İsraildə gərginlik: Onlarla yəhudi hərbi obyektə hücum etdi – Həbs edilənlər var…

İsraildə məcburi hərbi xidmət ətrafında yaranan qarşıdurma yenidən alovlanıb. Ultraortodoks yəhudilər Bney-Brak şəhərində İsrail ordusunun hərbi qulluqçular üçün nəzərdə tutulan təlim proqramının yerləşdiyi binaya zorla daxil olmağa çalışıblar. Polis iki nəfəri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” və “The Jerusalem Post” nəşrləri, Qətərin “Əl-Cəzirə” kanalı, eləcə də Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 14-də onlarla ultraortodoks kişi və yeniyetmə Bney-Brak şəhərində yerləşən binaya daxil olmağa cəhd göstərib. Həmin binada İsrail Müdafiə Nazirliyinin himayəsində fəaliyyət göstərən və ultraortodoks yəhudilərin hərbi xidmətə hazırlanmasını nəzərdə tutan “Kodkod” proqramı yerləşir.
İnsident zamanı etirazçıların bir hissəsi binaya daxil ola bilib. Onların qapılara zərər vurduğu, lakin hərbi qulluqçuların yerləşdiyi sahəyə çatmadığı bildirilir. Polis və mühafizə əməkdaşları etirazçılarla qarşıdurmaya girib. Nəticədə iki nəfər saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hadisə sonradan nəzarətə götürülüb. İnsident nəticəsində xəsarət alanların olması barədə məlumat yayılmayıb.
Bəs qarşıdurmanın səbəbi nədir?
Gərginliyin əsas səbəbi İsraildə ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı uzun müddətdir davam edən mübahisədir. Dindar icmanın bir hissəsi hərbi xidmətin dini həyat tərzinə və Tövratın öyrənilməsinə mane olduğunu əsas gətirərək orduya getməyə qarşı çıxır.
“Kodkod” proqramı isə əsasən 23 yaşdan yuxarı, döyüş xidmətinə uyğun olmayan ultraortodoks kişilərin proqram təminatı, kiber-təhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə hazırlanaraq İsrail ordusunda xidmət etməsinə imkan yaradır.
İsrail mətbuatının yazdığına görə, hərbi xidmətə qarşı çıxan bəzi ultraortodoks qruplar bu proqramı da qəbul etmir. Onların etirazı yalnız döyüş xidmətinə deyil, dindar kişilərin hərbi sistemə və müasir əmək bazarına inteqrasiyasına qarşı mövqeləri ilə də əlaqələndirilir.
İsraildə hərbi xidmət böhranı dərinləşir
Ultraortodoks yəhudilərin hərbi xidmət məsələsi ölkənin ən mübahisəli siyasi və ictimai problemlərindən birinə çevrilib. İsrail Ali Məhkəməsi 2024-cü ildə dini məktəblərdə təhsil alan ultraortodoks kişilərin kütləvi şəkildə hərbi xidmətdən azad edilməsinə hüquqi əsas olmadığını bildirən qərar qəbul edib.
Bununla yanaşı, hökumətin hərbi xidmətlə bağlı güzəştləri qorumaq cəhdləri siyasi mübahisələri daha da gücləndirib. İsrail ordusunun canlı qüvvə ehtiyacının artması fonunda hərbi xidmət keçən vətəndaşlarla çağırışdan yayınanlar arasında narazılıq da dərinləşir.
“The Times of Israel” nəşrinin məlumatına görə, İsraildə 18–24 yaş aralığında olan təxminən 80 min ultraortodoks kişi hərbi xidmətə uyğun hesab edilsə də, orduya qoşulmayıb. Bu rəqəm nəşrin istinad etdiyi təxminlərə əsaslanır.
Bney-Brakda baş verən son hadisə göstərir ki, hərbi xidmət ətrafında yaranan mübahisə artıq siyasi debatlarla məhdudlaşmır, küçə qarşıdurmalarına və hərbi obyektlərə müdaxilə cəhdlərinə də yol açır.
Redaksiya qeydi:
“Əl Cəzirə”nın 15 oktyabr tarixli materialında hadisə “hərbi bazaya hücum” kimi təqdim edilsə də, İsrail nəşrlərinin ətraflı məlumatına görə, insident Bney-Brakda hərbi təlim proqramının yerləşdiyi ofis binasında baş verib. Buna görə xəbərdə hadisənin mahiyyətini daha dəqiq ifadə edən “hərbi obyektə müdaxilə cəhdi” formasından istifadə olunub.
S.Laçın
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button