Ramiz Mehdiyev YAP-dan xaric edildi – YENİLƏNDİ

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.
Polise.az-ın əldə etdiyi məlumata görə, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.
Eyni zamanda partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədri postuna rəhbərlik edəcək şəxslər müəyyənləşib.
İclasda həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılıb və onun partiyadan xaric olunması ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və Veteranlar Şurasının üzvü idi. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.
Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.
***
13:05
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçiriləcək.
Polise.az-ın əldə etdiyi məlumata görə, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar veriləcək.
Partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.
İclasda eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılacaq.
Polise.az



