Qalib tərəfin yaraları ağrımaz!

Rəvayət edirlər ki, Makedoniyalı İskəndərin ətrafı döyüşlərin birində məsləhət verirlər ki, qələbə istəyirsə düşmən düşərgəsinə gecə vaxtı hücum etsin. Sərkərdənin cavabı qısa olur: “Mən qələbəni oğurlamaq istəmirəm”

30 il ayrılıq həsrətində ağı deyən, işğal altında tapdalanan ərazilərimiz Silahlı qüvvələrimizin əsil rəşadəti və cəsarəti sayəsində Azərbaycana  qovuşub  rahatlandı. Bu, Demokratik Azərbaycanın tarixində tarixi bir qələbə idi. Qədim Afina Sərkərdələrinin məharətinə xas  ifadə etsəm, Ordumuzun zəfəri- Silahlı Qüvvələri Komandanlığının düşünülmüş hərbi taktika və strategiyasının, döyüş bacarığı və qabiliyyətinin ölümdən qorxmadan icraya yönəldə  bilməsinin nəticəsidir…

Azərbaycan ordusu və dövlətimizin diplomatiyası Ermənistanı PARTER vəziyyətində saxlamağa məcbur etdi.(klassik və sərbəst güləş zamanı hakim iki nəfərdən birini qaydanı pozduğuna görə parter vəziyyətində-dizləri bükülmüş, əllərinin  yerdə olması haqda hakimin qərarı )Düşmən tərəf hələ də o vəziyyətdədir. Azərbaycan zəfər paradını, düşmən tərəf isə matəm “paradı”keçirtdilər…

Təbii, birlik və intizam olan yerdə həmişə qələbə var! Hər iki faktor qələbənin anasıdır-deyərdim. Döyüşçülərimiz ölümdən qorxmadılar, qələbəni qanları bahasına qazandılar. Qanları ilə azad etdikləri torpaqlarımızda qanları ilə də “Qarabağ Azərbayc…” yazmağa ömür bəs etdi… Üzülürəm ki, ONLAR bu günü bizə bəxş etsələr də, bir yerdə ola bilmədik, zəfər gününü görmədilər… Tanrı  44 gün ərzində əzab və əziyyət, itkilər və ağır yaralarla qazanılan qəhrəmanlıqlarını Özü dəyərləndirsin! Məmurlarımız ŞƏHİD ailələrinin və qazilərimizin ehtiyaclarını şübhə yox ki, imkanları daxilində ödəyəcəklər. Biz, O, İgidlərin hesabına arxada yaşaya bildik və yaşayırıq! Bunu unutmaq cahillikdir!… Bütün bunlar Zəfər Paradını  labüdləşdirdi.

Zəfər Paradında azərbaycan Silahlı qüvvələrinin 3000 nəfərdən çox şəxsi heyəti,150-dən çox müasir texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Müdafiə sistemlərinin, həm də ordumuzun döyüş zamanı götürdükləri qənimətlər nümayiş etdirildi.

Zəfər Paradının keçirilməsində əsas məqsəd bizi sevməyən qüvvələrin hissiyyatına toxunmaq yox, xalqımızın keçmişi ilə müasirliyini, nəsillər arasında tarixi əlaqələri əbədiləşdirmək, qəhrəmanlarımızı-qaliblərimizi və müasir hərbi texnikanı, Azərbaycan xalqının, Türklərin döyüş qabiliyyətini nümayiş etdirmək olub… Başqa məqsədlər də var…           

Tarixdə qələbə paradlarının keçirilməsi ilə bağlı vikipedik məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, ilk hərbi parad Moskvanın “QIZIL MEYDAN”ında, Böyük Oktyabr Sosialist İnqlabının 24-cü ildönümü münasibətilə 7 noyabr 1941 –ci il səhər saat 8:00-da başlamışdı. İkinci Dünya Müharibəsi davam edirdi. Qələbə paradına 1 saat,1 dəqiqə 20 saniyə vaxt sərf edilmişdi. Beləliklə, ordunun keçidi üçün 5 dəq, çıxış üçün 5 dəq, atəşfəşanlığa 1dəq. 20 saniyə, piyadalar üçün 30 dəq, süvarilərə 3 dəq, qoşqudakı artilleriyanın nümayişi üçün 5 dəq, tanklara 10 dəq və s… vaxt ayrılmışdı. Stalinin mühafizə rəisi Vlasik Nikolay həmin vəziyyəti belə xatırlayır: “Əvvəlcə parad yalnız Moskva meydanlarında radio vasitəsilə translyasiya olunmalı idi. Lakin, Ali Komandanın tapşırığı əsasında parad bütün dünyaya yayıldı…”

 Xatırlatmaq yerinə düşərdi ki, paradda 20 batalyondan ibarət 5520 nəfər könüllülər də iştirak (40 min nəfərin iştirakı planlaşdırılmışdı) edirdilər. Tədbirlər planı “Moskva hərbi qarnizonunun əməliyyatı”adı altında təmamilə məxfi hazırlanmışdı. Paradın çəkilişi barədə hər hansı bir tapşırıq hələ verilməmişdi…

“…1941 –ci ilin 7 noyabr günü şaxtalı bir hava idi. Kinostudiyanın həyətində çoxlu insanlar toplaşmışdı. Paradın olması barədə hər hansı bir məlumat və yaxud olacaqdısa meydana daxil olmaq üçün heç kimə buraxılış vəsiqəsi verilməmişdi. Veriləcəkmi?-bilinmirdi. Birdən kimsə həyacanla məlumat verir: “Ordu Qızıl meydana yaxınlaşır, parad olacaq!”…Hamımız Qızıl meydana sarı üz tuturuq…”(Çəkilişə hazır olan Teodor Bunimoviçin xatirələrindən.)

 Oktyabr Sosialist İnqlabının 24-cü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi təsadüfi deyildi. Hitler Almaniyasının Moskvanın işğalı ilə bağlı həyata keçirdiyi “Tayfun”əməliyyatının məqsədi Moskvanı tutmaq və 7 noyabrda-hərbi paradın keçiriləcəyi gündə nasist ordusunun paradını məhz Qızıl meydanda keçirməsindən ibarət olub… Stalinə bu barədə kəşfiyyat məlumatı daxil olmuşdu. Lakin,“Tayfun”adı ilə tanınan hərbi plan reallaşmadı! “Stalin planı” Hitleri bloklaya bildi…

Tarixi xatirələrə görə noyabr ayının 4-5-ində, Almaniya nasist ordusu Moskvanın bir neçə km-dən şəhəri intensiv atəşə tutub bombalayırdı. Kreml üçün təhlükəli və fövqaladə bir vəziyyət yaranmışdı. Paytaxt sakinləri panikada idi. Stalini Kremli mütləq tərk etməyə inandırmışdılar. Kremlin müvəqqəti olaraq Kuybışev şəhərinə köçürülməsinə qərar verilmişdi. Müəssisələrin də Kuybışevə kütləvi “evakuasiyası”davam edirdi. Kremlin ətrafında fuqaslı-yüksək zirehdələn mərmilər partlayırdı.

Q. Jukovun əmri ilə sovet aviasiyası 5 noyabrda alman hava limanlarını bombardman etsələr də, 6 noyabrda 250 alman təyyarələri paytaxtı atəşə tutdular. Sovet Zenitçilərinin və HHQ-nin pilotlarının sayıqlığı nəticəsində almanlar məqsədlərinə çata bilmədilər. Nasistlərin 34 lyutvaff maşınları mahir qırıcılar tərəfindən vurulduqdan sonra qısa sabitlik yarandı… Lakin, paytaxtdakı hərbi durum arzuolunan deyildi. Bütün bunlara baxmayaraq Moskva HHQ-i hərbi paradın keçirilməsi zamanı təhlükəsizliyin təmin olunmasına zəmanət verirdilər.

“…Stalin onun üçün hazırlanmış təhlükəsizlik bunkerinə-Kuybışev şəhərinə getməyə hazırlaşırdı. 6 noyabrda Vaqzala gəlir, birlikdə getməli olan heyəti nəzərdən keçirdikdən sonra birdən fikrini dəyişib geri –Kremlə qayıdır. Həmin günü Oktyabr inqilabının 24-cü ildönümü münasibətilə təntənəli yığıncağın keçirilməsini bəyan edir. “7 noyabrda Qızıl meydana gedirik”, həyəcanlı ifadələrdən hamı çaşbaş qalmışdı. Nə baş verdiyini heç kim anlamırdı. Mən Kremldə, SSRİ Xalq Komissarları Sovetinin şöbə müdiri ola-ola, heç nədən xəbərim yox idi…”(Mixail Smirtyukovun xatirələrindən)

Sovet Silahlı Qüvvələri Ali Baş Komandılığının Qızıl meydanda paradın keçirilməsinə israr etməsi insanların şüurlarında- “Belə bir ağır, düşmənin Kremlin divarları önündə döyüşdüyü bir vaxtda, Oktyabr İnqilabının ildönümü təntənəli şəkildə qeyd olunursa, deməli hər hansı bir təhlükə artıq yoxdur, sovuşub” fikrini təsdiqləyirdi… Son dərəcə təhlükələli hərbi vəziyyətə baxmayaraq hərbi parad 1 saat, 1 dəqiqiqə 20 saniyə davam etdi… Parad hərbi qulluqçuların və əhalinin mənəvi ruhunun gözlənilməz dərəcədə yüksəldilməsinə təsir etdi. Oktyabr paradı gözlənilməz olsa da, cəbhədə və arxa cəbhədə olanların- “Moskva Hitler Almaniyasının təpədən–dırnağa silahlanmış ordusunun hücumuna duruş gətirə bilər” ehtimalını gerçəkləşdirdi…

İkinci parad isə 9 may 1945-ci ildə yenə Moskvanın “QIZIL MEYDAN”ında Hitler Almaniyası faşist ordusunun SSRİ, Böyük Britaniya və ABŞ koalisiya ordusu tərəfindən darmadağın edilməsinə həsr olunan və bütün sülhpərvər qüvvələrin dünyaya nümayiş etdirilən qələbə paradı idi… Hər il Qızıl Meydanda (digər qəhrəman şəhərlərdə) 9 may Qələbə Bayramı münasibətilə hərbi parad keçirilir…  

Prinsip etibarı ilə Bakı, Ermənistanın ermənizm-nasist ordusu üzərindəki qələbənin təntənəli şəkildə qeyd edilməsini vacib hesab etdi. Bu, bizim haqqımız idi. Azərbaycan ordusu vətən müharibəsini zəfərlə başa vurmuşdu. Bu əzəmət və şücaətin dünyaya nümayiş etdirilməsinə zərurət yaranmışdı. Zəfər paradı həm ordumuzun, həm də vətəndaşların mənəvi və vətənpərvərlik ruhunun yüksək olduğunun əyani sübutu idi. Dünya, Azərbaycan ordusunun hərbi taktika və manevrlərini, modern hərbi arsenalını və təchizatını, döyüşçülərimizin cəsarət və şücaətlərini, qəhrəmanlıqlarla zəngin döyüş bacarıqlarını, vətən uğrunda canını fəda etməyə hazır olanları, XXI əsrin döyüşçülərini və döyüş modellərini canlı gördü. Müasir Beynəlxalq aləm düşmənin hələ də nasist xislətə köklənməsinin, Azərbaycan döyüşçülərinin əzəməti qarşısında tab gətirməyib çoxlu sayda və milyonlarla  dollarlıq hərbi arsenalının (hətta dövlət və hərbi hissənin bayraqlarını atıb qaçırdılar) qənimət kimi götürməyimizin şahidi oldular. Ona görə, kimin necə düşünməsindən və nə deməsindən asılı olmayaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tarixdə olmuş hərbi paradlara uyğun ZƏFƏR Paradının keçirilməsini zəruri saymışdı… Xalq və hər zaman yanımızda olan Türkiyə, Pakistan, dövlətimizə siyasi simpatiyası olan İsrail və Əfqanıstan dövlətləri də bu addımı alqışla, haqqımızdır-deyə qəbul etdilər.

10 dekabr-Zəfər paradı günü tarixdə qardaş Türkiyə ilə Azərbaycan Xalqının  milli vahidliyinin  simvolu kimi də yad ediləcək. Hər birimiz Vətən müharibəsində ordumuzun qəhrəmanlıq və igidlik səhnəsi ilə yanaşı, ağır sınaqların, faciələrlə davam edən itkilərin də şahidi olduq. Bütün bunlar qələbəyə inamı və ümidi, daha çox vətən uğrunda gözlərini qırpmadan və ölümdən qorxmadan düşmən üstünə hayqıraraq getməyi təsdiqləyən, hamının görə bildiyi və artıq hamıya bəlli tarixi faktlar idi.

44 günlük Vətən Müharibəsində qardaş Türkiyə Cumhuriyyətinin mənəvi və diplomatik dəstəyi cəsur döyüşlərimizə İlahi güc bəxş etdi. Türkiyənin və Pakistan İslam Respublikasının  hər an yanımızda olması döyüş meydanında şəhid olan övladlarımızın ruhuna, qazilərin yaralarına və qəlblərdəki ağrılara məlhəm qoydu.

Ağır döyüşlərdə cəsur övladlarımızın göstərdikləri hərbi məharət gələcək nəslə həmişə görk və nümunə olacaq.

Təqvimdə 2020-ci ilin 8 noyabr günü hər il Zəfər Günü kimi qeyd olunacaq. Qeyd etdiyimiz Respublika Günü, 12 noyabr Konstitusiya və digər əlamətdar günlər bundan sonra 10 dekabr Zəfər Paradının şəfəqləri ilə əlvan  rəngə boyanacaq. Ermənistanın nasist ordusu üzərindəki qələbə hər il göz yaşları ilə xatırlanacaq, övladlarımızın şərəf gətirən anları bir daha unudulmayacaq… Kişilik, mərdlik və əsl qəhrəmanlıq nümunəsi ilə düşmənə tarixin ibrət dərsi verildi! Hələ düşmən uzun illər döyüşçülərimizin Samuraylara xas qəhrəmanlıqlarından vahimədə yaşayacaq, qorxulu xatirələri paylaşacaqlar…

Bu gün, xalqımızın əfsanəvi, lakin işıqlı və aydın zəfər günüdür. Hər evdə, azad olunmuş ocaqlarımızda əminlik var, qələbə ilə öyünür,“Artıq hər şey bitdi!…” deyirlər.

Qaliblərin yaraları ağrımaz-deyirlər. Şəhidlər verdik, yaralı qazilərimiz var. Qalib tərəf kimi heç bir ölkədə müharibəni arzulamırıq. Biz, müharibənin ağrı və acısını təkrar-təkrar daddıq. 44 gün ərzində 2783 can vətənə qurban etdik. 2783 övlad, ər-igidlər itirdik. Nə qədər məsum körpələr atasız böyüyəcək, çoxlu sayda uşaq oyuncaqları “ata müştərilərini” gözləyəcək!? Məktəbə gedən bu uşaqların ataları yanında olmayacaqlar… Qapılar döyülməycək… Qapını açıb “atam gəldi” qışqıran olmayacaq… Neçə nişan üzükləri mücrülərdə  sahibini gözləyəcək. O mücrülər açılmaz. Atalar şəhid oğullarına toy edəcəkdilər… Xonçalardakı nişan üzükləri “qıvrılıb sarı ilantək” şəhid atasına baxacaq…Ürəklər dağlanacaq… Bəy bacıları, nişanlı qızlar məzar daşlarını bəzəyəcəklər… Allah, Allah!.. “Belə toy heç kimə qismət olmasın,Ya rəbbim, heç kimə!” Ağırdır, çox ağırdır… Bu da bir imtahan oldu, bizim üçün, düşmənlərə isə cəhənnəm odunu xatırlatdıq!

”Ata toy edəcək şəhid oğluna…Toyda kövrələcək ürəyi daş da… Öğlunun şəklini bəy əvəzinə, Ata oturdacaq yuxarı baçda.” (Kamal İskəndər. Kultur.az)

Bundan sonra Vətən Müharibəsi ilə bağlı xatirələri paylaşacaq, igid döyüşçülərin  qəhrəmanlıqlarına filmlərdə, sənədli çəkilişlərdə  baxıb heyrət edəcəyik, şəhidlərimizə ağlayar, sızılayarıq… Amma nə yaxşı ki, ağrılarımız zəfərlə bitdi. Qarabağ Azərbaycanın  oldu!

Şəhidlərimizə türkü (ağı mənasında) söyləyən günlərimiz də hələ çox olacaq… Şəhidlər ölümü ilə qələbəni  (açığını  deyim, bəzən Qarabağın qaytarılacağına şübhə ilə yanaşırdıq) bizə bəxş edib, Everest zirvəsindən də uca, mələklərin fəth edə bilmədiyi üfüqə ucaldılar. Tanrı dərgahında  xatirələri həmişə uca tutulacaq.

Ehtimal etdiyimiz, yuxularda gördüyümüz gerçəkləşdi. Bu,ağır itkilərlə başa gəlsə də əbədiləşdi, qəhrəmanlıqla o dünyaya köç edənlərə Uca Rəbbimizdən rəhmət diləyib, ruhları qarşısında səcdəyə qapılırıq… Kim bu gün, ailəsinin yanında, iş başında və ayaq üstə durursa yuxarıda Allah, aşağıda canını vətən uğrunda qurban edən igid döyüşçülərimizin cəsarəti hesabınadır. Onların şəhidliyi, əzalarını itirməklə Azərbaycan səması  aydın və təmizdir. İşğalçılığa nöqtə qoyuldu. Bundan sonra  günəşi də “qara buludlar” örtməz, torpaqlarımıza şəfəq saçacaq. Torpaq günəşin hərarətilə vəcdə gəlib, ŞƏHİD GÖVDƏLƏRİNİ bitirəcək, heyrət(edəcəyik) doğuracaq!..

Bəzən göz yaşlarıyla, kövrələ-kövrələ, bəzən də qəh-qəhlə bir-birimizə “Zəfər Günümüz Mübarək!” səslənirik. Qoy, hər gün xalqımız üçün zəfər, səadət və şən anlar gətirsin!

Zəfər günü toplardan, ağır artilleriyadan, qumbaralardan açılan səsləri susdurdu… Zaman daha tələsmir. Daha çəkiclər yavaş vurulacaq, dəmirçi körüyü yavaş basacaq ki, şəhidlərin ruhuna toxunmasın, oyanmasınlar… Rahat olsunlar, rahat…Sakitliyə  riayət etməklə səssiz-səmirsiz onları yad edək…

 Müharibə qorxusu artıq arxada qaldı. Körpələr daha mərmi partlayışlarından  oyanmaz, yuxularda hıçqırmazlar… Artıq dəmir yumruq kimi birlik nümayiş etdiririk. Dövlət başçısının  “Mən özüm çox yaxşı bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır!”-kəlamına hörmətlə yanaşaq.

Zəfər günü Ulu Tanrının Azərbaycan Xalqı üçün göydən endirilən İlahi süfrə qədər dəyərli, bərəkətli və müqəddəsdir, zəngin tapıntı və milli sərvətimizdir. Rəbbimiz bu qələbəni Türk Dünyasının hər bir şəhərində, sənayesində, bilik sahəsində, siyasi və diplomatiya, bir sözlə bütün sahələrdə nəsib etsin! Qoy daha ağrılar ürəklərə yük olmasın, qəlblərdə də qələbə  marşı səslənsin! İztirablara son qoyulsun! İgidlərimizin mərdliyi, cəsurluğu, cəsarət və qəhrəmanlıqları, canlarını qurban verməklə qazanılan qələbə heç vaxt və heç kim tərəfindən unudulmasın!

Qoy qələbə ruhu hər birimizin  ürəyini coşdursun, xalqı irəliyə, yalnız irəliyə aparsın! Qoy, bütün dünyada həmişə sülh olsun!…

…İnsan həyatı qədər qiymətli heç nə yoxmuş. Ya Rəbbi! Ürəkləri dağlayan anaların göz yaşları, gənc ailələrin, sevgililərin sınıq taleləri bir daha təkrarlanmasın!

Tanrı müharibə dəhşətləri, düşmən vəhşiliyi və qorxusuyla, ağrılarla bir daha dünyanı imtahana çəkməsin! Heç bir millət düşmən nifrətinə tuş gəlməsin, hüzn içində yaşamasın!

Dünya, Sənə səslənirəm, Sənə! Sülhü, millətlər arasında harmoniyanı qoru, dəyərləndir!  Həyata da dəyər ver, hər bir xalqın qəhrəmanlıq səlnaməsini müqəddəs say, Dünya! Millətlərin hissiyatına toxunmağa imkan vermə, yolunu azmışların yollarını blokla!

Sonda: Əziz həmvətənlər! Həyatda heç nə asanlıqla əldə edilmir. Məqsədə çatmaq üçün qurbanların verilməsi mütləqmiş…  Bəzən elə anlar yaşanır ki, arzularından imtina edib, hər şeyi  kənara qoymalı olursan. Belə anlarda nəyi necə əldə edə, nəyi itirə, nəyi qazana biləcəyinə əmin olandan sonra yoluna davam et. Qaydalara görə müvəffəqiyyətin dəyəri uğursuzluğun dəyərindən həmişə az olub. Günlər ötdükcə  anlayırsan ki,  əbədi heç nə yoxmuş. Ona görə, hər şeyi dəyərləndirməyi bacarmalıyıq, ona  ehtiyac var.

 Axı, həyat nazik bir ipə bənzər.(Bəlkə də həyatımız nazik bir ipdən asılı olub?) Bəzən o ipin qəfil qırılan vaxtı da olur. Ehtiyatlı olmaq gərək… İstəsək, hər şeyi gerçəyə çevirə bilərik…İstəsək!

“Həyatda səhvən heç nə baş vermir. Hətta, nasaz sandığımız, sınmış saatı da vecsiz əşya tək kənara tullamayaq, səbr edək. O sutka ərzində dəqiq vaxtı göstərə bilər…”

Biz, uzun zaman səbr etdik. Səbr Allahın gözəl adlarındandır. Meyvə də səbr ilə yetişəndə şəkər olur. Döyüşə indi başlamalı idik. Ona görə də ZƏFƏR günümüz(bütün üzüntü və ağrılarına rəğmən)indi  şəkər, bal dadır…

Tanrı yanımızda, Haqqın yanında olan dost ölkələri qorusun! Türkiyə-Azərbaycan qardaşlığını Öz dərgahında dərəcəyə çatdırsın! Şəhidlərimizi Rəhmətinə qovuşdursun, anaları ovundursun, qazilərimizin yaralarına məlhəm qoysun! Şəhid YADİGARLARININ-mələk körpələrinin baxtlarını Rəhmanlığı xatirinə Özü versin! Amin!                                                                          

Şəmsəddin Əliyev

Hüquqşünas-publisist

Hamısını Göstər

Related Articles

Back to top button