davranışlarını istiqamətləndirən normativ əsaslardır. Onlardan ən vacib 10 prinsipi aşağıdakılardır:

Dövlətlərin suverenliyinə hörmət prinsipi

Dövlətlərin bərabərliyi prinsipi

Ərazi bütövlüyünə hörmət prinsipi

Dövlətlərin daxili işlərinə qarışmama prinsipi

Mübahisələrin dinc yolla həlli prinsipi

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi

Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi

Hüquqi bərabərlik və ədalət prinsipi

İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi

Dövlətlər arasında əməkdaşlıq və davamlı inkişaf prinsipi

Onun sözlərinə görə, 1975-ci ilə qədər bu prinsiplərin sayı 7 idi. Həmin il Helsinki Yekun Aktı qəbul edildi və bununla da prinsiplərin sayı 10-a çatdırıldı. Əlavə edilən prinsiplər əsasən insan hüquq və azadlıqları ilə bağlı idi. Bu prinsiplər sırasında “güc tətbiq etməmək”, “mübahisələrin dinc yolla həlli”, “daxili işlərə qarışmama” və “hüquqi bərabərlik və ədalət” prinsipləri ilk qəbul edilən fundamental prinsiplər sırasına daxildir.

Ekspertin fikrincə, İranla bağlı son hadisələrdə yalnız ABŞ deyil, koalisiyada iştirak edən digər dövlətlər də “güc tətbiq etməmək” prinsipini pozublar. O bildirir ki, bu cür hallarda beynəlxalq hüququn əsas prinsiplərinin pozulması bir neçə dövlət tərəfindən eyni vaxtda həyata keçirilə bilər və bu da onların birgə məsuliyyətini yaradır.

Ş.Əliyev bildirir ki, BMT Baş Assambleyasının 1974-cü ildə qəbul etdiyi qətnaməyə əsasən “güc” dedikdə bir dövlətin digər dövlətə qarşı hərbi vasitələrlə təzyiq göstərməsi başa düşülür. Bəzi hüquqi ədəbiyyatlarda isə bu anlayış daha geniş şərh olunaraq iqtisadi və ideoloji təsir vasitələrini də əhatə edir.

Bu prinsipə görə aşağıdakı hallar beynəlxalq hüquqa zidd hesab olunur:

– başqa dövlətin ərazi bütövlüyünü pozmaq məqsədilə güc tətbiqi

– beynəlxalq mübahisələrin, o cümlədən ərazi və sərhəd mübahisələrinin güc yolu ilə həllinə cəhd

– güc tətbiqi ilə hədələmə

– qeyri-nizami silahlı qüvvələrdən istifadə.

Bu kimi hallarda dövlət beynəlxalq hüququn müvafiq prinsiplərini pozmuş sayılır və məsuliyyətə cəlb oluna bilər.

Güc tətbiqi eyni zamanda silahlı təcavüz kimi qiymətləndirilir. Silahlı təcavüz – bir dövlətin digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq etməsi və ya bu cür hərəkətlərlə hədələməsidir. Məsələn, bir dövlətin digər dövlətin ərazisini bombalaması, limanlarını blokadaya alması və ya silahlı hücum həyata keçirməsi silahlı təcavüz hesab edilir.

Ş.Əliyev vurğulayır ki, beynəlxalq hüquqda “beynəlxalq hüquqi məsuliyyət” anlayışı da mühüm yer tutur. Bu, dövlətin və ya digər beynəlxalq hüquq subyektinin beynəlxalq hüquq normalarını pozması nəticəsində yaranan və həmin pozuntunun aradan qaldırılması, zərərin ödənilməsi və hüquqi nəticələrin bərpasını nəzərdə tutan məsuliyyətdir. Bu institut beynəlxalq hüququn ən mühüm mexanizmlərindən biridir.

Beynəlxalq məsuliyyətin hüquqi əsasları aşağıdakılardır:

1. Beynəlxalq öhdəliyin mövcudluğu

2. Hüquq pozuntusu (beynəlxalq delikt)

3. Əməlin dövlətə aid edilməsi

4. Zərərin yaranması

5. Səbəb-nəticə əlaqəsi

Yəni öhdəlik, pozuntu, aidiyyət, zərər və səbəb-nəticə əlaqəsi birlikdə beynəlxalq məsuliyyət yaradır.

Ekspert bildirir ki, dövlətin hüquqi məsuliyyəti onun öhdəliklərinin pozulması nəticəsində yaranır. Bu baxımdan beynəlxalq məsuliyyətin hüquqi əsası hər hansı normanın mövcudluğu deyil, həmin normanın pozulmasıdır. Yəni dövlət güc tətbiq etməməli olduğu halda bunu edirsə, silahla hədələməməli olduğu halda hədələyirsə və ya öhdəliklərini yerinə yetirmirsə, bu zaman beynəlxalq məsuliyyət meydana çıxır.

O qeyd edir ki, beynəlxalq hüquq pozuntusunun müəyyən edilməsi üçün iki əsas cəhət vacibdir:

obyektiv cəhət – dövlətin əməli beynəlxalq öhdəliyi pozmalıdır

subyektiv cəhət – həmin əməl dövlətə aid edilməlidir

Bundan əlavə, əməl qəsdən törədildikdə məsuliyyət daha da ağırlaşır.

Ş.Əliyev müasir beynəlxalq hüquqda beynəlxalq cinayət anlayışına da toxunaraq bildirir ki, beynəlxalq cinayət beynəlxalq hüququn əsas prinsiplərini və ümumbəşəri dəyərləri kobud şəkildə pozan, bütün beynəlxalq ictimaiyyət üçün təhlükə yaradan və fərdlərin beynəlxalq səviyyədə cinayət məsuliyyətinə səbəb olan əməllərdir.

Bu cinayətlərin əsas xüsusiyyətləri:

– beynəlxalq xarakter daşıması

– bütün beynəlxalq ictimaiyyətə zərər vurması

– fərdi məsuliyyət yaratması

– ağır hüquq pozuntuları olması

Əsas növləri:

– soyqırım (genosid)

– insanlıq əleyhinə cinayətlər

– müharibə cinayətləri

– təcavüz cinayəti

Ekspert vurğulayır ki, dövlətin beynəlxalq cinayəti sosial-hüquqi hadisə kimi bir sıra əlamətlərlə xarakterizə olunur. Bu cinayətlər beynəlxalq birliyin həyati maraqlarını əks etdirən öhdəliklərin pozulması və bəşəriyyət üçün sülhə təhlükə yaradılması hallarında meydana çıxır.

İkinci mühüm əlamət odur ki, bu pozuntular ciddi xarakter daşımalıdır. Məsələn, təsadüfi bir hadisə nəticəsində obyektə zərər dəyməsi dövlətin beynəlxalq cinayəti hesab edilmir. Söhbət öhdəliklərin kobud və sistemli şəkildə pozulmasından gedir. Eyni zamanda, həmin əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət kimi tanınması da əsas şərtdir.

Ş.Əliyev bildirir ki, bu gün Yaxın Şərqdə beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə açıq şəkildə zidd hərəkətlər edilir. Onun fikrincə, ABŞ və müttəfiqləri tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar planlı və məqsədyönlü xarakter daşıyır. Bunun nəticəsində isə suveren dövlət olan İran öz sərhədləri daxilində zərər cəkir və əhali arasında itkilər baş verir ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir.

O, qeyd edir ki, belə hallarda beynəlxalq hüquq çərçivəsində xüsusi məsuliyyət rejimi tətbiq olunur. Bu rejim adi hüquq pozuntularından fərqlənir. Əgər adi hallarda əsas məsələ dəymiş ziyanın ödənilməsidirsə, beynəlxalq cinayətlər zamanı bundan əlavə, təcavüzkar dövlətin suverenliyinin müəyyən dərəcədə məhdudlaşdırılması da mümkün olur.

Məsələn, İraqın Küveytə qarşı təcavüzündən sonra BMT Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsi ilə İraqın suverenliyinə ciddi məhdudiyyətlər tətbiq olunmuşdu.

Ekspert əlavə edir ki, beynəlxalq cinayətlər zamanı yalnız dövlət deyil, həmin cinayətlərin törədilməsində iştirak edən və ya göstəriş verən vəzifəli şəxslər, ali rəhbərlik və digər aidiyyəti şəxslər də beynəlxalq cinayət məsuliyyəti daşıyırlar. Bu, xüsusilə müharibə cinayətləri və dinc əhaliyə qarşı törədilən əməllərlə bağlı hallarda özünü göstərir.

O, həmçinin xatırladır ki, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən müharibə qurbanlarının və dinc əhalinin müdafiəsi təmin edilməlidir. Bu normaların pozulması ağır hüquq pozuntusu hesab olunur və cinayət hüququ qaydasında təqib edilə bilər.

Sonda Ş. Əliyev qeyd edir ki, beynəlxalq hüququn effektivliyi onun prinsiplərinə əməl olunmasından asılıdır və bu prinsiplərin pozulması həm dövlətlər, həm də fərdlər üçün ciddi hüquqi nəticələr doğurur.

Akif NƏSİRLİ

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button