Müctəba Xamenei haradadır – Həqiqətən hakimiyyətin sükanı onun əlindədir?

İranda ali rəhbər vəzifəsini tutmasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, Müctəba Xamenei hələ də Tehran küçələrində yalnız şəkillər və plakatlarda görünür, özü isə tamamilə gözlərdən uzaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” yazıb.
Mənbə bildirib ki, Tehran küçələrini sələfi və atası Əli Xamenei ilə birlikdə təsvir olunduğu nəhəng divar rəsmləri bəzəyir, tərəfdarları isə aksiya və yürüşlər zamanı şəkillərini qaldırırlar:
“Diqqətçəkən məqam isə odur ki, Müctəba vəzifəyə təyin olunduğu gündən bəri bir dəfə də olsun ictimaiyyət qarşısında görünməyib. Bu da ölkə daxilində getdikcə artan sual və şayiələrə yol açıb. Vəzifəyə gəldiyi gündən etibarən heç bir ictimai çıxışı olmayıb, hətta iyulda atasının dəfn mərasimində iştirak etməyib. Həmçinin heç bir foto, video və ya səsyazısı yayımlamayıb, yalnız dövlət televiziyasında yazılı bəyanatları səsləndirilib.
İran hakimiyyətinin bunun ABŞ və İsrailin Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxsləri hədəfə alan silsilə sui-qəsdlərindən sonra tətbiq edilən “ciddi təhlükəsizlik tədbirləri” ilə bağlı olduğunu iddia etsə də, bu izah iranlıların bir çoxunun şübhələrini aradan qaldırmayıb. Bir çox iranlı yeni ali rəhbərin taleyi ilə bağlı müxtəlif ehtimalları müzakirə edir. Bəziləri atasının iqamətgahını hədəfə alan hücum zamanı öldürüldüyünə inanır. Digərləri isə ictimaiyyət qarşısına çıxmasına imkan verməyəcək qədər ağır yaralandığını düşünür”.

Tehran sakini “Financial Times”a deyib: “Ya bombardmanda öldürülüb, ya da insanların önünə çıxarılmayacaq qədər yaralanıb. Yazılı bəyanatlara inana bilmirəm. Sağ olsaydı, heç olmasa bir videoçarx yayımlanardı”.
Nəşr yazır ki, qeyri-müəyyənlik iranlılar arasında çoxsaylı iddiaların yayılmasına səbəb olub:
“Bunlar öldüyünə dair inamdan tutmuş ölkənin işlərinin pərdəarxasında “xarici qüvvələr tərəfindən idarə edildiyi” iddialarına, hətta əvəzləmək üçün ona bənzəyən şəxslərin hazırlanması barədə qəribə şayiələrə qədər uzanır. Vətəndaşlarla hakimiyyət arasında etimad səviyyəsinin zəifləməsi fonunda şübhələr daha da artır və bu durum bir çox insanı rəsmi versiyaya daha şübhəli yanaşmağa vadar edir.
Analitiklər isə onun yoxluğunun müharibədən sonra İran rejimi daxilində daha dərin dəyişiklikdən xəbər verdiyini deyirlər. Onların fikrincə, ali rəhbərin mərkəzi rolu azalıb, SEPAH-ın nüfuzu isə yüksəlib və iranlıların bir çoxu artıq real qərarların məhz onun tərəfindən verildiyinə inanır.
Müctəba Xameneinin yoxluğu sələfləri ilə müqayisədə daha diqqətçəkən görünür. Məsələn, İslam Respublikasının banisi Ruhullah Xomeyni hakimiyyəti dövründə tez-tez iranlılara müraciətə adət etmişdi. Əli Xamenei isə televiziya ekranlarında müntəzəm, bəzən hətta hər həftə görünür və təxminən dörd onillik ərzində dövlətin siyasi-ideoloji istiqamətlərini müəyyən edən çıxışlar edirdi.
Bunun əksinə olaraq, Müctəba müharibədən əvvəl də diqqətdən kənarda idi. Həyatının böyük hissəsini dini mədrəsələrdə təhsil almağa və dərs deməyə sərf edib və geniş ictimaiyyət tərəfindən tanınmayıb. Hətta bir sıra yüksək rütbəli iranlı siyasətçilər belə onunla şəxsən heç vaxt görüşməyiblər. Onunla bağlı mövcud videomateriallar isə əsasən 1980-ci illərdə İran-İraq müharibəsi zamanı könüllü kimi iştirakına aid məhdud görüntülərdən ibarətdir.
Amma yoxluğuna baxmayaraq, Müctəba siyasi-dini məsələlərə dair bəyanatlar verməkdə davam edir. Bu bəyanatlarda yüksək vəzifələrə təyinatlar və daxili həmrəyliyə dair təkrarlanan çağırışlar yer alır. Hakimiyyət dairələrindən məlumatlı şəxslər isə ali rəhbərə birbaşa çıxışı olan insanların sayının son dərəcə məhdud olduğunu bildirirlər. Prezident Məsud Pezeşkian isə onunla görüşdüyünü açıq şəkildə bəyan edən yeganə yüksək vəzifəli şəxsdir.

Xarici ölkələrdə isə Müctəba Xameneinin hələ də öz vəzifələrini icra etdiyini və qərar qəbuletmə mərkəzlərinə nəzarət etdiyini ehtimal edirlər, baxmayaraq ki, o, hələ atasının sahib olduğu səviyyədə öz nüfuzunu möhkəmləndirməyib.
ABŞ Prezidenti Donald Trampın ötən ay verdiyi və hücum zamanı ali rəhbərin çox ciddi yaralandığını bildirdiyi açıqlama müxtəlif ehtimalların daha da güclənməsinə səbəb olub. İran Səhiyyə Nazirliyi isə onun xəsarətlərinin yüngül olduğunu və xəstəxanada 24 saatdan az qaldığını açıqlayıb”.
Məqalədə vurğulanır ki, bütün bunlar İranın getdikcə dərinləşən iqtisadi böhran yaşadığı vaxtda baş verir:
“İllik inflyasiya göstəricilərinin təxminən 90 faizə yaxın səviyyələrə yüksəlməsi, ABŞ-nin davam edən təzyiq və sanksiyaları fonunda vəziyyəti daha da ağırlaşdırır.
Tehranda işləyən, otuz yaşlarında olan qadın deyir: “Ərzaq qiymətləri hər gün qalxanda mənə elə gəlir ki, bu ölkənin əslində heç bir rəhbəri yoxdur. Əgər o sağdırsa, mənə öz qızı kimi baxmalı və yaşayış xərclərini artıq qarşılaya bilmədiyim üçün kədərlənməlidir”.
İslahatçı siyasətçi Məhəmməd Sadiq Cavadihesar isə hesab edir ki, belə iddiaların yayılması onların mütləq həqiqət olduğu demək deyil: “Bunun səbəbi daha çox cəmiyyətlə hakimiyyət arasında uzun illər ərzində yığılıb qalmış məyusluq və etimadsızlıqdır”.
Rejim tərəfdarları isə Müctəbanın görünməməsini üzləşdiyi təhdidlərlə əlaqələndirirlər. 29 yaşlı kompüter mühəndisi Zeynəb söyləyir: “Həyatını riskə ata bilmərik. Təhlükəsizliyinin tam təmin olunduğuna əmin olmadan heç bir səsyazısı və ya video yayımlamamalıdır”.

Cavadihesarın da fikrincə, dövlət institutlarının birliyini qorumağa davam etməsi və bu həssas mərhələdə qərarların qəbul edilməsi səhnəarxasında vəziyyəti idarə edən mərkəzləşdirilmiş rəhbərliyin mövcudluğundan xəbər verir.
İran hakimiyyəti isə yayılan çoxsaylı ehtimalların qarşısında Müctəbanın yaşadığını təsdiqləmək və səhhəti ilə bağlı yayılan şayiələri təkzib etməklə məşğuldur. Məsələn, Pezeşkian bildirib ki, o, ali rəhbərlə düz yeddi saat keçirərək yaşayış və məşğulluq, mənzil məsələlərindən tutmuş sanksiyalar və müharibəyə qədər müxtəlif əsas mövzuları müzakirə edib. İran Prezidenti Müctəbanın səhhətinin yaxşı olduğunu da vurğulayıb.
Rəsmi televiziya da onun yaxın çevrəsindən olan şəxslərlə müsahibələrə yer ayıraraq dini və şəxsi obrazını ön plana çıxarır. Hətta bu həftə qohumlarından biri Xameneinin britaniyalı rejissor Kristofer Nolanın filmlərini sevdiyini və həmin filmlərə həyat yoldaşı ilə birlikdə baxdığını iddia edib.
Bütün bunlara baxmayaraq, görünür, mübahisələr yaxın zamanda səngiməyəcək. Hakimiyyətə yaxın şəxslər qeyri-müəyyənliyin İrana xidmət etdiyini və düşmənlərini çaşqın vəziyyətə saldığını iddia etdikləri halda, sıravi iranlılar arasında dolaşan və hələ də qəti cavabı olmayan sual qalır: Müctəba Xamenei haradadır və həqiqətən hakimiyyətin sükanı onun əlindədir?”.



