Bakı bulvarında restoran işlədən sahibkar: “Hər ay 7-8 min manat pul verirdik”

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində bulvarın dayacağında nəzarətçi olmuş Sərdar Səlimov ifadə verib.
O bildirib ki, rəsmi maaş almayıb: “Standart 400 manat əməkhaqqı alırdım, rəhbərimiz Natiq Hümbətov idi. O, maaşımızı əlbəəl verirdi. 2 il orda çalışdım. Axıra yaxın əməkhaqqı 50 manat qalxdı. Sonra səhhətimdə problem yarandı, ona görə işdən çıxası oldum. Dayanacaqda gündə 80-100 manat pul yığılırdı”.
İstintaqdakı ifadəsində isə Sərdar Səlimov qeyd edib ki, gündə 1000 manatdan çox pul yığılırmış. O, istintaqdakı ifadəsini təsdiqləməyib.
Digər şahid Azər Bəkirov qeyd edib ki, bulvarda kafelərin birində nəzarətçi işləyib: “Orda gəlib-gedənə nəzarət edirdim, 600 manat maaş alırdım. O vaxt işə düzəlməyim üçün İlqar müəllimdən qardaşım xahiş eləmişdi. 2020-ci ildən 2024-ci ilə qədər orada işlədim. Maaşını əldən alırdım, sənədə nə pul yazıblar, xəbərim olmayıb”.
Şahid Turxan Əlizadə deyib ki, sahibkarlıqla məşğul olub, bulvarda restoran işlədib: “2021-ci ildən fəaliyyətə başladım. Bulvar İdarəsi ilə müqavilə imzaladıq. Yay mövsümündə fəaliyyət göstərirdik. Müqavilə ilə ayrı məbləğ göstərilir, nağd onlara başqa məbləğdə pul verirdim. Şirkətinin əməkdaşları ilə pulu aparıb Fuad Babayevə çatdırırdıq. Müqavilədə pul az göstərilirdi. Biz həmişə onlarla əməkdaşlıq etmişik. Çünki yeni yer açılanda o işi biz götürürdük. Bu məsələnin hamısını İlqar müəllim həll edirdi. Hazırda bulvarda restoranlarım işləyir. İlqar müəllimin dövründə hər ay 7-8 min manat pul verirdik”.
Növbəti proses oktyabrın 21-də davam edəcək.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
Polise.az



