Ağdamdakı qətlin bəzi təfərrüatları məlum olub – YENİLƏNDİ

Hadisə ailə münaqişəsi zəminində baş verib.
Bu sözləri Teleqraf-ın Qarabağ bürosuna qətlə yetirilən Zakir Hüseynovun qohumu Şahnaz Əliyeva bildirib.
Onun sözlərinə görə, hadisədən gecə saat 3 radələrində xəbər tutublar. Zakir Hüseynov ağır bıçaq xəsarətləri ilə təcili tibbi yardım avtomobilinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Şahnaz Əliyeva deyib ki, mərhuma bir neçə bıçaq zərbəsi endirilib: “Yaralını təcili tibbi yardıma qoydular, elə oradaca keçindi”.
O həmçinin hadisənin ailə münaqişəsi zəminində baş verdiyini iddia edib.
Onun sözlərinə görə, mərhumun qızı həyat yoldaşı ilə mübahisədən sonra ata evinə qayıdıb: “Beş uşaqları var. Son günlərdə qızın döyüldüyünü, qolunun, ayağının və belinin xəsarət aldığını deyirdi. Qız da qaçıb ata evinə gəlib”.

***
08:46
Ağdam rayonunda kürəkənin qayınatasını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisədən əvvəl Eldəniz Qənbərovun həyat yoldaşı ailədaxili mübahisədən sonra ər evindən çıxaraq ata evinə gedib.
E.Qənbərov həyat yoldaşını geri qaytarmaq üçün qayınatasının evinə gəlsə də, qadın onunla getməyə razı olmayıb. Qayınatası Zakir Hüseynov isə kürəkəninə qızının 2-3 gün ata evində qalmasını, sakitləşdikdən sonra məsələnin həllinə baxılmasını təklif edib.
İlkin məlumata görə, bundan əsəbiləşən E.Qənbərov gecə saatlarında qayınatasının yaşadığı evə gəlib. O, pəncərədəki qoruyucu toru cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan Z.Hüseynova bıçaqla xəsarətlər yetirib. Zakir Hüseynov aldığı xəsarətlərdən həyatını itirib.
Məlumata görə, Eldəniz Qənbərov daha əvvəl də, eləcə də sonuncu mübahisə zamanı həyat yoldaşına fiziki zor tətbiq edərək xəsarət yetirib.
E.Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.
***
07:04
Ağdam rayonunda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Səfərli qəsəbəsində qayınatasını qətlə yetirən Eldəniz Elşən oğlu Qənbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Eldəniz Qənbərov mübahisə zəminində qayınatası, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı araşdırma davam etdirilir.
***
06:30
Ağdam rayonunda qətl hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov mübahisə zəminində qayınatası, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayıb.
Zakir Hüseynov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.







