Nuru Paşadan İlham Əliyevə – Bakıdan Qarabağa uzanan Zəfər yolu

Bu gün Bakının qurtuluş günüdür!
108 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan əsgərləri ilə çiyin-çiyinə döyüşərək Bakını bolşevik-daşnak işğalından azad etdi.
Həmin gün yalnız Bakı qurtulmadı. Azərbaycan istiqlalı xilas edildi, milli dövlətimizin ürəyi yenidən döyünməyə başladı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdu. Ancaq Bakı hələ yad qüvvələrin əlindəydi. Milli hökumət Gəncədə fəaliyyət göstərirdi. Bakısız Azərbaycan vardı, amma Bakısız Azərbaycan istiqlalı yarımçıq idi. Çünki Bakı dövlətimizin başı, paytaxtı, siyasi və iqtisadi güc mərkəzi idi.
Məhəmməd Əmin Rəsulzadə və istiqlal mücahidləri bunu hər kəsdən yaxşı anlayırdılar. Bakı azad olunmasa, yenicə elan edilmiş dövlət də uzun müddət yaşaya bilməzdi. Azərbaycanın köməyə ehtiyacı vardı və millət üzünü ən güvəndiyi ünvana – qardaş Türkiyəyə çevirdi.
Səsimizə səs verən yenə Anadolu oldu.
Nuru Paşa gəldi!
O, Azərbaycana yad bir ordunun komandanı kimi gəlmədi. Qardaşının harayına yetişən türk övladı kimi gəldi. Qafqaz İslam Ordusunun əsgərləri bu torpaqları yad torpaq saymadılar. Azərbaycanın qurtuluşunu Türkiyənin, türk millətinin şərəf məsələsi bildilər. Döyüşdülər, şəhid oldular, qanlarını qanımıza, talelərini taleyimizə qatdılar.
Sentyabrın 15-də Bakı azad edildi. Nuru Paşanın şəhərə daxil olması sadəcə bir komandanın hərbi yürüşü deyildi. Bakı öz xilaskarını, Azərbaycan öz qardaşını qarşılayırdı.

O gün tarix bir həqiqəti bir daha yazdı: Azərbaycanın dar günündə yanında Türkiyə dayanır!
Əgər 28 May istiqlalımızın elan edildiyi gündürsə, 15 Sentyabr həmin istiqlalın xilas edildiyi gündür. Bakı qurtulmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin taleyi də qaranlıq olacaqdı. Buna görə Bakının qurtuluşu milli dövlətçilik tariximizin ən böyük və müqəddəs zəfərlərindən biridir.
Ancaq böyük zəfərlər tarix kitablarında qapanıb qalmır. Onların ruhu yaşayır, nəsildən-nəslə keçir və zamanı gələndə yenidən millətin taleyinə çevrilir.
1918-ci ildə Bakıda yaşadığımız türk qardaşlığını bir əsr sonra Qarabağda yenidən gördük. O zaman Nuru Paşanın əsgərləri Bakını qurtarmağa gəlmişdilər, 2020-ci ildə isə Azərbaycan əsgəri Şuşaya qalxaraq bir əsr əvvəl başlanmış Qurtuluş dastanının yeni səhifəsini yazdı. Onların arxasında isə yenə Anadolu vardı, Tayyib Ərdoğanın timsalında, Türkiyə dövləti vardı!

Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğalı, məğlubiyyət sindromunu və bizi torpaqlarımızın itirilməsi ilə barışdırmaq istəyən bütün siyasi hesabları 44 gündə darmadağın etdi; onun sarsılmaz iradəsi, dəqiq hesablanmış siyasəti və Ali Baş Komandan qətiyyəti Qarabağ Zəfərini mümkün etdi. Azərbaycan şəhidləri isə canlarını Vətən torpağına verərək Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımızın altına öz qanları ilə əbədi imza atdılar.
Bu iki həqiqət qarşısında hər bir azərbaycanlı baş əyməlidir.
Bakıdan Qarabağa uzanan müqəddəs bir Zəfər yolu var.
Bu yolun başlanğıcında Nuru Paşa, Məhəmməd Əmin Rəsulzadə, Qafqaz İslam Ordusu və Azərbaycan istiqlalçıları dayanır. Bu yolun davamında isə Prezident Heydər Əliyev, onun varisi İlham Əliyev, Azərbaycan əsgəri, şəhidlərimiz, qazilərimiz və Vətən müharibəsində yumruq kimi birləşən xalqımız var.
1918-ci ildə Bakı qurtuldu.
2020-ci ildə Qarabağ azad edildi.
2023-cü ildə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.
Biz artıq zəfərlərini yalnız tarix kitablarından oxuyan millət deyilik. Biz Zəfəri öz gözləri ilə görən, Şuşaya sancılan bayrağını canlı izləyən, Xankəndidə Azərbaycan Bayrağının yüksəlməsini yaşayan bir nəsilik. Biz işğal görmüş, səbir etmiş, güclənmiş və sonda düşməni öz torpaqlarından qovmuş bir millətik.
.jpg)
Bu, bizə nəsib olmuş böyük xoşbəxtlikdir. Həm də şəhidlərimiz qarşısında böyük məsuliyyətdir.
Bakının, Azərbaycanın qurtuluşu üçün bu torpaqlarda şəhid düşən türk övladlarını rəhmət və minnətdarlıqla anıram. Nuru Paşa başda olmaqla, şanlı Türk Ordusunun gəlmiş-keçmiş bütün zabitlərinə, əsgərindən generalına qədər hər birinə Allahdan rəhmət diləyirəm.
Hazırda da Azərbaycan üçün, Ordumuzun güclənməsi üçün böyük işlər görən, Vətən müharibəsində Qarabağı öz Vətəni bilən Türk Ordusunun mənsublarına, Bəxtiyar Ersay Paşanın timsalında bütün türk generallarına və zabitlərinə sonsuz sayğı və minnətdarlığımı ifadə edirəm.

Bir əsr əvvəl Nuru Paşanın Bakıda yandırdığı Zəfər məşəli Şuşada yenidən alovlandı. Azərbaycan Ordusu Qarabağı azad etməklə həm də Qafqaz İslam Ordusunun şəhidlərinə, istiqlal fədailərinə və tarix qarşısında haqqını gözləyən bütün türk dünyasına böyük bir salam göndərdi.
Tarix dəyişdi, zaman dəyişdi, nəsillər dəyişdi. Ancaq Azərbaycanla Türkiyənin qardaşlığı dəyişmədi.
Çünki biz iki ayrı dövlət ola bilərik, amma ağrımız da birdir, sevincimiz də, şəhidimiz də, Zəfərimiz də!
Yaxşı ki, Türkiyə var!
Yaxşı ki, Azərbaycan var!
Yaxşı ki, türk doğulduq!
Bakının qurtuluşunun 108-ci ildönümü qutlu olsun!
Bakının qurtuluşu da, Qarabağın azadlığı da, Azərbaycan–Türkiyə qardaşlığı da əbədi olsun!



