Bəzi əşyaları həbsxanada hazırlamaq olmaz – Qanun nə deyir? – VİDEO

Bəzi əşyalar var ki, onları cəzaçəkmə müəssisələrində hazırlamaq olmaz.
Polise.az bildirir ki, Oxu.az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu həmin əşyaların siyahısı ilə bağlıdır.
Hansı əşyaları həbsxanada hazırlamaq olmaz?
Sözügedən məsələ “Həbs yerlərinin daxili intizam Qaydaları” ilə tənzimlənir.
Həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunan əşyalar aşağıdakılardır:
– Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
– Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
– Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
– Güclü təsir edən dərman vasitələri.
– Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
– Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
– Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
– Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Bu siyahıda nəzərdə tutulmuş odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsi qanunsuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulub.
Bu qaydaların pozulmasına görə, məsuliyyət də müəyyənləşib.
Cinayət Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası verilə bilər.
Polise.az



