“Qardaş Türkiyənin bu çətin vəziyyətində Azərbaycanın ata biləcəyi iki addım var…”

“Hakan Fidanın məhz bu ərəfədə Suriyaya və ardınca Azərbaycana səfər etməsi də Məkkə ittifaqının çökməsinin bir təzahürü ola bilər…”
“Türkiyənin Xarici İşlər naziri Hakan Fidan dünən- sentyabrın 15-də Bakıya gəlib. Azərbaycan XİN-in məlumatına görə, iki qardaş ölkənin baş diplomatlarının görüşündə bir çox məsələlər müzakirə olunub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində son bir il ərzində əldə edilmiş mühüm irəliləyişlərdən tutmuş, bölgədə nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni enerji bağlantılarının yaradılması və regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə qədər müxtəlif məsələlər masaya yatırılıb. Hətta Orta dəhlizin açılması çərçivəsində Naxçıvan Muxtar Respublikasının hazırkı vəziyyəti də müzakirə mövzularından biri olub. Mənə ən çox maraqlı gələn mövzu isə görüş zamanı “Yaxın Şərq və digər bölgələrdə cərəyan edən hadisələr, mövcud münaqişələr və son geo-siyasi proseslər barədə geniş fikir mübadiləsi” aparılmasıdır”.
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib.
Həmsöhbətimiz fikrini onunla izah edib ki, Hakan Fidan Bakıya gəlməmişdən əvvəl Dəməşqə gedib və orada da öz suriyalı həmkarı ilə çox ciddi məsələləri masaya yatırıb:
“Hətta Türkiyənin bəzi media orqanlarının iddialarına inansaq, Hakan Fidanın Dəməşq səfəri əvvəlcədən planlaşdırılmamışdı və təcili xarakter daşıyırdı. Onun Dəməşqdən sonra dərhal Bakıya gəlməsi istər-istəməz bəzi müəmmalı sualları artıran xüsuslardandır”.
Siyasi şərhçi qeyd edib kİ, Hakan Fidanın Dəməşq səfəri sırasında Suriyanın ən azı 8 vilayətində başlayan iğtişaşlar da təsadüfə bənzəmir:
“Məlumata görə, Deyrəzordan tutmuş Hələbə qədər müxtəlif böyük şəhərlərdə keçirilən nümayişlərdə Suriya hökumətinin yanacaq qiymətlərini artırmasına etiraz edilib. Etirazçılar yanacaq tankerlərinə və hökumət qüvvələrinə hücum edib onlara xəsarətlər yetiriblər. Halbuki cəmi bir neçə ay əvvəl elə bu vilayətlərdə Əhməd əş-Şaranın çağırışı ilə ayağa qalxan ərəb əşirətləri kürd separatçılarının qurduğu hökuməti yıxıb Suriyanın suverenliyini bərpa etmişdilər. Başqa sözlə desək, bu vilayətlərin sakinləri əslində Suriyanın indiki hökumətinin sosial bazası, elektoratıdır”.
Heydər Oğuzun qənaətincə, son zamanlar Yəmən və Səudiyyə Ərəbistanında baş verən hadisələri də hesaba qatsaq, Suriyada ortaya çıxan iğtişaşların əsl səbəbini anlaya bilərik:
“Məlumdur ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının rəhbərləri bir müddət əvvəl – 7 avqust 2026-cı il tarixində Məkkədə toplanaraq, çox iddialı bir sazişə imza atmışdılar. Şərti olaraq “Məkkə sazişi” adlandırılan bu müqavilə xarici təcavüzlərə qarşı birgə mübarizəni nəzərdə tutur. Sazişin imzalanmasından əsasən iki dövlət narahat olmuşdu: İran və İsrail. Hər iki dövlət bu sazişin onlara qarşı bağlandığına inanırdılar və öz şübhələrində haqsız da deyildilər. Az keçməmiş hər iki dövlətin “Məkkə ittifaqına” qarşı dirənişinin şahidi olduq. Əvvəl İsrail döyüş təyyarələri Türkiyə sərhədlərinin 70 km-də yerləşən Əbu Zühur hərbi bazasını vurdu. Ardınca da İranın Yəmən və İraqdakı proksi qüvvələri Səudiyyə Ərəbistanının maraqlarını təhdid edən əməliyyatlara başladılar. “Həşdi-Şabi” Səudiyyə Ərəbistanının Bəsrə körfəzindən Qırmızı dənizə uzanan neft boru kəmərlərini vurub işləməz hala gətirdi. Yəmən Husiləri isə Bab-ül Məndəb boğazını ələ keçirib dünya dəniz ticarətinin taleyini öz əlinə aldı. Bu, Səudiyyə Ərəbistanının çörək ağacını kəsmək demək idi…
Məhz bu hadisələrdən sonra rəsmi Ər-Riyad bir çox müttəfiqlərindən yardım diləməyə başladı. ABŞ onun çağırışını geri çevirdi. Türkiyə də Husilərin bu hərəkətini quru bəyanatla tənqid etməkdən irəli getmədi. Pakistan isə yalnız Səudiyyə Ərəbistanına hücum olarsa, onu müdafiə edəcəyini bildirdi. Əlacı hər yerdən kəsilən rəsmi Ər-Riyadın İsrailə sığınmaqdan başqa çarəsi qalmadı”.
Həmsöhbətimiz qeyd edir ki, İsraildə dərc olunan media orqanları da Səudiyyə Ərəbistanının İsrailin yardımına göz dikdiyini yazırlar:
“İsraildə dərc olunan “The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ Mərkəzi Komandanlığının vasitəçiliyi ilə görüşüb və Ər-Riyad Təl-Əvivdən Husi hücumlarına qarşı dəstək istəyib. İsrailin “Hayom” qəzeti də bu məlumatı təsdiqləyib”.
Heydər Oğuzun fikrincə, Yaxın Şərqdə yaşanan bu hadisələr “Məkkə ittifaqının” artıq çökdüyünə dəlalət edir:
“Hakan Fidanın məhz bu ərəfədə Suriyaya və ardınca Azərbaycana səfər etməsi də Məkkə ittifaqının çökməsinin bir təzahürü ola bilər. Mümkündür ki, Türkiyə Suriyada əldə etdiyi siyasi dividentləri itirmək istəmir. Çünki bu, yenidən “PKK” ünsürlərinin fəallaşması və Suriyada vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxara bilər. Qardaş ölkənin bu çətin vəziyyətində Azərbaycanın ata biləcəyi iki addım var. Bunlardan biri Suriyadakı gərginliyin qarşısını almaq üçün onu təcili neft məhsulları ilə təmin etmək, digəri isə yəhudi lobbiləri ilə təmaslara keçib Türkiyəyə qarşı yönələn təzyiqləri azaltmaq. Təbii ki, bunlar mənim fərziyyələrimdir və nə qədər doğru olub-olmadığını zaman göstərəcək…”
Təqdim etdi:
Sultan Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button