Polis iki gündə 39 kiloqramdan çox narkotik vasitə müsadirə edib

Polis əməkdaşlarının sentyabrın 19-da və 20-də keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində qanunsuz dövriyyədən böyük miqdarda narkotik vasitə, eləcə də odlu silah-sursat çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlar zamanı ümumi çəkisi 39,1 kiloqram olan narkotik vasitə aşkar olunaraq götürülüb. Eyni zamanda, kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki müsadirə edilib, yabanı halda bitən 1 347 ədəd çətənə kolu isə məhv olunub.
Bundan başqa, polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 2 avtomat silahı, 11 tüfəng, 2 patron darağı və 35 ədəd patron aşkar edərək götürüblər.
Müvafiq istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər qətiyyətlə davam etdirilir.
Polise.az



