ÇOXU XƏBƏRSİZDİR, MAAŞDAN ƏLAVƏ QAZANC… – Kimə, nə qədər pul düşür?

İşçinin iş günü bitdikdən sonra da işləməsi, bayram günündə işə çağırılması və ya gecə növbəsinə çıxması təəssüf ki, ölkəmizdə adi bir hal kimi qəbul olunur. Halbuki Azərbaycan Əmək Məcəlləsində bu məsələlərlə bağlı konkret qaydalar müəyyənləşdirilib. Belə ki, müəyyən hallarda iş vaxtından artıq görülən iş üçün işçiyə adi saatlıq əmək haqqının ən azı iki misli ödənilməlidir. Eləcə də gecə saatlarında və bayram günlərində görülən iş üçün də ayrıca əlavə ödəniş nəzərdə tutulur.

Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin normal iş vaxtından artıq işə cəlb edilməsi üçün, bir qayda olaraq, həm işəgötürənin əmri, həm də işçinin razılığı olmalıdır. Yəni, işəgötürən sadəcə iş gününün bitdiyini əsas gətirərək əməkdaşdan əlavə saatlar işləməyi tələb edə bilməz. Bununla belə, təbii fəlakət, istehsalat qəzasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi və tez xarab olan məhsulların itkisinin qarşısının alınması kimi xüsusi hallarda istisnalar mövcuddur.

Qanun əlavə işin müddətini də məhdudlaşdırır. İşçi ardıcıl iki iş günü ərzində ümumilikdə 4 saatdan artıq əlavə işə cəlb edilə bilməz. Ağır və zərərli əmək şəraitində isə bu hədd 2 saatdır. Burada vacib məqam ondan ibarətdir ki, overtime, yəni iş vaxtından artıq iş üçünödəniş əlavə istirahət günü ilə əvəz edilə bilməz. Bu halda qanun pul formasında əlavə haqq ödənilməsini nəzərdə tutur.

Bəs əlavə işə görə işçiyə nə qədər pul ödənilməlidir?

Əmək Məcəlləsinə əsasən, vaxtamuzd sistemində işləyən işçi üçün normal iş vaxtından artıq hər saat ən azı ikiqat saatlıq dərəcə ilə ödənilməlidir. Məsələn, saatbaşına qaza 5 manat qazanan işçi ay ərzində 3 saat əlavə işləyibsə, (5 × 3 × 2 = 30 manat-red.) ona 30 manat əlavə ödəniş edilməlidir.

Bəs bayram günlərində çalışanlar əlavə ödəniş ala bilərlərmi?

 

 

 

Bayram və digər iş günü hesab edilməyən günlərdə işləyən əməkdaşlar üçün isə ayrıca ödəniş qaydaları var. Saatlıq və ya işəmuzd sistemində çalışan işçilərə belə günlərdə görülən iş üçün gündəlik tarif maaşının ən azı iki misli ödənilməlidir.

Aylıq maaş alan işçilər üçün isə vəziyyət işlənən saatların aylıq normaya daxil olub-olmamasından asılıdır. Əgər bayram günü görülən iş aylıq iş vaxtı normasına daxildirsə, işçiyə əsas maaşdan əlavə gündəlik vəzifə maaşının bir misli ödənilir. Əgər həmin iş normadan artıq görülübsə, əlavə ödəniş gündəlik vəzifə maaşının iki misli hesablanır.

Gecə işləyənlərə əlavə pul verilməlidir

Gecə saatlarında görülən iş də əlavə ödəniş tələb edir. Belə ki, 22:00-dan 06:00-dək olan müddət gecə vaxtı hesab edilir. Bu saatlarda görülən işə görə saatlıq əmək haqqına ən azı 20 faiz əlavə ödənilməlidir. Məsələn, saatlıq əmək haqqı 5,95 manat olan işçi ay ərzində 40 saat gecə işləyibsə, (5,95 × 20% = 1,19 manat-red.) bu halda hər gecə saatına əlavə 1,19 manat düşür. 40 saat üçün isə əlavə ödəniş – 1,19 × 40 = 47,60 manat olur.

 

 

İqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya açıqlamasında bildirib ki, əmək hüquqlarının pozulmasına qarşı işçilərin etiraz etməməsinin əsas səbəblərindən biri iş yerlərini itirmək qorxusudur. Onun sözlərinə görə, bəzi hallarda rəhbərlik də məhz bu qorxudan istifadə edərək işçilərin hüquqlarını tələb etməsinə mane olur.

“İnsanlar öz haqlarını tələb edəndə işlərini itirə bilərlər deyə qorxurlar, çəkinirlər. Ona görə də öz haqlarını tələb etmirlər. Bu, doğru deyil. Çox yaxşı olardı ki, belə hallar tez-tez təkrarlananda kollektiv şəkildə Əmək Müfəttişliyinə şikayətlər etsinlər”, – deyə N.Cəfərli vurğulayıb.

İqtisadçı qeyd edib ki, pozuntuların təkrarlanması halında bir neçə işçinin birlikdə müraciət etməsi məsələnin araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi baxımından daha təsirli ola bilər. Onun sözlərinə görə, bu halda artıq iş saatlarına görə əlavə ödənişlərin hesablanması da təmin edilə bilər.

Əlavə işin pulu ödənilmirsə, hara müraciət etmək olar?

İşçi gördüyü əlavə işə görə qanunla nəzərdə tutulan ödənişi almadıqda ilk növbədə işəgötürənə yazılı şəkildə müraciət edə bilər. Bu müraciətin yazılı olması sonrakı mərhələlərdə işçinin əlində sübut kimi də istifadə oluna bilər. Məsələ həll edilmədikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək mümkündür.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button