“Rusiyada yeni səfərbərlik dalğasının reallaşması ehtimalı getdikcə artır” – Siyasi şərhçi

Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan iddialar fonunda yenidən böyük miqrasiya dalğasının yaranacağı ehtimal olunur. 2022-ci ildə olduğu kimi, bu prosesin əsas istiqamətlərindən birinin Cənubi Qafqaz olması gözlənilir. Azərbaycana da müəyyən sayda Rusiya vətəndaşının gəlməsi ehtimalı gündəmə gəlir.
Maraqlıdır, Rusiyada yeni səfərbərlik baş verərsə, bunun Azərbaycana ən mühüm təsiri nə ola bilər?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Aydın Quliyev açıqlama verib.

Siyasi şərhçi bildirib ki, Rusiyada yeni səfərbərlik dalğasının reallaşması ehtimalı getdikcə artır:
“Bu istiqamətdə Rusiyanın müəyyən addımlar atacağı gözlənilir. Rəsmi qurumlar isə 2022-ci ildə elan olunmuş qismən səfərbərlik rejiminin davam etdirildiyini bildirir və yeni ümumi səfərbərlik elan edilmədiyini, eləcə də belə bir addımın planlaşdırılmadığını vurğulayırlar.
Lakin proseslərin gedişi Rusiyanın yenidən ümumi səfərbərliyin yeni dalğasına başlaya biləcəyi ehtimalını gündəmdə saxlayır. Əgər bu ssenari reallaşarsa, Rusiyada səfərbərlikdən yayınanların kütləvi miqrasiyasının davam etməsi və hətta sürətlənməsi mümkündür. Lakin həmin axının əsas istiqamətlərindən birinin Azərbaycan olacağı o qədər də real görünmür.
Bunun əsas səbəblərindən biri Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətidir. Bişkekdə iki prezident arasında baş tutan səmimi görüşə və aparılan müzakirələrə baxmayaraq, dövlətlərarası münasibətlərdə mövcud gərginlik hələ tam aradan qalxmayıb. Azərbaycanda Rusiya vətəndaşları ilə bağlı məhkəmə prosesi davam edir.
Eyni zamanda, Rusiyada Azərbaycan diasporunun üzvlərinin həbsi və təqib olunması ilə bağlı xəbərlər də səngiməyib. Belə bir şəraitdə səfərbərlikdən yayınan şəxslərin ümumi axınının Azərbaycana yönəlməsi o qədər də inandırıcı görünmür.
Ən yaxşı halda, Rusiya vətəndaşları arasında əslən Azərbaycandan olan, yəni etnik azərbaycanlı müəyyən şəxslərin ölkəmizə gəlməsi mümkündür. Lakin ümumilikdə etnik rusların və Rusiya vətəndaşlarının səfərbərlikdən yayınmaq məqsədilə Azərbaycana kütləvi şəkildə axın etməsi hazırkı şəraitdə o qədər də real görünmür”.
Pərvin Şakirqızı
Polise.az



