Kürşad Zorlu: Dünya qlobal risklər, xaoslarla qarşı-qarşıyadır

Dünya qlobal risklər, xaoslarla qarşı-qarşıyadır, geosiyasi risklər artır, iqtisadiyyatlarda proteksionizm meyli güclənir.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O bildirib ki, yəni dünya, qlobal bir sınma və qeyri-sabitlik vəziyyəti ilə qarşı-qarşıyadır.
K. Zorlu hər bir ölkə üçün vacib olan strateji təhlükəsizlik məsələlərindən danışıb:
“Belə bir dövrdə hər bir ölkə üçün kənd təsərrüfatında milliləşməni təmin etmək, ərzaq təhlükəsizliyini ön plana çəkmək, etibarlı logistika və qlobal xətt çərçivəsində özümüzə məxsus bir marşrutu mövqeləndirə bilmək hər bir ölkə üçün artıq strateji bir təhlükəsizlik məsələsinə çevrilib. Həmçinin süni intellektdə öz milli doktrinamızla əməkdaşlığımızı artıra bilmək, müdafiə sənayesində dünyada fərqindəlik yaradaraq öz daxili resurslarımızı hərəkətə keçirə bilmək də bu məsələyə aiddir. Bu məsuliyyətlər dünyanın harasına baxsaq baxaq, regional əməkdaşlığı məcburi hala gətirir. Bizlər Türk dünyasının və bu geniş coğrafiyanın bir parçası olaraq tarixin, mədəniyyətin, dil birliyimiz başda olmaqla bizi ortaqlaşdıran amillərin bizə zəruri etdiyi bu yeni çağda güclü bir regional əməkdaşlığa çağırılırıq. Ölkələrin gücü yalnız sahib olduqları təbii sərvətlərlə və ya bugünkü milli gəlirləri ilə ölçülə bilməz. Əsl güc resursları bir-birinə bağlaya bilmək, bazarları inteqrasiya etmək, kapitalı hərəkətə keçirmək, texnologiyanı birlikdə dəyərləndirməkdir. Əsas da ortaq gələcək təsəvvürünə doğru irəliləyə bilməkdir”.
K. Zorlu deyib ki, bu gün TDT dediyimiz coğrafiyamız təxminən 200 milyon əhalisi, Avropa və Asiyanın mərkəzindəki mövqeyi, enerji resursları, insan kapitalı və istehsal gücü ilə dünyada yeni qlobal memarlığın öncülü olmaq potensialını daşıyır:
“Müşahidəçi üzvləri də nəzərə alsaq, ilin ilk rübünə görə 674 milyard dollara çatan bir iqtisadi həcmimiz var. Bunu illik ümumi göstərici kimi dəyərləndirdikdə 2,4 trilyon dolların üzərinə çıxmış vəziyyətdəyik. Bu da çox qısa zamanda dünyanın ilk 10 iqtisadiyyatından birinə çevriləcəyimiz mənasına gəlir. Türk dünyası artıq yalnız böyüyən bir iqtisadi coğrafiya deyil. O, qlobal ticarət, enerji və logistika balanslarında çəkisi artan strateji cazibə mərkəzidir. Artıq yalnız öz aramızda mal satmaq əvəzinə, birlikdə istehsal etmək, maliyyələşdirmək, daşımaq və texnologiya inkişaf etdirmək, dünyaya birlikdə açılmaq vaxtıdır. Bu nöqtədə Orta Dəhlizə xüsusi diqqət yetirməliyik. Qlobal riskləri azaltmaq baxımından Xəzər keçidli bu marşrut Şərq ilə Qərb arasında sürətli daşınma xətti təqdim etməklə yanaşı, Türk dünyasının qlobal iqtisadiyyata daha güclü inteqrasiyasını təmin edir”.
Polise.az



