Bərdədə avtomat silah və patronlar aşkarlandı, şübhəli saxlanıldı

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Polise.az



