Seçkidən sonra SƏFƏRBƏRLİK – “Z” ordusunda nə dəyişəcək?

“Rusiya hələ Ukraynanın əsas şəhərlərinə belə çata bilməyib. Rusiyanın həm iqtisadi, həm də insan resursları baxımından Ukraynadan əhəmiyyətli üstünlüyə malik olmasına baxmayaraq, Putin hətta ölkədə səfərbərlik elan edilsə belə, hərbi məqsədlərinə nail ola bilməyəcək”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda general Mixaylo Drapatının rəhbərliyi ilə cəbhədə müəyyən yenidən qruplaşma aparılır. “Müəyyən məqamda elə bir hədd yaranır ki, Putin başa düşməlidir: əvvəllər səfərbər etdiyi qüvvələrin hamısını, əlavə olaraq daha 100 min və ya 200 min əsgəri səfərbər edə bilər, amma bu, onun hətta taktiki məqsədlərinə belə çatmasına imkan verməyəcək”, – Petreus əlavə edib.
Əksər ekspertlərə görə, Dumaya seçkilərdən sonra Rusiya qeyri-rəsmi səfərbərliyə gedəcək. Baxmayaraq ki, rəsmi Kreml lideri yayılan məlumatları təkzib edib. Amma Rusiyanın hər gün verdiyi itkilərin miqyası artır, elit bölmələr sıradan çıxmaqdadır və bu da əlavə resursa zərurət yaradıb.
Rusiya səfərbərliyə getməklə cəbhədə vəziyyəti xeyrinə dəyişə bilərmi?
Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Rusiya üçün hərbi səfərbərlik cəbhədə qüvvə balansını müəyyən müddətə dəyişə bilər, amma bu avtomatik olaraq vəziyyətin onun xeyrinə dəyişəcəyi hesab edilə bilməz: “Əgər səfərbərlik yalnız piyada qüvvələrin artırılması ilə məhdudlaşmasa, artilleriya, PUA, elektron müharibə, kəşfiyyat və logistika imkanları ilə paralel aparılsa, Rusiya müəyyən istiqamətlərdə hücumların intensivliyini artıra bilər. Amma üçüncü və ən mühüm məsələ keyfiyyətdir. Böyük sayda insanı qısa müddətdə cəbhəyə göndərmək avtomatik olaraq böyük döyüş qabiliyyəti yaratmır”.
Onun fikrincə, Devid Petreusun arqumentinin maraqlı tərəfi də məhz budur ki, insan resursunun çoxluğu ilə hərbi məqsədə çatmaq eyni şey deyil: “Rusiya Ukraynadan demoqrafik və iqtisadi baxımdan böyükdür. Lakin müasir müharibədə əsgər sayından başqa PUA və əks-PUA sistemləri, artilleriya və sursat, dəqiq zərbə silahları, kəşfiyyat, rabitə və elektron müharibə, hava hücumundan müdafiə, logistika, zabit və serjant heyətinin keyfiyyəti, yeni gələn şəxsi heyətin hazırlıq səviyyəsi həlledici rol oynayır. Məhz buna görə Rusiyanın böyük ümumi səfərbərlik aparması cəbhədəki təzyiqi artıra bilər, lakin bu, Ukraynanın müdafiə xəttinin mütləq çökəcəyi demək deyil. Yüz minlərlə yeni əsgərin qısa müddətdə cəbhəyə göndərilməsi öz-özlüyündə Ukraynanın müdafiəsini yarmağa və müharibənin strateji nəticəsini dəyişməyə zəmanət vermir”.
Ekspert qeyd edib ki, 2026-cı ilin yayından Rusiya ordusunun könüllü müqavilə əsasında şəxsi heyət toplaması ilə cəbhədəki itkilər arasında fərq yaranıb: “ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun sentyabr qiymətləndirməsinə görə, Rusiya gündə orduya təxminən 1000-1200 nəfər cəlb edir. Ukrayna Baş Qərargahının məlumatlarına əsaslanan hesablamada isə iyulun əvvəlindən Rusiya qüvvələrinin gündəlik orta itkisi təxminən 1374 nəfər olduğu qeyd edilir. Bu rəqəmlər Rusiyanın hazırkı könüllü toplama mexanizminin itkiləri tam kompensasiya etməkdə çətinlik çəkdiyini göstərir”.
Etibar Seyidağa,
Musavat.com



