İlham Əliyevin liderlik fenomeni: etimad və nüfuzun ümummilli gələcəyə çevrilməsi

Tarixdə elə siyasətçi və dövlət xadimləri var ki, onların fəaliyyətini yalnız tutduqları vəzifənin səlahiyyətləri ilə izah etmək mümkün olmur. Belə liderlərin ictimai-siyasi fəaliyyətinin miqyası ölkənin daxili həyatından kənara çıxır, dövlətin beynəlxalq mövqeyinə, regional proseslərə, hətta müəyyən mənada, qlobal siyasi gündəliyə təsir göstərir. Bu baxımdan Azərbaycanın müstəqillik tarixində Prezident İlham Əliyevin liderlik fəaliyyəti bənzərsizliyi və mükəmməlliyi ilə bütün dünyada diqqət mərkəzindədir.
Prezidentin siyasi fəaliyyətinin son iyirmi ildən artıq dövrünə nəzər saldıqda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın milli maraqlarının qlobal və regional proseslərlə paralel şəkildə nəzərdən keçirilməsidir. Enerji diplomatiyasından nəqliyyat layihələrinə, hərbi modernləşmədən beynəlxalq təşkilatlarla münasibətlərə, Qarabağ məsələsindən Türk dünyasının inteqrasiyasına, regional təhlükəsizlikdən qlobal iqlim gündəliyinə qədər geniş bir siyasi xəttin formalaşdığını görmək mümkündür.
Böyük siyasətin yaradıcı davamı
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra son dərəcə mürəkkəb geosiyasi mənzərə yaranmışdı. Bir tərəfdən ölkənin ərazi bütövlüyü pozulmuş, digər tərəfdən Cənubi Qafqaz böyük dövlətlərin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi məkana çevrilmişdi. Belə şəraitdə Azərbaycanın xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanırdı: dövlətin beynəlxalq mövqelərini möhkəmləndirmək və milli təhlükəsizliyin uzunmüddətli təminatı üçün siyasi, iqtisadi və hərbi imkanları genişləndirmək.
Ulu öndər Heydər Əliyevin qoyduğu bu istiqamətlər İlham Əliyevin prezidentliyi dövründə bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə inkişaf etdi. Enerji layihələri Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi. Nəqliyyat dəhlizləri ölkənin regional bağlantılarını gücləndirdi. Beynəlxalq təşkilatlarda fəallıq Azərbaycanın siyasi mövqelərinin ifadəsi üçün əlavə platformalar yaratdı. Ordu quruculuğu isə milli təhlükəsizlik siyasətinin mühüm istiqamətinə çevrildi. Bu proseslərin hər biri ayrıca araşdırma mövzusu olsa da, onları birləşdirən ümumi xətt milli maraqların uzunmüddətli perspektivdə qorunması idi.
Azərbaycanın müasir siyasi tarixində Qarabağ məsələsi xüsusi yer tutur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr münaqişənin beynəlxalq hüquqi çərçivəsinin mühüm sənədlərinə çevrilmişdi. Lakin qətnamələrin qəbul edilməsi ilə onların icrası arasında həm böyük məsafə, həm də problemə ikili və saxta yanaşma formatı yaranmışdı.
İllər keçdikcə, bu məsələ Azərbaycan diplomatiyasının əsas gündəliklərindən birinə çevrildi. Beynəlxalq kürsülərdə, ikitərəfli görüşlərdə, beynəlxalq təşkilatlarda və xarici media qarşısında Azərbaycanın mövqeyi ardıcıl şəkildə ifadə edilirdi.
Prezident İlham Əliyevin çıxışlarında bu məsələnin mühüm xəttini beynəlxalq hüquq təşkil edirdi. Azərbaycan rəhbərliyi münaqişənin həlli məsələsini BMT qətnamələri, ərazi bütövlüyü prinsipi və beynəlxalq hüquqla əlaqələndirirdi. Bu, yalnız diplomatik ritorika deyildi.
Uzun illər ərzində diplomatik mövqenin qorunması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və hərbi potensialın artırılması paralel şəkildə aparılırdı. Beləliklə, Azərbaycan üçün diplomatiya və hərbi hazırlıq bir-birinin alternativi deyil, bir-birini tamamlayan iki istiqamətə çevrildi.
“Qarabağ Azərbaycandır!” – fəal diplomatiyadan Zəfər yürüşünə
Qarabağ məsələsi ilə bağlı siyasi ritorikanın ən yaddaqalan ifadələrindən biri İlham Əliyevin 2019-cu ildə Davos kimi beynəlxalq tribunadan səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida!” fikri oldu. Bu ifadə həmin dövrün siyasi mühitində Azərbaycanın mövqeyini qısa və aydın şəkildə ifadə edən siyasi tezisə çevrildi. Bu tezisin qarşılığında Ermənistanın ozamankı rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini səsləndirməsi kimi saxta bir ritorikaya son qoydu.
2020-ci ilin sentyabrında başlayan müharibə isə siyasi bəyanatların real hərbi-siyasi nəticələrlə qarşılaşdığı mərhələ – 44 günün tarixə çevrildiyi zaman oldu və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində yeni səhifə açdı.
44 gün ərzində gedən döyüşlər Azərbaycanın hərbi potensialının, ordunun modernləşdirilməsi siyasətinin və yeni hərbi texnologiyalardan istifadənin nəticələrini ortaya qoydu. Lakin müharibəni yalnız döyüş meydanında gedən proses kimi qiymətləndirmək də düzgün olmazdı. Bu müharibənin bir də diplomatik və informasiya cəbhəsi var idi.
Dövlət başçısının həmin dövrdə dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm rol oynadı. BBC, CNN, “Al Jazeera”, “France 24”, “Le Figaro” və digər media qurumlarına verilən müsahibələrdə münaqişənin tarixi, beynəlxalq hüquqi aspektləri, Azərbaycanın mövqeyi və hərbi əməliyyatların səbəbləri izah edilirdi.
Burada diqqətçəkən məqam başqa idi. Azərbaycan Prezidenti beynəlxalq medianın qarşısına yalnız daxili auditoriya üçün hazırlanmış siyasi çıxışlarla çıxmırdı. O, müxtəlif ölkələrin jurnalistlərinin fərqli və sərt suallarına cavab verir, Azərbaycanın mövqeyini tarixi sənədlər və hüquqi arqumentlərlə izah edirdi. Beləliklə, müharibənin informasiya cəbhəsi də siyasi mübarizənin mühüm istiqamətlərindən birinə çevrilmişdi.
Ərazi bütövlüyünün və suverenliyin tam bərpası
Müharibə beynəlxalq diplomatiyanın əhəmiyyətini azalda bilmədi. Əksinə, hərbi əməliyyatlarla paralel şəkildə diplomatik əlaqələrin davam etdirilməsi regional və qlobal aktorların mövqelərinin nəzərə alınmasını tələb edirdi. Azərbaycanın hərbi əməliyyatları nəticəsində yaranan yeni vəziyyət Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat ilə rəsmiləşdirildi. Bu hadisə Cənubi Qafqazın siyasi xəritəsində mühüm dəyişiklik yaratdı. Müharibənin nəticələri ilə yanaşı, daha böyük bir proses də baş verdi: uzun illər ərzində formalaşmış status-kvo dəyişdi.
2020-ci ildən sonra Azərbaycanın qarşısında yeni bir məsələ dayanırdı: ölkənin bütün ərazisi üzərində dövlət suverenliyinin tam təmin edilməsi. 19–20 sentyabr 2023-cü il hadisələri bu prosesin növbəti mərhələsini formalaşdırdı. Azərbaycanın rəsmi mövqeyinə görə, keçirilmiş 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində dövlət suverenliyi və konstitusiya quruluşu bərpa edildi. 2024-cü ildə Prezidentin sərəncamı ilə 20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilməsi bu hadisənin dövlətçilik tarixindəki yerini rəsmiləşdirdi.
Beləliklə, Qarabağ məsələsinin inkişaf xəttinə bütöv şəkildə baxdıqda üç mühüm mərhələ görünür: diplomatik mübarizə – 1990-cı illərdən 2020-ci ilədək; hərbi-siyasi dönüş – 2020-ci il; dövlət suverenliyinin tam bərpası – 2023-cü il. Bu mərhələlərin hər biri Azərbaycanın müasir tarixinin ayrıca tədqiqat mövzusudur.
Postmüharibə quruculuğunun yeni modeli
Müharibəni qazanmaq bir mərhələdir. Müharibədən sonra qurmaq isə tamam başqa mərhələ. Prezident İlham Əliyevin planetar təfəkkürü və xalqımızı düşmənə qarşı mübarizədə birləşdirən çağırışları gerçəkliyə çevrildi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinin mahiyyətini də məhz bu kontekstdə anlamaq lazımdır.
Dağıdılmış şəhərlərin və kəndlərin yenidən qurulması, yolların salınması, hava limanlarının tikilməsi, elektrik və su infrastrukturunun yaradılması, məktəblərin və xəstəxanaların inşası, əhalinin doğma yurdlarına qayıdışının təmin olunması uzunmüddətli dövlət proqramlarının həyata keçirilməsini tələb edir.
“Böyük Qayıdış” proqramının əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsidir. Burada diqqətçəkən başqa bir məsələ isə yeni şəhərsalma modelidir. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və rəqəmsal idarəetmə kimi anlayışlar Qarabağın bərpasında yeni texnologiyaların tətbiqini gündəmə gətirir. Bu, əslində, keçmişi bərpa etməklə yanaşı, gələcəyi qurmaq cəhdidir.
Qarabağ müharibəsinin nəticələri yalnız Azərbaycan–Ermənistan münasibətləri ilə məhdudlaşmadı. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur dəhlizi ətrafında müzakirələr, Azərbaycan–Türkiyə əlaqələrinin yeni mərhələsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin intensivləşməsi Azərbaycanın regional siyasətinin yeni istiqamətlərini meydana çıxardı.
Azərbaycanın coğrafi mövqeyi bu prosesdə mühüm üstünlük yaradır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan son illərdə özünü yalnız enerji istehsalçısı deyil, həm də nəqliyyat və logistika mərkəzi kimi təqdim edir. Qarabağdan başlanan yeni siyasi mərhələ ölkənin daha geniş regional strategiyası ilə əlaqələndirilir. Bütün bu problemlərin həllinə mane olmaq istəyən qüvvələr, hətta güc dövlətləri belə Prezident İlham Əliyevin çıxışları qarşısında geri çəkilməli oldular.
Türk dünyası vahid regional ailədir
İlham Əliyevin xarici siyasətində Türk dünyası ilə münasibətlər xüsusi istiqamətlərdən biridir. Azərbaycanın Türkiyə ilə münasibətləri bu siyasətin əsas dayaqlarından biri olmaqla yanaşı, Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrin də genişlənməsi müşahidə olunur.
Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı bu prosesin ifadəsidir. 2021-ci ildə İstanbul Zirvə Görüşündə Türk Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi və “Türk dünyası – 2040” sənədinin qəbul edilməsi təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcını göstərdi. Artıq söhbət yalnız ortaq dil, tarix və mədəniyyətdən getmir.
Nəqliyyat, energetika, ticarət, rəqəmsal iqtisadiyyat, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi getdikcə genişlənir. Bu mənada, Türk dünyasının inteqrasiyası yalnız emosional və tarixi yaxınlıq məsələsi deyil, həm də XXI əsrin geoiqtisadi reallıqları ilə bağlı prosesdir. Və bu prosesdə Azərbaycan lideri İlham Əliyevin fenomen şəxsiyyəti və titanik fəaliyyəti aparıcı amillərdən biridir.
Azərbaycan dəyişən dünyada sabitlik adasıdır
İlham Əliyevin siyasi fəaliyyətini yalnız Qarabağ və Cənubi Qafqaz çərçivəsində araşdırmaq da kifayət etməz. Azərbaycanın son illərdə qlobal gündəmin mühüm məsələlərinə çıxması birbaşa İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. 2024-cü ildə Bakıda keçirilən COP29 bunun ən mühüm nümunələrindən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının Bakıda keçirilməsi Azərbaycanın iqlim diplomatiyası üçün mühüm beynəlxalq platformaya çevrilməsi ilə nəticələndi.
Bu hadisənin başqa bir mühüm tərəfi də var. Azərbaycan neft və qaz ehtiyatlarına malik ölkə olmaqla yanaşı, yaşıl enerji layihələrinin inkişaf etdirilməsi məsələsini də gündəmə gətirir. Deməli, enerji təhlükəsizliyi ilə enerji keçidi arasında yeni balans axtarışı Azərbaycanın beynəlxalq gündəliyində də öz əksini tapır. Bu məqam “planetar təfəkkür” anlayışının daha bir istiqamətinin göstəricisidir: milli maraqları qlobal problemlərlə əlaqələndirmək.
Bugünkü beynəlxalq münasibətlər sistemi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəbdir. Rusiya–Qərb münasibətlərindəki gərginlik, Yaxın Şərqdəki proseslər, Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, yeni nəqliyyat marşrutları və ABŞ–Çin rəqabəti dünya siyasətinin ümumi mənzərəsini dəyişir. Belə bir şəraitdə Azərbaycan üçün xarici siyasətdə manevr imkanlarının qorunması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan həm Rusiya, həm Türkiyə, həm Avropa İttifaqı, həm ABŞ, həm də Mərkəzi Asiya dövlətləri ilə müxtəlif formatlarda münasibətlər saxlayır. Bu siyasəti bir tərəfə bağlılıqdan daha çox çoxtərəfli əlaqələr sistemi kimi xarakterizə etmək mümkündür. Azərbaycanın coğrafi mövqeyi də belə siyasət üçün geniş imkanlar yaradır.
Liderliyin təməli və zirvəsi
İlham Əliyevin liderlik modelini yalnız onun çıxışları, beynəlxalq görüşləri, rəsmi səfərləri və siyasi bəyanatları əsasında qiymətləndirmək doğru olmazdı. Liderliyin cəmiyyət qarşısında görünən tərəfi, şübhəsiz ki, dövlət başçısının nitqləri, qəbul etdiyi qərarlar, beynəlxalq platformalardakı mövqeyi və ictimaiyyətə təqdim etdiyi siyasi mesajlardır.
Liderliyin görünməyən tərəfini dövlət aparatının fəaliyyəti, iqtisadi resursların idarə olunması, diplomatik korpusun işi, hərbi quruculuq, infrastrukturun inkişafı, insan kapitalına yönələn siyasət və strateji planlaşdırma kimi çoxsaylı amillər formalaşdırır. Başqa sözlə, siyasi liderin ortaya qoyduğu məqsədin real nəticəyə çevrilməsi yalnız siyasi iradənin ifadəsindən deyil, həmin iradəni həyata keçirə bilən mexanizmlərin mövcudluğundan asılıdır. Bu baxımdan liderlik bir şəxsin qərarlarından daha geniş məna daşıyaraq, dövlətin müxtəlif strukturlarını vahid strateji istiqamət ətrafında səfərbər edən idarəetmə mexanizmi kimi də nəzərdən keçirilə bilər.
Bu iki müstəvi – görünən siyasi kommunikasiya və görünməyən fəaliyyət – əslində bir-birindən ayrılmazdır. Dövlət başçısının beynəlxalq tribunadan səsləndirdiyi mövqenin təsir gücü onun arxasında dayanan diplomatik hazırlıq, iqtisadi imkanlar, institusional koordinasiya və uzunmüddətli dövlət siyasəti ilə tamamlanır. Eyni şəkildə, daxildə həyata keçirilən iqtisadi, sosial, hərbi və infrastruktur layihələri də ölkənin beynəlxalq mövqeyinə və xarici siyasət imkanlarına təsir göstərir.
Beləliklə, liderliyin görünən və görünməyən tərəfləri bir-birini tamamlayan, biri digərinin nəticəsini möhkəmləndirən vahid siyasi-strateji sistem yaradır. İlham Əliyev fenomeni bütün bunları birləşdirən və həyata keçirən faktlar kimi qiymətlidir.
Bu baxımdan İlham Əliyevin liderlik modelinin xüsusiyyətlərindən biri strateji məqsədlərin müxtəlif dövlət resursları ilə əlaqələndirilməsi kimi nəzərdən keçirilə bilər. Burada söhbət yalnız konkret qərarların qəbulundan deyil, həmin qərarların siyasi, iqtisadi, diplomatik, hərbi və institusional imkanlarla uzlaşdırılmasından gedir. Strateji məqsədin müəyyənləşdirilməsi ilə onun həyata keçirilməsi arasında uzun və mürəkkəb bir idarəetmə mərhələsi mövcuddur. Liderliyin real çəkisi də məhz bu mərhələdə – müəyyən edilmiş prioritetlərin ardıcıl siyasətə, siyasətin isə konkret nəticələrə çevrilməsi prosesində üzə çıxır.
Yeni zəfərlərə doğru
2020-ci il Azərbaycanın hərbi tarixində, 2023-cü il isə dövlət suverenliyi tarixində mühüm mərhələlər yaratdı. İndi qarşıda daha uzunmüddətli bir proses dayanır: əldə edilmiş nəticələrin dayanıqlı inkişaf modelinə çevrilməsi. Qarabağda yeni şəhərlər salınır, kəndlər qurulur, yollar çəkilir, beynəlxalq hava limanları istifadəyə verilir, enerji infrastrukturu yaradılır.
Bu proses Azərbaycanın qarşısında yeni suallar da qoyur: Qarabağın iqtisadi potensialı necə reallaşdırılacaq? Yeni nəqliyyat imkanları Azərbaycanın regional mövqeyinə necə təsir göstərəcək? Türk dünyası ilə inteqrasiya hansı yeni iqtisadi layihələri meydana çıxaracaq? Azərbaycanın enerji siyasəti yaşıl keçidlə necə uzlaşdırılacaq? Ölkənin yeni regional təhlükəsizlik sistemində rolu hansı istiqamətdə inkişaf edəcək?
Bu sualların cavabları yalnız bugünün deyil, Azərbaycanın gələcək onilliklərinin siyasi gündəliyini formalaşdırır. Və İlham Əliyev bir dövlət lideri kimi bu sualları özünün təklif etdiyi tədbirlər planında cavablandırır.
Etimad və nüfuz yeni dəyər qazanır
Prezident İlham Əliyevin liderlik statusu, ilk növbədə, Azərbaycanın milli maraqlarının dəqiq müəyyənləşdirilməsi və onların həyata keçirilməsi istiqamətində ardıcıl, məqsədyönlü və qətiyyətli siyasətlə şərtlənir. Bu liderliyin əsas göstəricilərindən biri milli maraqlara qarşı yönələn hər hansı mövqeyə prinsipial və adekvat münasibət göstərilməsidir.
Prezident İlham Əliyevin bir çox xarici dillərdə sərbəst ünsiyyət qurması da onun diplomatik fəaliyyətində mühüm üstünlüklərdən biridir. Uzaqgörənlik, beynəlxalq prosesləri qabaqcadan qiymətləndirmək, dünya siyasətində yaranan yeni çağırışları beynəlxalq kürsülərdən və media vasitəsilə diqqətə çatdırmaq onun liderlik fəaliyyətinin mühüm cəhətlərindəndir.
Bu liderlik, eyni zamanda, Azərbaycanın dövlət başçısı kimi milli ləyaqətin, dövlətçilik prinsipinin və siyasi iradənin bütün situasiyalarda qorunması ilə xarakterizə olunur. Müəyyən edilmiş problemlərin həlli prosesində səbir, ardıcıllıq və qətiyyət nümayiş etdirmək, qarşıya qoyulan məqsədlərə nail olmaq da liderlik statusunun mühüm göstəricilərindəndir.
Prezident İlham Əliyevin xarici siyasətində dost və tərəfdaş ölkələrə qarşı səmimi münasibət, qarşılıqlı hörmət və sədaqət, Azərbaycanın milli maraqlarına və inkişafına mane olmağa çalışan mövqelərə qarşı isə prinsipial və qətiyyətli münasibət xüsusi yer tutur. Bütün bu xüsusiyyətlərin məcmusu Prezident İlham Əliyevin liderlik statusunu formalaşdıran əsas siyasi, diplomatik və şəxsi keyfiyyətləri əks etdirir. Bu baxımdan onun liderliyi yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmır, həm də milli maraqların müdafiəsi, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və qarşıya qoyulan strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi ilə səciyyələnir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyevin siyasi fəaliyyətinə geniş zaman kəsiyindən nəzər saldıqda bir-birini tamamlayan bir neçə istiqamət görünür: milli maraqların prioritetləşdirilməsi, dövlət suverenliyinin qorunması, hərbi potensialın inkişaf etdirilməsi, diplomatik fəaliyyətin genişləndirilməsi, beynəlxalq informasiya məkanına çıxış, regional inteqrasiyanın gücləndirilməsi və qlobal gündəlikdə iştirak.
Qarabağ məsələsinin 2020-ci ildə yeni mərhələyə keçməsi və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində fundamental dəyişikliklər yaratdı. Lakin tarix burada bitmir. Əksinə, yeni mərhələ məhz bundan sonra başlayır. Qələbənin siyasi və hərbi nəticələrini davamlı sülhə, iqtisadi inkişafa, regional əməkdaşlığa və insanların doğma torpaqlarına qayıdışına çevirmək qarşıdakı əsas vəzifələrdəndir.
Azərbaycanın qarşısında duran əsas məsələ də bu mürəkkəb əlaqələr sistemində milli maraqları qorumaq, dövlət suverenliyini möhkəmləndirmək və yeni imkanları inkişaf strategiyasına çevirməkdir. Bu mənada, Azərbaycanın son iyirmiillik siyasi yolu yalnız Qarabağ Zəfəri ilə deyil, dövlətin qlobal dəyişikliklərə uyğunlaşması və öz geosiyasi imkanlarını genişləndirməsi prosesi kimi də araşdırılmağa layiqdir.
Tarix göstərir ki, dövlətlərin taleyini yalnız yaşadıqları hadisələr deyil, həmin hadisələrdən sonra qarşılarına qoyduqları məqsədlər müəyyən edir. Azərbaycan üçün yeni mərhələnin əsas sualı artıq “nəyi geri qaytarmaq?” deyil. Əsas sual “qazanılmış yeni reallıqları hansı gələcəyə çevirmək?” sualıdır. Bu sualın cavabının İlham Əliyevin milli və planetar təfəkkürünün, siyasi iradəsinin və uzaqgörənliyinin yeni uğurları ilə veriləcəyinə inanırıq.
Cahangir MƏMMƏDLİ,
BDU milli mətbuat tarixi kafedrasının müdiri, professor



