Hulusi Kılıçdan Azərbaycan səfirliyi önündə aksiya keçirənlərə sərt ittiham: “Bunlar bizdən deyil, düşmənlərimizin maşasıdır!”

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Ankarada Azərbaycan səfirliyi və İstanbulda Baş Konsulluq qarşısında radikal dini qrupların keçirdiyi aksiyaları kəskin şəkildə pisləyib. Təcrübəli diplomat bu hərəkətlərin yalnız Azərbaycana deyil, Türkiyəyə də qarşı yönəldiyini bildirib.

Polise.az xəbər verir ki, Hülusi Kılıç son günlər Türkiyədə Azərbaycan əleyhinə təşkil olunan aksiyalara münasibət bildirərkən onların iki qardaş ölkə arasındakı münasibətlərə zərbə vurmaq məqsədi daşıdığını söyləyib.

Sabiq səfir açıqlamasında olduqca sərt ifadələr işlədib:

“Ankaradakı Azərbaycan səfirliyi və İstanbul Baş Konsulluğu qarşısında keçirilən nümayişləri şiddətlə qınayıram. Bunlarla bağlı lazımi hüquqi araşdırmanın aparılacağına inanıram. Səsləndirilən şüarları yalnız Azərbaycana deyil, Türkiyəyə qarşı atılmış şüarlar kimi qiymətləndirir və qınayıram.

Bu görüntülərdən də aydın olduğu kimi, bunlar bizdən deyil! Bunlar bizdən deyil, düşmənlərimizin maşasıdır. Bunlar daxildən bəslənən, Türkiyə və Azərbaycan qardaşlığını qısqanan çevrələrin oyunlarıdır. Bu oyun pozulacaq!”

Ankaradakı aksiyanı kimlər təşkil edib?

4ab3dcb0-6fcf-4d5a-84cc-488e5cd191cb.jpg (272 KB)

Xatırladaq ki, oktyabrın 13-də Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında radikal dini çağırışlarla müşayiət olunan aksiya keçirilib.

Aksiyanın təşkilatçısı “Köklü Değişim” platforması olub. Bu platforma Türkiyədə xilafət ideologiyasını təbliğ edən “Hizb ut-Təhrir” hərəkatı ilə əlaqələndirilir.

Səfirlik qarşısında keçirilən tədbirdə əsas çıxışı ilahiyyatçı-yazar Abdullah İmamoğlu edib. O, Azərbaycanda məktəbli geyimi ilə bağlı qəbul edilmiş qaydaları hicaba qarşı qadağa kimi təqdim edərək Azərbaycan hakimiyyətini sərt ifadələrlə ittiham edib.

İmamoğlu çıxışında “Raşidi Xilafət Dövləti”nin yaradılmasından danışıb, müsəlman ölkələrinin xilafət prinsipləri əsasında idarə olunmasını müdafiə edib.

Aksiya iştirakçıları “Tək dövlət, tək ümmət, tək həll – xilafət!” və Azərbaycan rəhbərliyini hədəfə alan digər şüarlar səsləndiriblər.

İstanbulda da oxşar aksiyalar keçirilib

Azərbaycan əleyhinə nümayişlər təkcə Ankara ilə məhdudlaşmayıb.

Oktyabrın 3-də İstanbulda Azərbaycan Baş Konsulluğu qarşısında hicab mövzusu ətrafında etiraz aksiyası təşkil olunub. Həmin aksiyada Azərbaycanın İsraillə münasibətləri də hədəfə alınıb.

Oktyabrın 13-də isə “Köklü Değişim” platforması İstanbulda növbəti etiraz tədbiri keçirib. Tədbirdə Azərbaycanın dünyəvi dövlət quruluşu və məktəbli geyimi qaydaları tənqid olunub.

Qeyd edək ki, Azərbaycanda məktəbli geyimi ilə bağlı qəbul edilmiş qaydalar bəzi radikal dini dairələr tərəfindən təhrif edilərək ölkədə hicabın bütövlükdə qadağan olunması kimi təqdim edilir. Halbuki söhbət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqindən gedir.

Hülusi Kılıçın sərt mesajı

Sabiq səfirin açıqlamasında ən diqqətçəkən məqam aksiyaların təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da yönəldiyini vurğulamasıdır.

Onun “Bunlar bizdən deyil, düşmənlərimizin maşasıdır” sözləri radikal qruplara ünvanlanmış sərt siyasi ittiham kimi qiymətləndirilir.

Xatırladaq ki, 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç son həftələrdə də Azərbaycan əleyhinə kampaniyaları dəfələrlə pisləyib.

Təcrübəli diplomatın son bəyanatının əsas mesajı isə aydındır: Türkiyə–Azərbaycan qardaşlığını hədəfə alan radikal qruplar Türkiyə xalqının mövqeyini təmsil etmirlər.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button