İran Hörmüzdə 5 neft tankerinin məhv edilməsinə cavab olaraq Amerikanın 20 üzən obyektini bombaladı?..

Fars körfəzində ABŞ və İran arasında hərbi gərginlik pik həddə çatıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Amerika hərbi dəniz qüvvələrinə və onlarla əlaqəli ticarət gəmilərinə qarşı irimiqyaslı əməliyyat keçirdiyini elan edib.

Moderator.az İran və digər dünya KİV-ə istinadla xəbər verir ki, rəsmi Tehran Hörmüz boğazının “qadağan olunmuş və təhlükəli” elan edilən bölgəsindən keçməyə cəhd göstərən 2 Amerika döyüş gəmisini, 8 neft tankerini və qaydaları pozan daha 10 gəmini ballistik raketlərlə hədəf aldığını bəyan edib. Belə çıxır ki, İran eyni vaxtda Birləşmiş Ştatların 20 üzən obyektini vurdu…

İranın rəsmi xəbər agentlikləri bu addımın ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (“CENTCOM”) tərəfindən İrana məxsus 5 neft tankerinin məhv edilməsinə cavab olaraq atıldığını vurğulayır.

Tehran həmçinin ABŞ hərbçilərinə ev sahibliyi edən Küveyt və Bəhreyn limanlarındakı gəmiləri də hədəf alacağı ilə hədələyib.

Qərb mediası və ABŞ rəsmiləri isə hadisənin miqyasını fərqli şəkildə təqdim edirlər. Ağ Ev və “CENTCOM” təmsilçiləri İranın Amerika hərbi esmineslərinə zərbə endirmək cəhdlərinin uğursuzluqla nəticələndiyini, raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini və heç bir ABŞ hərbçisinin xəsarət almadığını bildirir. Eyni zamanda, regional müttəfiq olan İordaniya krallığı da öz hava məkanında İrandan gələn 20 ballistik raketdən 18-ni vurduğunu təsdiqləyib.

Qərb analitikləri ABŞ prezidentinin bölgədəki altı aylıq gərginliyə son qoymaq üçün həm hərbi, həm də iqtisadi təzyiqləri, o cümlədən İrana məxsus daha 27 aviaşirkətə qarşı yeni sanksiyaları işə saldığını vurğulayır.

Rusiya kütləvi informasiya vasitələri isə diqqəti daha çox hadisənin qlobal iqtisadi nəticələrinə yönəldib. Moskva ekspertləri qeyd edirlər ki, strateji əhəmiyyətli Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin itməsi dünya bazarlarında dərhal şok effekti yaradıb. Çatdırılma zəncirindəki risklər ucbatından boğazdan keçən yük gəmilərinin sayı kəskin azalıb və nəticədə Brent markalı neftin qiyməti son dörd gündə ardıcıl artaraq barreli üçün 100 dollarlıq psixoloji həddə yaxınlaşıb. Rusiya mətbuatı regional münaqişənin tammiqyaslı qlobal enerji böhranına çevrilə biləcəyi barədə xəbərdarlıq edir…

S.Laçın

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button